SON DƏQİQƏ

Hər gün yüksələn DOSTLUQ

Tarix:

30-04-2024, 09:51

/ 2 939 dəfə oxundu.
Hər gün yüksələn DOSTLUQ

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.
Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
 Azərbaycanın Qırğızıstan Respublikası ilə münasibətlərinə nəzər salaq.
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.
2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov demişdi: “Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.
Qırğızıstan Prezidenti Sadır Japarovun 24 aprel 2024-cü ildə, vəəvvəlki illlərdə Azərbaycan Respublikasına işgüzar səfəri buna əyani sübutdur. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezidenti Sadır Japarov arasında görüş keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdi: “Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik.
Azərbaycanla Qırğızıstan arasında informasiya sahəsində də sıx əməkdaşlıq mövcuddur.  Qırğızıstanda və ya Azərbaycanda keçirilən digər aksiyaların və tədbirlərin informasiya dəstəyinin təmin edilməsi sahəsində sıx əməkdaşlığı, qabaqcıl təcrübənin öyrənilməsi və jurnalistlərin, fotomüxbirlərin və kütləvi informasiya vasitələri sahəsində digər mütəxəssislərin ixtisasının artırılması məqsədilə onların mübadiləsinin təşviqini, həmçinin öz dövlətlərinin ərazisində akkreditə olunmuş jurnalistlər və fotomüxbirlər peşə fəaliyyətini həyata keçirərkən onlara təşkilati və texniki köməyin göstərilməsini nəzərdə tutur.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.
Bilman İSAQскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ