SON DƏQİQƏ
» » Rusiya “tarixi səhvi” düzəltdi: Biz niyə Zəngəzuru almayaq?

Rusiya “tarixi səhvi” düzəltdi: Biz niyə Zəngəzuru almayaq?

Tarix:

18-03-2024, 13:51

/ 3 599 dəfə oxundu.
Rusiya “tarixi səhvi” düzəltdi: Biz niyə Zəngəzuru almayaq?

Rusiyanın Krımı ilhaqının 10 illiyi ilə bağlı (16 mart 2014-cü il) mövzu yenidən gündəmə gəlib və rusiyalı tarixçilər, jurnalistlər, həmçinin rəsmilər bu istiqamətdə açıqlamalar verirlər.

Ən maraqlısı bir neçə gün öncə Andrey Karaulovun tarixi sənədləri yayması və bunun üzərindən şərhi oldu. Məlum olur ki, Krım sosialist inqilabının lideri Vladimir İliç Lenin tərəfindən 50 milyon dollar müqabilində Rokfeller bankına girov qoyulub. 1946-cı ilə qədər SSRİ-nin kredit və faizləri qaytarmayacağı təqdirdə Krımın ABŞ-ın bir ştatına çevrilməsi müzakirəsi varmış. Hətta “Krım Kaliforniyası” termini də həmin zaman gündəmə gəlib.

Stalin buna imkan verməyib – nə krediti, nə faizlərini qaytarıb, nə də Krımı təslim edib. Əvəzində isə RSFSR tərkibində olan Krımı Ukraynaya birləşdirmək ideyasını irəli sürüb və Xruşşov bu tövsiyəni yerinə yetirməklə, əslində, Krım mövzusunu gündəmdən çıxarıb.

Rusiya rəsmiləri isə ümumiyyətlə 1954-cü ildə Krımın Ukraynaya verilməsini SSRİ rəhbərliyinin cinayətkar səhvi adlandırırlar. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün bildirib ki, Krımın Ukraynaya verilməsi qərarı Sovet lideri Nikita Xruşşovun bağışlanmaz və faciəli səhvi, konstitusiyaya zidd addım idi.

Demək, Rusiya SSRİ liderlərinin etdiyi faciəvi və bağışlanmaz səhvi “düzəltdi”, 2014-cü ildə Krımı geri qaytardı və ən maraqlı hadisə də bundan sonra oldu. Rusiya Krımı ilhaq edərkən, Qərbin kəskin reaksiyası ilə üzləşmədi, hətta Rusiyaya qarşı ciddi və çoxsaylı sanksiyalar da baş vermədi. Bəzi Qərb liderləri isə Krımın Rusiyanın haqqı olduğunu elan etməkdən belə çəkinmədilər.

Yalnız 2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra vəziyyət dəyişdi və “Ukraynanın ərazi bütövlüyünə” artıq birmənalı olaraq Krım da daxil edildi.

Yəni Rusiya Ukraynaya hücum etməsəydi, Krımın ilhaqı siyasi-hüquqi müzakirə mövzusundan o tərəfə keçməyəcəkdi.

Eyni cinayəti Sovet rəhbərliyi Azərbaycana qarşı törədib. 1920-ci ildə - Azərbaycanın işğalından sonra Qərbi Zəngəzur və Göyçə Ermənistana bağışlanıb.

Bu “bağışlanma” zamanı Azərbaycan xalqının rəyi soruşulmayıb, heç bir referendum aparılmayıb. Qərbi Zəngəzurun Azərbaycandan qoparılması, Narışkinin sözləri ilə desək, Sovet rəhbərliyinin bağışlanmaz və faciəvi səhvi, konstitusiyaya zidd addım idi.

Buna görə də Azərbaycanın Qərbi Zəngəzuru geri tələb etmək haqqı var. Və üstəlik, Rusiyadan daha artıqdır. Çünki:

- Rusiya RSFSR-in varisidir. 1991-ci ildə Rusiya SSRİ-dən çıxarkən, Krım RSFSR-in tərkibində deyildi. Ancaq Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və AXC-nin ərazisinə iddia etmək hüququ var.

Qərbi Zəngəzur, o cümlədən Göyçə mahalı Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi sayılıb. Belə ki, 2020-ci il 11 yanvarında AXC-nin Paris Sülh Konfransında de-fakto müstəqilliyi tanınarkən, mübahisəsiz hesab olunan 100 min kv.km ərazisi də təsdiqlənib. Halbuki AXC 100 min kv.km ilə razı deyildi və əlavə 14 min kv.km ərazini də özününkü sayırdı.

- Krım ABŞ-a girov qoyulmuşdu, SSRİ rəhbərliyi bu hüquqi məsuliyyətdən yayınmaq üçün Krımı Ukraynaya 1954-cü ildə verir.

Qərbi Zəngəzur isə heç vaxt girov qoyulmayıb və heç vaxt Azərbaycanın mübahisəli ərazisi sayılmayıb. Əksinə, 1918-ci il 29 may tarixində Milli Şura İrəvan və ətrafının (9,7 min kv.km) ermənilərə verilməsi barədə qərar qəbul edib.

İrəvan və ətrafının ermənilərə verilməsi və Ermənistan dövlətinin yaradılması ilə ermənilərin torpaq iddiasına son qoyulması razılaşdırılmışdı. Bununla bağlı ermənilər öhdəlik də götürmüşdülər.

Yəni Krım modeli tətbiq edilərsə, əslində İrəvan və ətrafının geri qaytarılması müzakirəyə çıxarıla bilər. Ancaq biz Sovet rəhbərliyinin cinayətkar və faciəvi səhvindən danışırıqsa, üstəlik, 1920-ci il 11 yanvar tarixində Fransa, Böyük Britaniya, ABŞ da daxil olmaqla, dünyanın 20 nəhəng dövlətinin AXC-ni (və həm də Ermənistanı) de-fakto tanımasını əsas götürürüksə, Qərbi Zəngəzur və Göyçə üzərində durmaq lazım gəlir.

Paris Sülh Konfransında tanınan və hazırda orijinalları Parisdə saxlanılan xəritələr əsasında Azərbaycan öz ərazisini niyə tələb etməməli və hüquqi müzakirə açmamalıdır?
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ