
Həmişə arxamda dağ kimi duran,
Ömrümə, günümə işıqlar saçan,
Bizimçün yaşayan, bizlə var olan,
Evimin dirəyi, canım, ay ata.
Alnındakı qırış - zəhmətin izi,
Düzlüyə, mərdliyə səsləyir bizi,
Sənsən ailənin sönməz ulduzu,
Başımın tacısan, canım, ay ata.
Hər kəlmən bir öyüd, hər sözün bir dərs,
Sənlə qürur duyur, öyünür hər kəs,
Sən bizə nəfəssən, ən müqəddəs səs,
Ömrümün mənası, canım, ay ata.
Uca Tanrıdan tək arzum, diləyim,
Səndən uzaq olsun kədərim, qəmim,
Sən mənim dünyada vuran ürəyim,
Varlığına duaçıyam, canım, ay ata.
Mənə yol göstərən nurlu mayaksan,
Qaranlıq gecədə yanan çıraqsan,
Hər çətin anımda arxa-dayaqsan,
Güvənim, qürurum, canım, ay ata.
Təmiz adın mənim üçün şərəfdir,
Öyrətdin sən mənə mərdlik və səbir,
Adınla ucalmaq ən böyük zövqdür,
Ömrümün bəzəyi, canım, ay ata.
Zaman keçsə belə, illər dolansa,
Ömrümə min ömür belə calansa,
Üstümə dünyanın dərdi qalansa,
Mənim can sirdaşım, canım, ay ata.
Zülfü Əmirov Jurnalistika ixtisası üzrə I kurs tələbəsi






























