SON DƏQİQƏ

Ordumuz 24 saata nələri bacardı?

Tarix:

20-09-2023, 18:29

/ 4 412 dəfə oxundu.
Ordumuz 24 saata nələri bacardı?

44 günlük müharibə başlayandan sonra Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində və xarici mediaya verdiyi müsahibələrdə açıqca göründü ki:
- O, Nikolun Şuşaya gəlib, rəqs etməsinə dözmürmüş;
- Ermənistanın qalib ədasını heç bir şəkildə qüruruna sığışdırmırmış;
- Erməni riyakarlığına, bu gün vəd verib, sabah sözündən qaçmaq minüzlülüyünə dözmək fikrində deyilmiş...
Azərbaycanlılar bütün platformalarda danışır, əsəbiləşir, əsib-coşurdular – ancaq İlham Əliyevin daha siyasi və strateji-diplomatik çıxışlarından kənar ifadələrə rast gəlmirdik.
Yalnız 44 günlük savaş zamanı bəlli oldu ki, İlham Əliyev hər bir azərbaycanlıdan, əsl vətəndaşdan qat-qat artıq bu ağırlığı çiynində, ürəyində, ruhunda yaşadır və bu işğala son qoymağın onun tarixi missiyası olduğunu ideal şəkildə hesablayırmış.
Tam zamanına, vaxtına və vədəsinə qədər gözləyəndən sonra ən ideal məqamda “Vur” əmrini verdi.
İlham Əliyev 10 noyabr 2020-ci ildə “Dayan” əmri verəndə bəziləri yenidən dilləndi: “fürsəti qaçırırmışıq”... Ağdam, Laçın, Kəlbəcər kimi ağır relyefli coğrafiyanı müharibənin nəticələri olaraq döyüşsüz geri almağın və yüzlərlə igidimizin canını qoruduğunun fərqinə varmadan danışırdılar.
Nəticə özünü çox gözlətmədi – rayonlar boşaldıldı.
Kimsə düşünmürdü ki, Azərbaycan Ordusu keçmiş Dağlıq Qarabağın ərazisi daxilinə olacaq.
Ordumuz Xocavəndi və Şuşa şəhərini də azad etmişdi.
İlham Əliyev lazımı vaxtda başlamışdı, ən ideal anda, müharibənin nəticələrinin ən yüksək məqamında dayandı!
Lider belə olur; strateq bu cür düşünür – diplomatiya ilə gücü birləşdirir və lazımı anda gücü dayandırmağı, söhbətə başlamağı bacarır.
Aradan keçən 3 il ərzində bir neçə dəfə lokal əməliyyat zərurəti ortaya çıxmışdı: Fərrux, o cümlədən 13-14 sentyabr 2022-ci il döyüşləri.
Nəticələri hər kəsə bəllidir...
***
12 dekabr 2022-ci ildə ekofəallar, 23 aprel 2023-cü ildə “Laçın” postunun qurulması və Ermənistan Baş nazirinin Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıması bəyanatı qüdrətli dövlət başçısının apardığı diplomatik danışıqların uğurlu nəticələri idi.
Bu nəticələrin necə əldə olunduğunu düşünəndə heyrətə gəlirsən: qarşında Ermənistana hüdudsuz dəstək verən Avropa Birliyinin siyasi lideri Fransa, güclü erməni lobbisinin olduğu ABŞ durarkən, bunu necə bacardığını yalnız xəyal etmək olar.
Və növbəti oyun – “blokada”, “humanitar fəlakət”...
Aylarla gözləyir; aylarla danışıqlar, təkliflər verilir.
3 il öncə darmadağın olan və kapitulyasiyaya yalvaran erməni separatçı-terrorçuların və İrəvanın iddiaları getdikcə artır; ölkəmiz daxilində səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, təxribatlar törədilir...
Hamı əsəbiləşir – İlham Əliyev isə dövlət ərkanı ilə məqamı gözləyir!
Erməni separatçılar Ağdam yolunu kəsir, Azərbaycanın humanitar yardımını qəbul etmir, “Azərbaycan çörəyi yeməyəcəyik” deyir – bütün Azərbaycan xalqının əsəbi tarıma çəkilir!
İlham Əliyev diplomatiyada addımlayır, səbir və dözümlə vaxtı özü yetişdirir!
Erməni separatçılar o səviyyəyə çatırlar ki, Azərbaycan və Türkiyə istehsalı olan humanitar yardımı yandıracaqlarını elan edirlər; hətta Ağdamdan gedən Rusiya Qızıl Xaç Cəmiyyətinə məxsus yardım maşınından boşaldılan yükü belə əhaliyə vermirlər – “analizə” göndərirlər, yoxlayırlar və “standartlara uyğun olmasa, məhv ediləcək” deyirlər.
Azərbaycan xalqının əsəbi, dözümü sınağa çəkilir və illərdir çəkilən bu “sınaqdan” dözümsüzlük başlayır.
Hər kəs gözünü İlham Əliyevə dikir. Ancaq...
Tam əmin idim ki, Paşinyanın 2018 ritorikalarını, işlətdiyi ifadələri 2020-ci il müharibəsi gedişində nöqtə-vergülünə qədər xatırladıb, “Noldu, Paşinyan” deyən İlham Əliyev erməni separatçı-terrorçuların Azərbaycandan göndərilən məhsulları yandırmaq, dağıtmaq, Azərbaycana meydan oxumaq dərəcəsində azğınlaşmalarını qətiyyən həzm etməyəcək.
İlham Əliyev kimi xalqının, dövlətinin qürurunu ayağa qaldıran, məğlubiyyət sindromunu sındırıb, Qalib Xalq formalaşdıran bir lider heç bir halda bu meydanoxumanı qəbullanmayacaqdı.
Günlərdir buna hazırlıq da gedirdi – attaşelərin məlumatlandırılması, çıxışlar, diplomatik danışıqlar...
Və məhz ABŞ Senatında Azərbaycana qarşı kəskin çıxış olduğu və Bakının təhdid edildiyi vaxtdan 3-cə gün sonra, ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirdiyi vaxt antiterror tədbiri başladı.
Cəmi bir sutka çəkdi: 19 sentyabr 13:00-da başladı, 20 sentyabr 13:00-da bitdi.
Nəticələr?
Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması Yevlaxda danışıqlara gəlir.
Bu, o erməni separatçılardır ki, yalnız “təhlükəsizlik məsələsinin” müzakirə edilməsinə “razılaşdıqlarını” bildirir, onu da Azərbaycanda deyil, başqa şəhərdə, həm də “beynəlxalq platformada” keçirməyə iddialı idilər.
İndisə Yevlaxa gəlirlər – həm də məhz reinteqrasiyanı müzakirə etmək üçün.
Hər kəs bir sual verir: Xankəndiyə - separatçı-terrorçu ocağına niyə girmədik? Separatçılar özlərini buraxdıqlarını elan etmədilər axı? Şərtlərdə bu yoxdur axı?
Bu sualları 2020-ci il 10 noyabrda da verirdilər. Ancaq bu sualları verənlər bilmir ki, əsl dövlət xadimi, peşəkar siyasətçi, mahir diplomat vaxtında başladığı kimi, ən uyğun, ən pik, ən məhsuldar nəticələr olanda dayanmağı bacarmalıdır.
İlham Əliyev indiyə qədər Aprel savaşı da daxil olmaqla, bir müharibə, bir neçə əməliyyatda qalib gəlib – heç birində Azərbaycana hansısa sanksiyaya, hansısa fiziki təzyiqə imkan verməyib.
Çünki nəyi nə vaxt necə etməyi idealcasına bacarır!
Çünki nə vaxt dayanmaq lazım olduğunu idealcasına bilir!
Çünki nə vaxt irəli getmək lazım olduğunu da idealcasına bilir!
Sabah BMT TŞ-nin ABŞ-ın dəstəyi ilə, Fransanın təşəbbüsü ilə iclası keçiriləcək.
İlham Əliyev artıq bu iclası gərəksiz etdi – hətta müzakirəyə belə ehtiyac qalmadı.
10 min qüvvəsi, 200-dən çox texnikası, yüzlərlə mövqeyi olan separatçı-terrorçular 24 saat ərzində diz çökdülərsə, bəs, bu qüvvələr çıxarılandan, silahlar təhvil veriləndən sonra Xankəndiyə icra hakimiyyətinin girməsinə kim mane ola bilər?
Əgər mane olan kimsə qalacaqsa, o tədbir də görüləcək - əsas olan isə şəhidlərin minimallığı, Azərbaycan gəncini, Ordusunu qorumaq, Azərbaycan dövlətini zərbələrdən hifz etmək və milli hədəflərə maksimum itkilərsiz aparmaqdır.
İlham Əliyev məhz bunu etməklə məşğuldur!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ