SON DƏQİQƏ

Yumurta niyə 1 qəpiyə düşdü?

Tarix:

Bu gün, 16:03

/ 2 345 dəfə oxundu.
Yumurta niyə 1 qəpiyə düşdü?

Son günlər Azərbaycanda yumurta bazarında diqqətçəkən qiymət enişi müşahidə olunur. Xüsusilə paytaxt və regionlarda fəaliyyət göstərən müxtəlif market şəbəkələrində yumurtanın əvvəlki dövrlərlə müqayisədə xeyli ucuz qiymətə satışa çıxarılması alıcıların da diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi satış məntəqələrində sarı yumurtalar 3 qəpiyə, ağ yumurtalar isə hətta 1 qəpiyə qədər endirimli qiymətlərlə təklif edilir. Qiymətlərdəki bu kəskin ucuzlaşma həm istehlakçılar, həm də bazar iştirakçıları arasında suallar yaradıb. 
GunAz.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlərin kəskin ucuzlaşmasının əsas səbəblərindən biri ixracın dayanmasıdır:
“İxrac prosesi zəiflədikdə və ya tam dayandıqda, daxili bazarda məhsul bolluğu yaranır ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olur. Üstəlik, yumurta xüsusilə yay aylarında tez xarab olan məhsullardan biridir və onu uzun müddət saxlamaq mümkün deyil. Bu baxımdan, istehsalçıların əllərində qalan məhsulu qısa zamanda realizə etmək üçün qiymətləri aşağı salması kifayət qədər məntiqli görünür. Açığı, bu vəziyyətin uzunmüddətli və davamlı olacağını düşünmürəm. Çünki belə kəskin ucuzlaşma istehsalçılar üçün ciddi maliyyə itkiləri yarada bilər. Əgər onlar istehsal etdikləri məhsulu maya dəyərinə uyğun və ya sərfəli qiymətə sata bilməsələr, bizneslərini inkişaf etdirməkdə, hətta fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkəcəklər. Bu mənada, hər hansı məhsulun həddindən artıq ucuz olması heç də hər zaman müsbət hal kimi qiymətləndirilməməlidir. Belə bir tendensiyanın uzunmüddətli fəsadları da ola bilər. Əgər bazardakı bəzi şirkətlər zərər səbəbindən fəaliyyətini dayandırarsa və ya ümumiyyətlə bazardan çıxarsa, bir müddət sonra əks proseslə üzləşə bilərik. Yəni təklifin azalması fonunda bu dəfə yumurta bazarında ciddi qiymət artımı, hətta kəskin bahalaşma riski yarana bilər”.
Beləliklə, daxili bazarda yaranan müvəqqəti məhsul bolluğu istehlakçıların büdcəsinə müsbət təsir etsə də, quşçuluq sektorunda ciddi böhran siqnalları yaradır. Yay mövsümündə saxlama müddətinin qısa olması istehsalçıları zərərlə işləməyə məcbur edir və məhsulu dəyər-dəyməzinə realizə etməyə sövq edir. Tənzimlənməyən bu cür kəskin qiymət enişi yaxın gələcəkdə kiçik və orta istehsalçıların iflasına, rəqabətin zəifləməsinə və nəticədə yumurta bazarında kəskin qıtlıq və bahalaşma dalğasına səbəb ola bilər.
скачать dle 12.1

Şərhlər