SON DƏQİQƏ

Sönməyən ulduz, enməyən bayraq— Polad Həşimov

Tarix:

Dünən, 09:00

/ 3 346 dəfə oxundu.
Sönməyən ulduz, enməyən bayraq— Polad Həşimov

Azərbaycan hərb tarixinə adını fədakarlıqla yazmış unudulmaz sərkərdə, general-mayor Polad Həşimovun əbədiyyətə ucaldığı, cisminin bu torpaqla qovuşduğu o müqəddəs andan 6 il ötür. Zaman keçir, təqvimlər dəyişir, lakin onun yoxluğunun gətirdiyi o dərin sükut və eyni zamanda qəlblərdə buraxdığı o böyük qürur hissi zərrə qədər də azalmır. O, xalqın yaddaşına çiyinlərində general ulduzları daşıyan bir komandirdən daha çoxu kimi, bir millətin şərəf simvolu, bir ordunun sarsılmaz güc və rəşadət rəmzi kimi həkk olunub. Bu gün hər bir vətəndaş, bu torpağın hər övladı onun əziz xatirəsini böyük qürur və sonsuz hörmətlə yad edir.
Polad Həşimov hərb tariximizə tamamilə fərqli bir rəhbər, fərqli bir sərkərdə obrazı gətirdi. Hər kəs yaxşı bilirdi ki, onun addımladığı yerdə ədalət var, onun rəhbərlik etdiyi cəbhədə əsgərin haqqı tapdanmaz. O, uca rütbəsini kabinetlərin rahatlığında, paytaxtın gur işıqları altında yox, dumanlı dağ zirvələrində, soyuq və rütubətli səngərlərdə qazandı. Əsgəri ilə eyni qazandan xörək yeyən, onun addım-addım hər bir ehtiyacından tutmuş evindəki ailəsinin vəziyyətinə qədər hər bir xırda detalını ürəyinə dərd edən başqa bir general çətin ki, tapılardı.O, komandir heyətinə arxada durmağı yox, hər zaman "ardımca gəlin" söyləyərək irəlidə getməyi öyrətdi. Elə o iyul günündə də öz prinsiplərinə sadiq qaldı, əsgərini sipər edib arxada gizlənmədi, öz canını o gənc fidanların qarşısında sipər etdi.
Onun şəhadəti bu millət üçün bir qırılma nöqtəsi oldu. O gün Tovuzdan gələn o acı xəbər Azərbaycanın dörd bir yanına yayılanda, xalqın daxilində illərdir yığılıb qalan intiqam və vətən sevgisi elə bir vulkan kimi püskürdü ki, onun qarşısını heç bir qüvvə ala bilməzdi.
Küçələrə axışan, silaha sarılıb cəbhəyə yollanmaq istəyi ilə ayağa kalkan minlərlə gənc generalın yarımçıq qalmış vətən davasını tamamlamaq üçün alışıb yanırdı. O, şəhadəti ilə dağınıq qəlbləri tək bir yumruq halında birləşdirdi. Və o yumruq elə bir güclə vuruldu ki, cəmi bir neçə ay sonra onun uğrunda canını fəda etdiyi o torpaqlar, Şuşanın, Kəlbəcərin, Ağdamın uca dağları yenidən doğma nəfəsimizlə isindi.
İndi xalqımızın başı dik, alnı açıqdır. Bu gün azad olunmuş yurdlarımızın seyrinə çıxanda, oralarda dalğalanan üçrəngli bayrağımızın kölgəsində nəfəs alanda hər bir dalğalanmada onun ruhunu, onun o təbəssümlü baxışlarını hiss etmək mümkündür. O, bütün cəmiyyətə əsl qəhrəmanlığın təmənnasız, səssiz və dərindən sevmək olduğunu sübut etdi. Bu gün onun adı körpələrə verilir, onun xatirəsi hər bir vətənpərvərin and yerinə çevrilir. Nə qədər ki, bu vətəni qoruyan ordumuz, bu şanlı tarixi yaşadan xalqımız var, o, heç vaxt unudulmayacaq. Polad Həşimov bizim sönməyən ulduzumuz, heç vaxt enməyəcək bayrağımızdır.
Elnurə CƏFƏROVA
Şərq qapısı qəetinin əməkdaşı
скачать dle 12.1

Şərhlər