
İLAHƏ ALLAHVERDİYEVA yazır
Bəzi adamlar haqqında yazmaq çətin olur. Ona görə yox ki, onların həyatı barədə məlumat azdır. Əksinə… Elə insanlar var ki, onların ömrü rəqəmlərin, tarixlərin içinə sığmır. Onları anlatmaq üçün bir bacının səsindəki titrəyişi, ata evində illərlə dəyişməyən səssizliyi, xatırlananda gözlərdə yaranan o uzaq baxışı duymaq lazımdır. Əhliman Ağayev də belə adamlardan idi.
1964-cü ilin martında, Naxçıvanın Şərur rayonunun Qarabağlar kəndində dünyaya gəlmişdi. Kənd həyatı onu uşaqlıqdan torpağa, zəhmətə və sadəliyə bağlamışdı. Atası Cabbar kişi müharibə görmüş adam idi. Cəbhənin ağrısını da bilirdi, insan itkisinin nə demək olduğunu da. Evdə çox zaman yüksək səslə nəsə danışılmazdı, amma hiss olunardı ki, bu ailədə Vətən sözü adi söz deyil.Əhliman da həmin ruhun içində böyüyürdü.
Uşaqlıqdan sakit təbiətli idi. Özünü göstərməyi sevən adamlardan deyildi. Kənd məktəbində oxuyanda müəllimləri onu çalışqanlığına görə xatırlayırdı, yaşıdları isə etibarına görə. Çünki yanında özünü rahat hiss etdiyin adamlardan idi. Adam var, danışanda yadda qalır, adam da var, davranışı ilə. Əhliman ikinci adamlardan olmuşdu.
Sonralar Bakıya gəlib Politexnik İnstitutunda oxudu. Kənddən şəhərə gələn çox insan zamanla dəyişir, amma onu tanıyanların dediyinə görə, Əhliman harada olurdusa olsun, içindəki sadəliyi itirməmişdi. Bakıda yaşasa da, kəndlə bağını heç vaxt qoparmırdı. Hər dönüşü evdə ayrı bir sevincə çevrilirdi.
Bacıları Nərminə və Gülxanım qardaşlarını xatırlayanda ən çox onun qayğıkeşliyindən danışırlar. Deyirlər ki, Əhliman gələndə ev dəyişirdi. Uşaqlara aldığı kiçik hədiyyələr, etdiyi zarafatlar, anasına olan münasibəti — bunların hamısı indi bir xatirə kimi qalıb. Amma həmin xatirələrin içində qəribə bir istilik var. Sanki o günlər hələ tam uzaqlaşmayıb.
Onun insanlara münasibəti də fərqli idi. Kimsənin xətrinə dəyməkdən çəkinərdi. Şəhidliyindən sonra dostlarının gətirdiyi bir əmanət bunu bir daha göstərmişdi. Məlum olmuşdu ki, vaxtilə kiməsə kömək üçün borc verdiyi pullar var imiş. Dostları həmin pulu ailəsinə qaytarmaq istəyəndə Cabbar kişi qəbul etməmişdi. O an evdə deyilən bir cümlə isə illərlə unudulmadı: “Əhlimanın halallığı sizə qalsın…”Bu söz sanki həm atanın böyüklüyü idi, həm də oğul haqqında deyilən ən doğru cümlə.
Hər şeyin dəyişdiyi illərdə — Qarabağ savaşının ən ağır günlərində — Əhliman tərəddüd etmədən cəbhəyə yollandı. O dövrün ağrısını yaşayanlar yaxşı bilir, həmin illərdə insanlar sadəcə savaşmırdı, həm də bir dövlətin ayaqda qalması üçün mübarizə aparırdı. Orduda çox şey çatışmırdı, amma vətənə bağlılıq yüksək səviyyədə idi. Bu çətin zamanda Əhliman işlədiyi zavoddan könüllü şəkildə döyüşə getmişdi. 1993-cü ilin dekabrında Beyləqan istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Döyüş yoldaşları onu sakit, amma qorxmaz biri kimi xatırlayırdı.Bu qorxmaz igid 1993-cü il dekabrın 10-da oldu.Xəbər kəndə çatanda Qarabağlarda qəribə bir sükut yaranmışdı. O sükutun içində ağlayan da vardı, uzun müddət heç nə deyə bilməyən də. Çünki bəzi itkilərin qarşısında söz aciz qalır.Dörd gün sonra onu doğma kəndində torpağa tapşırdılar.
Aradan uzun illər keçib. Amma ailəsinin danışığında, kənd adamlarının xatirələrində Əhliman hələ də yaşayan bir insan kimidir.
































