
İLAHƏ ALLAHVERDİYEVA yazır
Bəzən bir insanın taleyi doğulduğu torpağın taleyi ilə elə qaynayıb-qarışır ki, onun həyat hekayəsini oxuyanda sanki Vətənin bir parçasının sızıltısını hiss edirsən. Şəhid İsa Mülkədar oğlu Ağayev məhz belə bir ömür yaşamışdı. Onun həyatı Şərur rayonunun Qarabağlar kəndinin geniş çöllərində başlayıb, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində əbədiyyətə qovuşmuşdu.
İsa ailənin dörd övladından ən böyüyü idi. Atası Mülkədar kişi hələ o uşaqkən onun adını öz babasının adına uyğun qoymuşdu. Kənd yerinin çətinlikləri, ailənin ehtiyacları İsanı erkən yaşda böyütdü. O, hələ məktəb illərində dərslərini çox yaxşı oxumasına, müəllimlərinin sevimlisi olmasına baxmayaraq, atasının xəstəliyi və ailə vəziyyətinin çətinliyi ucbatından oxumaqdan çox işləməyi seçdi. Atası çoban idi, İsa isə səkkizinci sinifdən sonra dərslərini bir kənara qoyub fəhləlik etməyə, atasının yükünü çiyinlərinə almağa başladı. Qardaşı Dağbəyi ilə birlikdə evin bütün işlərini görər, anaları işdən gələnə qədər hər şeyi qaydasına qoyardılar. İsa ailəsi üçün sadəcə bir oğul yox, həm də bir arxa-dayaq idi.
1996-cı ilin o soyuq çağırış günü gələndə İsa hərbi xidmətə yollandı. Cəbhə bölgəsində, düşmənlə üz-üzə dayanan postlarda xidmət edirdi. Atası bir dəfə onu görmək üçün yanına getmişdi. Mülkədar kişi sonralar o günü — oğlunun yeraltı bunkerdə, çətin şəraitdə necə mərdliklə dayandığını ürək ağrısı ilə danışırdı. Atası ilə o bunkerdə keçirdiyi bir gecə İsanın qəlbindəki Vətən sevgisinin və ailə sadiqliyinin ən böyük sübutu idi. Onlar yeraltı tunellərdə neftlə çıraq yandırıb yemək yeyərdilər ki, düşmən onların işığını görməsin. İsa səngərdə də ailəsini düşünürdü, ordan evə göndərdiyi məktublarda hər kəsin hal-ahvalını soruşar, komandirlərinin təşəkkürünü ailəsinə çatdırardı.
O, hərbi xidmətdə son günlərini yaşayırdı. Cəmi bir neçə gündən sonra evə qayıdacaqdı. Hətta komandiri onun ayıq-sayıqlığını, cəsarətini görüb onu iki dəfə məzuniyyətə də buraxmışdı. Lakin taleyin hökmü başqa idi. 1998-ci il iyulun 18-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində İsa və onun qrupundakı 12 nəfər igid oğul düşmənin basdırdığı minaya düşərək şəhidlik zirvəsinə ucaldılar.
İsa Ağayev bu gün sadəcə bir şəkil, bir məzar daşı yaxud bir ad deyil. O, öz ailəsi üçün fədakar övlad, qonum-qonşu üçün tərbiyəli və sakit bir gənc, Vətən üçünsə sarsılmaz bir qaladır. Yaxınlarının hər dəfə onun adını çəkəndə boğazında düyünlənən o hıçqırıqda, qardaşının "fəxr edirəm" dediyi o qürurlu baxışda İsa hələ də yaşayır. Onun cəmi 20 illik ömrü bizə öyrədir ki, əsl böyüklük yaşda yox, insanın ailəsinə və torpağına olan sonsuz sevgisindədir.
Şəhidimizin ruhu qarşısında baş əyirik. Onun yandırdığı o çıraq indi bütün bir millətin yoluna işıq saçır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!































