SON DƏQİQƏ

Zirvələrin qoynunda doğan İNAM

Tarix:

10-12-2025, 08:09

/ 3 641 dəfə oxundu.
Zirvələrin qoynunda doğan İNAM

10 dekabr – Naxçıvan torpağının yetişdirdiyi müdrik insan, Şair ruhlu ziyalının yubiley sevinci

Hər bir insan ömrü özlüyündə bir dastan, bir kitabdı. Amma bəzi ömür yolları var ki, işığı, əzmi və məsuliyyət hissi ilə digərlərinə yol göstərir. Bu gün, 10 dekabr, həmin nurlu yollardan birinin, Azərbaycanın dövlətçilik və ziyalı həyatında öz dəst-xətti olan Nizami İbrahimlinin 65 illik mübarək yubileyidir.

 Tənənəm: Poeziyanın qaynağı

O, 1960-cı ildə Naxçıvanın Şərur rayonunun sıldırım dağlar qoynunda, Tənənəm kəndinin saf havasında dünyaya göz açdı. Nizami müəllimin ömrünün ilk baharları elə bu dağların müdrikliyindən, bu kəndin demokratiyasından su içdi. Hələ kiçik yaşlarından o, həm təhsildəki iti zəkası, həm də cəsarətli və sərbəst düşüncəsi ilə seçilirdi. O, sadəcə oxumur, o, həm də yazırdı – cəmi 2-ci sinifdən qələmə aldığı şeirlər onun ruhundakı böyük şairin səsini elan edirdi.

Kiçik bir uşağın qəzetləri ucadan oxuması kəndin ağsaqqallarının fəxri idi. Babası İbrahim əminin "Mənim nəvəm böyüyəndə böyük adam olacaq!" kəlamı isə sanki Tənənəm dağlarının bu gənc oğula verdiyi ilahi bir müjdə idi.

 Böyük arzular və ilk zirvələr

Naxçıvanda, Əkbər Ağayev adına internat məktəbində keçən illər Nizaminin hədəflərinin nə qədər böyük olduğunu sübut etdi. Hələ 2-ci sinifdə o və mən dağların zirvəsində oturub Səməd Vurğunun "Komsomol" poemasını əzbərləyir, mən riəssam, o isə Şair, Şərqşünas olmaq arzusunu dilə gətirirdi. Lakin taleyi onu daha böyük bir missiyaya hazırlayırdı. Hələ uşaq ikən internatın baş növbətçisi olmaq, məsuliyyəti erkən daşımaq onun gələcək liderlik xüsusiyyətlərinin bünövrəsini qoyurdu.

 Hüquqdan dövlət maliyyəsinə: Məsuliyyət yolu

Qəlbində daşıdığı insan hüquqlarını qorumaq arzusu onu Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə apardı. O illərdə ən çətin hesab olunan bu fakültəyə daxil olmaq və hələ tələbə ikən Ali Məhkəmədə işə başlamaq Nizami müəllimin məntiqli zəkasının və ciddiyyətinin göstəricisi idi.

Daha sonra ölkənin maliyyə sistemində xidmətə başlayan Nizami İbrahimli Bank müdiri, Maliyyə rəisi kimi ağır vəzifələrin öhdəsindən layiqincə gəldi. Bu gün isə Maliyyə Nazirliyində mühüm bir posta xidmət edərək, dövlətçiliyə olan sədaqətini nümayiş etdirir.

 Kənd sevgisindən başlayan əbədi ailə

Nizami müəllimin həyatının ən gözəl səhifəsi isə Tənənəm kəndində yaşadığı o pak "Leyli-Məcnun" sevgisinin xoşbəxt ailəyə çevrilməsidir. Həmin sevdiyi xanımla qurduğu möhkəm yuva üç layiqli övladın yetişməsinə səbəb oldu:

Oğlu Təbriz polis akademiyası təhsili ilə möhkəm təməl qoysa da, özəl sektorda uğur qazanır.

Böyük qızı Məhsəti bilik və əzmkarlığı ilə İsrailin tibb elmində uzman cərrah kimi ad qazanıb.

Kiçik qızı Günəş isə atasının yolu ilə getməyi seçərək, hüquqşünas ixtisasını müəllimlik fəaliyyəti ilə taclandırır.

Nizami müəllimin adını daşıyan balaca Nizami və anasının adını daşıyan nəvəsi Sevil babalarının həyat yolundan güc alaraq, onun kimi hörmətli və uğurlu olmaq üçün söz verirlər.

65 illik yubileyiniz mübarək, Nizami müəllim! Sizin həyatınız gəncliyə əzmin, biliyin və Vətənə sədaqətin ən gözəl nümunəsidir.

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər