
İLAHƏ ALLAHVERDİYEVA yazır
İnsan köhnə şəkillərə baxanda içindən qəribə bir sükut keçir. Üzdə yarımçıq qalan gənclik, baxışlarda vaxtından əvvəl böyümüş bir insan taleyi görünür. Mehman Hüseynovun şəkli də adamı elə həmin duyğu ilə qarşılayır. Sanki danışmadan bir dövrün ağrısını anlatmağa çalışır. O illər ki, kəndlərdən şəhərlərə qədər hər evin qapısında nigaranlıq dayanmışdı. Analar yatmır, atalar xəbərləri nəfəsini içinə çəkərək dinləyirdi. Gənclər isə arzularını yarımçıq qoyub sərhəd yollarına üz tuturdu.
Mehman Mehbalı oğlu Hüseynov 05 noyabr 1975-ci ildə Şərur rayonunun Qarabağlar kəndində dünyaya göz açmışdı. Uşaqlığı kənd həyatının sadəliyi, zəhməti və ailə istiliyi içində keçmişdi. 1982–1992-ci illərdə Qarabağlar kənd 1 saylı orta məktəbində təhsil aldı. Məktəbi bitirdikdən sonra “187” saylı texniki peşə məktəbinə qəbul olundu və 1993-cü ildə “Traktorçu” peşəsinə yiyələndi. Həyatını halal zəhmətlə qurmağa çalışan sakit təbiətli bir kənd gənci idi.
Amma həmin dövr adi zamanlardan sayılmırdı. Sərhədlərdən gələn xəbərlər hər gün daha da ağırlaşırdı. Vətən torpağı uğrunda başlayan mübarizə yüzlərlə gəncin taleyini dəyişmişdi. Mehman da o gənclərdən biri oldu. 20 dekabr 1993-cü ildə Şərur rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Hərbi xidmətdə nişanalayıcı minamyot atan kimi xidmət göstərdi.
Onu tanıyanların xatirəsində Mehman ilk növbədə tərbiyəsi və sakitliyi ilə yaşayır. Ailənin böyük övladı idi. Elman, Çinarə və Züvər üçün yalnız qardaş yox, həm də arxa-dayaq olmuşdu. Kiçiklərin xətrinə dəyməyən, böyüklərə hörmət göstərən bir xarakterə sahib idi. Amma bu sakitliyin arxasında böyük cəsarət dayanırdı. Hələ məktəb illərində qorxmazlığı ilə seçilir, çətin anlarda geri çəkilmirdi.
Hərbi xidmət zamanı həmin xarakter daha da möhkəmləndi. Qarşı postlarda dayanan düşmən əsgərlərinin belə onun iradəsindən ehtiyat etdiyi söylənirdi. 1995-ci ilin 13 iyul günü Ordubad rayonu ərazisində yerləşən “Soyuq” postunda erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Mehman ağır yaralandı. Təəssüf ki, qanaxmanı saxlamaq mümkün olmadı. Cəmi 19 yaşında Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi.
Bu gün Qarabağlar kəndində onun adı çəkiləndə insanlar yalnız bir şəhidin taleyini xatırlamır. Həm də yarımçıq qalmış bir gəncliyi, ailəsinin içində susmayan nisgili, sərhəd küləyinə qarışan bir ömrü xatırlayırlar. Çünki bəzi insanlar illər keçsə də unudulmur. Onların adı zamanın içindən silinmir, yaddaşlarda yaşayır.






























