SON DƏQİQƏ

Murovda Qalan İz

Tarix:

8-05-2026, 16:27

/ 3 452 dəfə oxundu.
Murovda Qalan İz

ILAHƏ ALLAHVERDİYEVA yazır

Murovdağın sərt küləkləri bəzən illər öncə yarımçıq qalmış bir ömrün səsini gətirir. O səsin içində bir ana duası, bir ata nisgili, bir də Vətən uğrunda gözünü qırpmadan ölümə gedən 19 yaşlı bir oğulun adı yaşayır — Məhərrəm Bağırov.
Qarabağlar kəndində, Abbas kişinin ocağında boya-başa çatan Məhərrəm hələ uşaqlıqdan həmyaşıdlarından seçilirdi. Həyata fərqli tərəfdən baxırdı — bəlkə də elə solaxay olduğu üçün qəlbinin səsi sağ əlindən daha iti idi. Futbol meydançasında qaçanda da, məktəb yollarını arşınlayanda da daxilində susmayan bir “mən burdayam” hayqırışı yaşayırdı.
Anasının sözəbaxan balası kimi tanınsa da, ruhunda qəribə bir cəsarət vardı. Evdəki bıçaqları itiləyib “düşmən gəlsə, onlarla əlbəyaxa vuruşacağam” deyən o balaca uşaq, əslində gələcək taleyinə doğru addımlayırdı. Qorxu hissi onun təbiətinə yad idi; sanki taleyi onu daha uşaqlıqdan ağır sınaqlara hazırlayırdı.
1993-cü ilin iyulunda, Birinci Qarabağ müharibəsinin ən çətin günlərində Məhərrəm könüllü şəkildə cəbhəyə yollandı. Ordunun yenicə formalaşdığı, səngərlərin barıt qoxusu ilə nəfəs aldığı o vaxtlarda kəşfiyyatçı kimi ən təhlükəli yolları seçdi. Çünki onun üçün Vətən sadəcə doğulduğu torpaq yox, uğrunda can veriləcək bir şərəf məsələsi idi.
Müharibənin sərt günləri ailəsi ilə görüşlərini də qısaldırdı. Atası Abbas kişinin yaddaşında ən çox yaşayan xatirə isə 1994-cü ilin aprelində baş tutan son görüş oldu. Məhərrəm o zaman ailəsinə ümidlə demişdi: “Bir ilə müharibə bitər, evə gələrəm, növbəti çərşənbəni bir yerdə qeyd edərik”.
Lakin tale onun üçün başqa yol seçmişdi.
1994-cü ilin 11 mayında, baharın ən gözəl çağında, Murovdağın sərt zirvələrində Məhərrəm Bağırov ölümsüzlüyə qovuşdu. O, doğma Qarabağlar kəndinin Birinci Qarabağ müharibəsində sonuncu şəhidi kimi tarixə yazıldı. Elə bil öz canı bahasına kəndinin qapısında dayanan dərdi saxlayıb getdi.
Aradan illər keçsə də, Məhərrəmin adı Qarabağlar kəndində hələ də bir ocaq istisi kimi yaşayır. Doğmaları onu evin döyünən ürəyi, sönməyən çırağı kimi xatırlayır. Murovda qoyduğu iz isə zaman keçdikcə daha da böyüyür. Elə bir iz ki, onu nə qar örtə bilər, nə də illər silə bilər.
Ruhun şad olsun, Vətənimizin igid oğlu.
скачать dle 12.1

Şərhlər