SON DƏQİQƏ

Zamanın sərhədində dayanan ömür

Tarix:

23-04-2026, 13:43

/ 2 863 dəfə oxundu.
Zamanın sərhədində dayanan ömür

İLAHƏ ALLAHVERDİYEVA yazır 

Torpaq bəzən yaddaşı sözlərdən daha yaxşı qoruyur. Üzərində addım səsləri, döyüş izləri, səssiz qalan xatirələr yığıldıqca, hər qarışı danışmağa başlayır. O səssiz danışığın içində bəzi adlar var ki, zaman keçdikcə solmur, əksinə daha aydın görünür. Qasımov İlyas Sabir oğlunun adı da həmin yaddaşın içindən gəlir — bir ömrün qısa zaman kəsiyində necə böyük məna daşıya bildiyini xatırladan bir iz kimi.
 1974-cü ilin yanvarında Naxçıvanın Şərur rayonunun Qarabağlar kəndində dünyaya gələn İlyas, uşaqlıqdan fərqli xarakteri ilə seçilirdi. Qorxu hissi ona yad idi. Nə insandan çəkinərdi, nə də təhlükənin qarşısında tərəddüd edərdi. Bu xüsusiyyətlər onun böyüdükcə daha da möhkəmlənən iradəsinin əsasını qoydu. Onu tanıyanlar yaddaşlarında yalnız cəsarətli bir gənci yox, eyni zamanda ədəbli, sadə, hər kəsə hörmətlə yanaşan bir insanı xatırlayır-səssiz görünən, amma daxilində güclü bir qətiyyət daşıyan bir obrazı.
 Zaman dəyişdi, ölkənin taleyində ağır günlər başlandı. Sədərək istiqamətində döyüşlər alovlananda İlyas artıq öz yolunu seçmişdi. Bu yol sözlə izah olunmurdu, hərəkətlə sübut edilirdi. O, həmişə ön xətdə idi — ən çətin mövqelərdə, ən riskli nöqtələrdə. Postdan geri çəkilməyən, düşmənlə üz-üzə dayanmaqdan qorxmayan bir döyüşçü kimi yadda qaldı. Onun üçün Vətənin müdafiəsi sadəcə borc yox, daxildən gələn bir çağırış idi.
 İlyasın həyatında yadda qalan məqamlardan biri onun cəsarətinin canlı nümunəsi kimi danışılır. O, düşmən tərəfə keçərək hiylə ilə bir erməni zabitini əsir götürüb geri gətirmişdi. Bu hadisə onun yalnız cəsur yox, həm də soyuqqanlı və düşünülmüş addımlar atan biri olduğunu göstərirdi. Qarşısındakı təhlükəni dərk edərək geri çəkilməyən, başladığı işi sona çatdıran bir iradə bu addımın arxasında dayanırdı.
 Onu tanıyanların dilində bir fikir tez-tez səslənir: İlyasın gözündə qorxu görünməzdi.  Bu sözlər təsadüfi yaranmayıb.O, ikinci dəfə də eyni riskli addımı atmağa cəhd göstərdi. Daha bir erməni zabitini əsir götürmək niyyəti ilə yenidən düşmən tərəfə yönəldi. Bu dəfə vəziyyət daha gərgin idi. Qarşı tərəfin hazırlığı, pusqu ehtimalı, hər addımın ölümə yaxınlaşması ilə ölçüldüyü bir an yaşanırdı. İlyas geri çəkilmədi. Məhz bu cəhd zamanı, qarşıdurmanın ən kəskin nöqtəsində o, güllə yarası aldı. Bu an onun taleyinin dönüş nöqtəsinə çevrildi.
 1994-cü ilin aprelində Sədərək döyüşləri onun həyatının son səhifəsinə oldu. O, bu yolda şəhidlik zirvəsinə ucaldı. İlyasın nəşinə baxanlar güllələrin çoxluğunu görəndə bir həqiqəti dərk edirdi — bu, təkcə bir insanın hədəfə alınması yox, onun sarsılmaz iradəsinə qarşı yönəlmiş aqressiyanın ifadəsi idi.
 İlyasın ömrü uzun sürmədi, amma buraxdığı iz zamanla silinməyən bir yaddaşa çevrildi. Bu gün onun haqqında danışanlar sanki İlyası hələ də həmin mövqedə təsəvvür edir — sərhəddə dayanan, torpağı qoruyan bir obraz kimi. Bu hiss şəhidimizin yalnız keçmişdə qalmadığını, yaddaşlarda yaşadığını göstərir.Belə talelər sözə sığmaqda çətinlik çəkir. Çünki onların dəyəri cümlələrlə ölçülmür. Qasımov İlyas Sabir oğlunun həyatı bir insan ömründən daha artıq məna daşıyır. Onun həyatı bir xalqın yaddaşında yaşayan, zaman keçdikcə daha aydın görünən bir izdir.
скачать dle 12.1

Şərhlər