SON DƏQİQƏ
» » Bu ruh, bu birlik, bu inam Muxtar Məmmədovun şəhadətini əbədiləşdirdi

Bu ruh, bu birlik, bu inam Muxtar Məmmədovun şəhadətini əbədiləşdirdi

Tarix:

16-05-2025, 14:47

/ 4 360 dəfə oxundu.
Bu ruh, bu birlik, bu inam Muxtar Məmmədovun şəhadətini əbədiləşdirdi

Bəzən zaman dayanır. 1994-cü ilin yanvarında dayandı. O gündən bu günə qədər bir ailənin qəlbində boşluq, bir kəndin yaddaşında həsrət, bir xalqın ruhunda iz qoyan itki vardı. Və nəhayət, 31 il sonra o iz tamamlandı – şəhid Muxtar Bayram oğlu Məmmədov vətən torpağına, öz elinə, Şərura qayıtdı. 
1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində dünyaya gələn Muxtar Məmmədov, gəncliyini silaha sarılaraq vətən uğrunda fəda etdi. I Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatıldı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən ağır döyüşlərdə, 1994-cü il yanvarın 26-da itkin düşdü. O gündən etibarən onun harada və necə şəhid olduğu bilinmirdi. Amma ruhu heç vaxt unudulmadı – yaşadı, qorudu, vətənin yaddaşında iz qoydu.
2025-ci ilin yazında isə şəhidin qalıqları tapıldı. Müqəddəs torpaq bir daha sübut etdi ki, şəhidlər unudulmur, qan yerdə qalmır. Muxtar Məmmədovun nəşi böyük ehtiramla Şərur rayonuna gətirildi. Və mən də bu müqəddəs gündə – Şərur Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində iştirak etdim. O an yaşadığım hissləri ifadə etmək çətindir. Yolboyu düzülən insanlar, əlində bayraq tutan uşaqlar, göz yaşları içində dayanan analar... Sanki hamımız 31 il əvvələ qayıtmışdıq. Elə bil şəhidimiz dünən canını vətən üçün fəda etmişdi. Mərasim boyu insanların dillərindən düşməyən bir səs vardı: "Şəhidlər ölməz, vətən bölünməz!" Bu sözlər səmanın üzərində əks-səda verirdi. 
Bu ruh, bu birlik, bu inam Muxtar Məmmədovun şəhadətini əbədiləşdirdi. Yaylım atəşi səsləndi – şəhidin şərəfinə. Tabutun üzərindəki üçrəngli bayraq onun qardaşına təqdim olundu. O anın ağırlığı və qüruru hər kəsin qəlbində iz qoydu. Dəfn mərasimində şəhidin ailəsi, yaxınları, Şərur və Sədərək Rayon İcra hakimiyyətlərinin rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və yüzlərlə vətən sevdalısı iştirak edirdi. Bu şəhidlik – bir ömrün zirvəsi, bir millətin vicdanıdır. Muxtar Məmmədov təkcə bir kəndin oğlu deyil – Azərbaycanın əbədi qəhrəmanıdır. O, 31 il sonra da vətənin bağrına qayıdaraq bizə əmanət ruhları, itkin düşən izləri, tamamlanmamış duaları xatırlatdı. O, indi Şərur torpağında uyuyur – və torpaq onunla bir az daha müqəddəsdir. Unutmadıq. Unutmayacağıq. Şəhidlər ölməz, vətən bölünməz!
Məhərrəm TAĞIZADƏ
скачать dle 12.1

Şərhlər