SON DƏQİQƏ

Müəllim qaranlığı yaran işıq deməkdir

Tarix:

24-05-2023, 21:41

/ 3 609 dəfə oxundu.
Müəllim qaranlığı yaran işıq deməkdir

 Şərqiyyə Məhərrəmova:  "O müəllim yaxşı müəllimdir ki, onun dərs dediyi fənndən şagirdləri gedib, həmin fənn üzrə ali təhsil alırlar. Bu, həmin müəllimin qələbəsidir”.

 

"Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. Bunu da demək istəyirəm ki,  mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”.

Heydər Əliyev

Uzun müddət idi ki, ömrünün 57 ilini  təhsilin yolunda şam kimi əridən, artıq həyatının doxsanıncı onluğunu xırdalayan bir müəllimə haqqında yazmaq istəyirdim. Axır ki, bu arzum reallaşdı. Budur. Mən 1976-cı ildən tanıdığın dostum, Sumqayıt camaatının təbabət sahəsində çox böyük hörmət etdiyi, ömrünün 61 ilini aptek sahəsinə xidmət edən və sumqayıtlırın həmişə özlərinə ümid çırağı bildikləri Möhübbət Məhərrəmovun evindəyəm. Bu gün  onun ömür-gün yoldaşı, 83 yaşı  Şərqiyyə müəllimə ilə həmsöhbət olacam. Mən bir neçə il bundan qabaq Möhübbət Məhərrəmov haqqında "Bir təbib ömrünün salnaməsi” kitabı üzərində işləyəndə Şəriyyə müəllimə ilə də söhbət etmişdim. Həmin vaxtı Şərqiyyə müəllimənin ağlına, düşüncəsinə və bir pedaqoq kimi fikir mübadisləsinə heyran olmuşdum. Tale bu gün bizi yenidən qarşılaşdırmışdı. Əvvəlcədən fikirləşirdim ki, bu müsahibə maraqlı olacaq. Bəli. Fikirimdə yanılmamışdım. İlk öncə Şərqiyyə müəllimə haqqında çoxminli oxucularımıza qısa məlumat vermək istəyirəm.                      

Qısa arayış: Şərqiyyə   Əbdüləli qızı  Məhərrəmova 1940-cı ilin may ayının 28-də Qubadlı rayonunun Xələc kəndində anadan olub. Əbdüləli kimi Böyük Vətən Müharibəsinin işçirakçısı olmuşdu və bir il sonra müharibədən yaralı qayıtmışdı. Savadlı olduğuna görə onu kolxoz sədri qoymuşdular. Amma əcəl ona aman vermədi. Balaca Şərqiyyənin  üç yaşı olanda atası haqq dünyasına qovuşdu. Həmin vaxtı da ailədə onlar dörd uşaq idilər. Heç vaxt təsərrüfatda işləməyən Şərqiyyə xanımın anası Tavat xanım  üçün  Əbdüləli kişi dünyasını dəyişəndən sonra dörd övladı böyütmək çox çətin idi. Müharibədən qayıdan Əbdüləli kişi təzə ev tikirdi. Amma əcəl imkan vermədi ki, həmin evi tamamlasın. O, evin yalnız  zirzəmisini tikib qurtarmışdı haqq dünyasına qovuşanda. Sonra dörd uşaq və  Tavat  ana həmin zirzəmidə yaşamalı oldu. Şərqiyyə ailənin kiçik övladı idi. Tavat xanım heç vaxt təsərrüfatda işləmədiyindən indi dörd övladı böyütmək üçün kolxozda işləməli oldu. İlk əvvəl bu işlər ona çətin gəlsə də dörd övladını yaşatmaq üçün ağır zəhmətə qatıldı Tavat ana. Böyük qızları  Həmayıl və  Rəxşəndə də ona köməklik edirdilər. Onlar analarına kömək etmək üçün hətta məktəbə də getmirdilər. Şərqiyyə xanımın Tutu xalası da onlara çox köməklik edirdi. Belə ki, qonşuları, Təhsil şöbəsinin müdiri İsmayıl müəllimin köməkliyilə Həmayılı orta məktəbi bitirəndən sonra məktəbdə yaxşı oxuduğuna görə müəllim götüzdürmüşdü Tutu xalası. Bu şərtlə ki, yayda gedib ali məktəbə qəbul olunsun. Bundan sonra ailənin vəziyyəti düzəlməyə başlayıb. Şərqiyyədən böyük qardaşı Nuşirəvan dərslərini yaxşı oxuyurdu və  Şərqiyyə  də dərsə getməmiş qardaşından  hərfləri öyrədirdi. Xələcdə birinci sinifə gedəndə altı ay sonra oradakı ibtidai  məktəbi bağladılar. Orada dərsə  gedənləri qonşu kəndə oxumağa göndərdilər. Şərqiyyənin ayaqqabısı  olmadığına və qış olduğuna görə anası onu həmin məktəbə getməyə qoymadı. Qardaşı Nuşirəvan ona dərs keçməyə başladı. Gələn ildən onu ikinci sinifə götürdülər. Şərqiyyə çox sevinirdi ki, keçən il onunla oxuyan sinif yoldaşları ilə bir yerdə oxuyur. Az bir vaxtda o, sinifin ən əlaçı şagirdi oldu. Elə bil Ulu Tanrı bu ailənin vəziyyətinin ağır olduğunu görüb bu dörd uşağın hər birinə fitri istedad vermişdi. Onların dördü də dərslərini yaxşı oxuyub və sonralar Qibadlı rayonunda sayılıb-seçilən insanlar olublar. Nuşirəvan sayılıb-seçilən müəllim və məktəb direktoru olub. Maraqlı şair, çox güclü şahmatçı, kimyaçı, riyaziyyatçı  olub. Rəxşəndə xanım  uzun illər Qubadlıda böyük vəzifələrdə işləyib. Şərqiyyə xanım  orta məktəbi bitirəndə ona qızıl medal vermək istəməyiblər. Çünki bəzi bədxahlar tapılıb. Ona gümüş medal vermək istəyiblər. Qardaşı Nuşirəvan razılaşmayıb. Bakıya gəliblər. Şərqiyyə xanımın arzusu həkim olmaq olub. Amma sənədlərini  Azərbaycan  Dövlət  Tibb İnstitutuna  verə  bilməyib və  Dövlət  Xarici Dillər İnstitutunun  yanından keçəndə sənədləri ora verməyə məcbur olublar. Beləliklə, Şərqiyyə xanım  imtahan verib bu ali məktəbə qəbul olub. Ali məktəbi bitirəndən sonra  Qubadlı rayonunda ilk ingilis dili müəllimi olub. Az bir vaxtda da şagirdlərin sevimli müəllimi kimi  tanınıb.

-  Siz ali məktəbdə ingilis dili fənni üzrə təhsil alıbsınız. Rayon yerində yaşayan bir gənc qızın bu fənnə marağı haradan yaranıb? Müəllim kimi işə başladığınız ilk illər yaddaşınızda necə qalıb?

- Əslində mən cəmi beşinci sinifə kimi ingilis dili fənni keçmişdim. Sənədlərimi də məcbur olub bu ali məktəbə vermişdim. Bütün fənləri yaxşı bilsəm də ilk bir  ili ingilis dili fənnindən  çox çətinlik çəkdim. Hətta ingilis dilini öyrənə bilmədiyimə görə məni Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinə də keçirmək istəyirdilər. Amma mən israrlı oldum və dedim ki, bir il də möhlət verin, hökmən ingilis dilini mükəmməl  öyrənəcəm. Elə də oldu. Artıq ikinci ilin sonunda mən ingilis dilini demək olar ki, hamıdan yaxşı bilirdim. Ona görə də insan əgər bir işi öyrənməyə israrlı olsa, hökmən onu öyrənə  bilər. Mən də bütün həyatım boyu hər bir işi öyrənməyə israrlı olmuşam və övladlarıma da, tələbələrimə də bunu həmişə təlqin eləmişəm.

- Siz ali məktəbi bitirəndən sonra təyinatınızı Qubadlı rayonuna verdilər. Orada dərs dediyiniz illəri necə xatırlayırsız?

- Həmin vaxtı Qubadlı rayonu Zəngilanla birləşdirilmişdi. Məni Qubadlı rayonunun  mərkəzindəki məktəbə  işləməyə göndərdilər. Amma məktəbin direktoru dedi ki, "qubadlılı hara, ingilis dili müəllimi olmaq hara?” Heç cürə mənə ingilis dilindən dərs vermək istəmirdi və məni məcbur elədi ki, riyaziyyatdan , fizikadan dərs deyim. Orta məktəbdə riyazıyyatı və fizikanı  yaxşı oxusam da, amma axı mən riyaziyyat müəllimi deyildim. Axır ki, bu işə qardaşım Nuşirəvan qarışdı. Mənə ingilis dili fənnindən dərs deməyə icazə verdilər. İkinci il bütün igilis dili fənnlərini mənə verdilər. Az bir vaxtda rayonda böyük hörmətim oldu. Mənim iş təcrübəmi rayonda yaydılar.

- Sizin vaxtı ilə Qubadlıda ingilis dili dərsi dediyiniz bir tanışım deyir ki, Şərqiyyə müəllimə dərsinə qarşı çox ciddi idi. Biz məcbur olub onun fənnini yaxşı  oxuyurduq. Bu necə yarandı?

- Bir gün dərsə  gələndə gördüm ki, heç kim fənni bilmir. Mənim dərsim də axırıncı dərs idi. Şagirdlərə dedim ki, fənni öyrənib mənə danışmasanız sizi  evə buraxmayacam. Artıq axşam oldu. Kim dərsi oxuyub mənə danışdısa,  onları evə buraxdım. Kim dərsi öyrənmirdisə onları saxladım ki, hökmən öyrənəcəksiz. Bu vaxtı həmin uşaqların valideyinləri gəldi. Onlara da dedim ki, dərsi öyrənməsələr lap gecə saat birə qədər də olsa onları evə buraxmayacam. Elə də elədim və onlar dərslərini öyrənib mənə danışdılar. Həmin gündən sonra bütün şagirdlər mənim dərsimi öyrənirdilər. Sonralar  onların çoxuna ingilis dili fənni həyatda çox kömək elədi. Hətta dörd şagirdim gedib igilis dili müəllimi oldu. O müəllim yaxşı müəllimdir ki, onun dərs dediyi fənndən şagirdləri gedib, həmin fənn üzrə ali təhsil alırlar. Bu, həmin müəllimin qələbəsidir. Mən Sumqayıt Kimya- Texnalogiya Texnikumunda işləyəndə də tələbələrimi məcbur eləyirdim ki, ingilis dilini öyrənsinlər.

-Deməli, siz  Möhübbət həkimlə  ailə həyatı qurandan sonra Sumqayıta yaşamağa gəlibsiniz və Sumqayıt Kimya-Texnalogiya Texnikumunda ingilis dili fənnindən dərs deyibsiniz. Orada işləri necə qurdunuz ki, az bir vaxta tələbələrin sevilən müəllimi oldunuz?

-Mən həmin texnikuma işləməyə gələndə elə ilk ildən ingilis dili kabineti yaratdım. Çox zəngin kabinet idi və Sumqayıt təhsil müəssisələri arasında çox tanınırdı. İngilis dilini bilməyən tələbələrimi də həmin kabinetə yığırdım və onları məcbur eləyirdim ki, bu fənni öyrənsinlər.  Mən texnikumda on beş il rus sektorunda da dərs demişəm.  Açığı ruslar və başqa millətlərdən olanlar ingilis dilinə böyük maraq göstərirdilər, amma  azərbaycanlılar maraq  göstərmirdilər. Ona görə də onları  ingilis dili kabinetinə yığıb, məcburən onlara ingilis dili fənnini öyədirdim. İndi bəzən həmin vaxtı dərs dediyim azərbaycanlı tələbələrimlə rastlaşanda, çox heyifislənirlər ki, niyə həmin vaxtlar mənə qulaq asıb, ingilis dilini öyrənmədilər. İndi xaricilərlə işləyib, yaxşı pul qazana bilərdilər. Ona görə də atalar deyib ki, " sonrakı peşimançılıq fayda verməz”.

- Ailə  insan həyatının ən gözəl, müqəddəs  illəridi. Həyat yoldaşı da qadın üçün böyük qüvvə, arxa, dayaqdır.  Möhübbət həkim deyir ki, əldə etdiyim uğurlara görə Şərqiyyə xanıma çox minnətdaram. Bəs siz necə?  Siz bu haqda nə deyərdiniz? Necə oldu ki, siz  Möhübbət həkimlə ailə həyatı qurdunuz?

- Möhübbətgilin bir qohumu Qubadlıda bizim qonşuluğumuzda yaşayırdı. Onun vasitəsilə tanış olub, ailə həyatı qurduq. Bütün bu illərdə də çox mehriban yaşamışıq. Heç vaxt aramızda söz-sıhbət olmayıb. Bilirsiniz. Əgər ata-ana mehriban yaşayırsa, övladlar  da ailə qurandan sonra öz ailələrilə mehriban yaşayacaq. Əgər uşaqlar evdə dava-şava görürsə, ailə quranda öz ailəsində də dava- dalaş  salacaqlar. Bu gün çoxlu cavan ailələr ayrılır. Bunun səbəbi ağır güzəran yox, ailədən gələn tərbiyədən asılıdır. Ailədə uşaqların  tərbiyəsi də anadan asılıdır. Onlara tərbiyə verən anadır. Əgər ana öz övladlarına yüksək tərbiyə versə, onda onlar atalarını da, qohumları da sevəgəklər. Bütün insanlara da yaxşı münasibətləri olacaq. Təsəvvür edin ki, mən müəllimə işləyirdim və dərslərim də çox idi. Amma bütün bunlarla birlikdə uşaqlarımın da tərbiyəsinə ciddi fikir verirdim. Dörd övladımın hər birinin dərslərinə çox ciddi  yanaşırdım. Onlar bütün dərslərini öyrənməsəydilər məktəbə  gedə  bilməzdilər. On birinci sinifi bitirənə qədər belə olub. Yəni mən onlara hökmən dərslərini öyrədirdim və sonra məktəbə göndərirdim. Onlar  da öyrəndikləri fənlərdən hökmən beş qiymət alıb, evə qayıtmalı idilər. Uşaq haqqında xoş xəbər eşitmək valideyin üçün çox yaxşıdır. Mənim dörd övladımın hamısı ali təhsil alıb və işlədiyi yerdə də həmişə seviliblər,  böyük hörmət qazanıblar. Nəvələrim də çox yaxşı təhsil alıb və hamısı da ali təhsillidir. Uşaqlarımı və nəvələrimi məcbur eləmişəm ki, bədii ədəbiyyat çox oxusunlar. Çünki bədii ədəbiyyat böyük həyat universitetidir. Mən özüm təkcə Azərbaycan ədəbiyyatı yox, dünya ədəbiyyatından mindən çox kitab oxumuşam.

- Siz uzun illər müəllim işləmisiniz, çoxlu şagirdlər yetişdiribsiniz və övladlarınızı,  nəvələriniz də məcbur eləyibsiniz ki, dərslərini yaxşı oxusunlar. İndiki cavan valideyinlərə nə tövsiyyə edərdiniz?

- İlk öncə valideyin və uşaq arasında böyük pərdə olmamalıdır. Uşaq valideyindən qorxanda ürəyindəkiləri deyə bilmir. Mənimlə uşaqlarımın arasında heç bir sirr yox idi. Mən onlarla dost olmuşam. Onlar gəlib hər şeyi mənə deyirdilər. Mən də onlara lazım olan ağıllı  məsləhətlər vermişəm. Mən uşaqlarımı həyətdən başqa heç yerə buraxmamışam.  Açığı indi çoxlu valideyinlər var ki, uşaqlarının hara  getdiyi ilə maraqlanmır və onu da  deyir qoy uşaq  gedib dərslərini məktəbdə öyrənsin. Müəllimlərə maaşı buna görə verirlər ki, şagirdləri öyrətsinlər. Bu valideyinlər çox səhv edirlər. Sonra məcbur olub, repetitor tuturlar və ona da filan qədər pul veirlər. Ona görə də indi savadsızlıq baş alıb gedir.

-Əlli yeddi il müəllimlik təcrübəsi olan Şərqiyə müəllimə  indiki təhsildən razıdırmı?

-Açığı yox. Razı deyiləm. Çünki ilk öncə müəllim öz ixtisasını çox mükəmməl bilməlidi. Əgər müəllim öz fənnini  bilmirsə, şagird  bunu hiss eləyir və həmin müəllimə onun istəyi, inamı  olmur. Müəllim öz fənnini mükəmməl bilsə, şagirdlər ona maraqla qulaq asacaqlar. Müəllim həm də özünü şagirdə sevdirməyi bacarmalıdır. Heç bir şagird arasında fərq qoymamalıdır. Axı müəllim qaranlığı yaran işıq deməkdir. Bu işığı da  şagirdə gətirən, onun beyninə yeridən  müəllimdir. Açığı bu gün elə şagirdlər və tələbələr var ki, onlar dərsə  gəlmir və hətta onalara yüksək qiymətlər də yazırlar. Yuxarı siniflərin  şagirdləri dərsə  getmir  və repetitor yanına gedirlər. Hətta repetitor yanına gedənlər daha çoxluq təşkil eləyir, nəinki dərs gələnlər. Retetitordan da həmin şagird  ali məktəbə imtahan verəcəyi fənnləri öyrənir, o birilərini yox. Belə təhsil olarmı? Bu uşaq sonralar hər tərəfli bilikli ola bilərmi? Bu gün ali məktəblərdə tələbələr pulla oxuyurlar. Onlar sonra necə gedib müəllim işləyə bilərlər. Hətta tanıdığım müəllim var, ingilis dili müəllimidir. Ali məktəbi qırmızı diplomla bitirib. Məktəbdə dərs deyir, amma özü ingilis dilini öyrənmək üçün kursa gedir ki, qrammatikanı öyrənsin. Bəyənmədiyimiz  Sovet dövründə belə şeylər demək olar ki, yox idi. Savad həmin vaxtı əsas meyar  idi. Nə qədər ki, biz həmin əvvəlki meyara qayıtmayacağıqsa, yüksək  savadlı müəllimlər yetişdirməyəcəyiksə, təhsilimiz  heç vaxt yaxşı inkişaf edə bilməyəcək. Bir milləti də məhv etmək üçün onun təhslini əlindən almaq kifayətdir. Çünki hər bir millətin güzgüsü və öz sözünü  başqa millətlərin yanında lazım olan kimi deməsi,  onun təhsilidir.

Müəllim qaranlığı yaran işıq deməkdirAğalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Müəllim qaranlığı yaran işıq deməkdir

 

Müəllim qaranlığı yaran işıq deməkdir

 


 

 

 

скачать dle 12.1

Şərhlər