SON DƏQİQƏ

Şükürlü İNSAN

Tarix:

3-06-2022, 19:02

/ 2 690 dəfə oxundu.
Şükürlü İNSAN

Acı xəbəri eşidəndən özümü çox pis hiss eliyirəm. Uzun müddət eyni kollektivdə çalışdığım dəyərli müəllim yoldaşımın itkisi məni çöx sarsıtdı.

Mən Tənənəm kənd orta məktəbinin kollektivində müəllim kimi fəaliyyətə başlayanda o,artıq tarix müəllimi kimi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul idi. 1976-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu (indiki Naxçıvan DU) bitirmişdi. Təyinatla Şərur rayonunun Sədərək (indi Sədərək ayrıca rayondur), sonra Sərxanlı, 1976-cı ilin oktyabr ayından doğulduğu Tənənəm kəndində tarix müəllimi işləmişdir.  Dərs dediyi şagirdlər Azərbaycanın və başqa ölkələrin ali məktəblərində təhsil alaraq dəyərli mütəxəssis kimi fəliyyət göstərirlər.

Bu gün hamı onun xoş xatirələrindən danışır. Kollektivdəki səmimiliyi, zarafatları, kiminsə çətinə düşəndə aldığı məsləhətlər, şagirdlərə, gənc kadrlara göstərdiyi düzgün yol, bir sözlə hər kəsi öz diliylə danışdıran ŞÜKÜRlü insan idi. 
Mən altı yaşında məktəbə getmişəm (bir il tez). Məktəbə getməmişdən yazıb-oxuya bilirdim. Hətta yuxarı siniflərin dərs kitablarını belə. Məktəbin yanından keçəndə əllərində dərs kitabları məktəbin həyətində növbəti dərsin kitabını oxuyub təkrar edənlər məni görən kimi tutub saxlayar, kitab oxudub gülürdülər ki, hələ buna bax, məktəbə getmir, bəzi yuxarı sinif şagirdlərindən yaxşı oxuyur. Onlardan biri də Şükür müəllim, Alim müəllim, Bayram və başqaları idi. 

Məktəb işini cox gözəl bilirdi. Müəllimlərin hansı çətinliyə düşəndə Şükür müəllim dadına çatardı. Orta məktəbi yaxşı oxuduğundan bütün fənlər onun üçün tarix fənni kimi asan gəlirdi. Hər dəfə kənd içinə çıxanda yaşlı insanlar ondan  dünyada baş verən hadisələrdən danışmağı soruşardılar. O isə lider dövlətlərin ikili siyasətindən (ikiüzlülüyündən), müsəlman, türk dövətlərinin nə vaxtsa birləşəcəyindən, dünyada söz, güc sahibi olacağından, Turan birliyinin yaranmasından danışırdı. Bu gün onun dedikləri reallığa çevrilməkdədir. Arzularından biri də Qarabağın işğaldan azad olunması idi. Nə yaxşı ki bunu gördü.

Bu gün Tənənəm kənd tam orta məktəbinin müəllim və şagird kollektivi Şükür müəllimi hörmətlə yad edir, ona Allahdan rəhmət diləyir, oğlanları Sabir,Cəmaləddin, Elşən və Çingizə səbr diləyirik.

...Bir də belə acı xəbərlər haqqında xatirə yazmamaq arzusu ilə   
 
Nazim Eyvazov
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ