SON DƏQİQƏ

KİTAB ADAMI

Tarix:

9-03-2021, 15:06

/ 2 990 dəfə oxundu.
KİTAB ADAMI

Çox az sayda elm-sənət olur ki, araşdırıb öyrəndiyi, hətta başqalarına da öyrətdiyi peşəsinin ab-havası ilə özünün daxili aləmi və xarakteri arasında bir uyğunluq, harmoniya yarada bilsin. Uzun illərdən bəri tanıdğım kitabşünas alim, professor Bayram Allahverdiyev bütün ömrünü həsr etdiyi kitab sənəti ilə özünün sadə və maraqlı şəxsiyyəti arasında bu harmoniyanı yarada bilmişdi. Adama elə gəlirdi ki, kitabşünaslığın elmi və tədrisi ilə məşğul olanlar məhz Bayram müəllimə oxşamalı, onun kimi dərin düşünməli, aramla danışmalı, onun kimi ləngərli yeriməli, insanları onun kimi çox səbrlə dinləməlidir. Çünki Bayram Allahverdiyev öz sahəsinin gözəl bilicisi, nüfuzlu bir alim idi, elmi istedadı, sistemli araşdırmaları və tədqiqatçı mədəniyyəti ilə ölkəmizdə kitabxanaşünaslığı müasir elmin ayrıca sahəsinə çevirənlərdən biri sayılırdı.

Bayram müəllim, sözün bütün mənalarında kitab adamı idi. O, qədimli-müasirli hər növ kitabı öyrənirdi, dünya kitab sənəti ilə milli kitabçılıq arasındakı qədim bağları çözələyirdi, kitab işinin ümumi problemləri, o cümlədən kitab tipologiyası ilə məşğul olurdu. Zəhmətkeş bir alim kimi "Kitablar haqqında kitab” (1972) yazırdı, "Kitabşünaslığ”ın (1974) elmi və tədris yönlərini araşdırırdı, "Müasir mərhələdə kitab ticarətinin təşkili” (1996), bu sahədə menecment məsələlərini tədqiq edirdi. Çalışdığı elm-təhsil ocağı olan "Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti”ni (2010) tədqiqat obyektinə çevirir və araşdırma apardığı bütün istiqamətlərdə də ciddi elmi uğurlar qazanırdı.

Kitab çapı dünyanın ən böyük kəşflərindən biridir. Bu kəşf sayəsində bəşəriyyət ən azı 500 il "Qutenberq erası”nda yaşayıb, insanların ruhu və beyni kitab bilikləri ilə qidalanıb. Dünya elmi məhz bu kitabların sayəsində irəli gedib, insanlar məhz kitabların aşıladığı bilik və bacarıqların işığında öz həyatlarını yaxşıya dəyişə biliblər. İndi bəzən bəlli dairələrdə "elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır” kimi mübahisələr dolaşır. Bəlkə də məsələnin bu şəkildə qoyuluşu ilə razılaşmaq olar, amma bütün hallarda məhz kitabın verdiyi biliklər tarixən insanların zəkasını işıqlandıraraq onları nadanlıqdan və zülmətdən xilas edib. Bayram müəllim də bu dünyaya gözünü kitablarla açmışdı, onlarla böyümüşdü. Müdrikliyi də, insanlara sevgisini də bu kitablardan almışdı.

Bayram müəllimlə yaxın mərtəbələrdə dərs dediyimiz üçün tez-tez görüşərdik, bəzən elə pilləkənlərdə ayaqüstü, bəzən də kafedrada uzun-uzadı söhbətlər edərdik. Çox vaxt öz işlərimizdən – mətbuatın və televiziyaların problemlərindən, indiki vəziyyətdə kitab işinin vəziyyətindən, mütaliə və çap məsələlərindən, gənclərin kitab oxumamasından danışardıq. Professorun problemlərə müdrik yanaşması, hədsiz nikbinliyi, "hər şey yavaş-yavaş düzələcək” qənaətləri məni həmişə heyrətləndirirdi. Baxırdım ki, zarafat eləmir, hər şeyə keçid dövrünün fəsadları kimi baxır və dediklərinə də əməlli-başlı inanır. Bayram müəllim çox ləngərli, təmkinli və soyuqqanlı adam idi. Mənə elə gəlirdi ki, o heç vaxt və heç nə üçün əsəbləşib özündən çıxa bilməzdi. Bəzən biz şikayət edəndə ki "tələbələr oxumurlar”, çox soyuqqanlıqla deyərdi ki, tələbəni danlamaq çıxış yolu deyil, danladıqca olub-qalan həvəsləri də itir.

Əsasən kitab tarixçisi olan prof. B.Allahverdiyev apardığı tədqiqatlar nəticəsində min illik inkişaf yolu olan kitab nəşrindən, XI-XVIII əsrlərdə Azərbaycan əlyazma kitablarından, xəttatlıq sənətindən tutmuş müasir ktabşünaslığın problemlərinə qədər müxtəlif məsələlərdən bəhs edən çoxlu sayda monoqrafiya, icmal materialları, dərslik və dərs vəsaitləri çap etdirmişdir. Bu əsərlərlə yanaşı, mən Bayram müəllimin elmi bioqrafiyasında xüsusi yeri olan "Kitabşünaslıq və nəşriyyat işi” adlı elmi-nəzəri təcrübi jurnalı haqqında ayrıca danışmaq istərdim.

2008-ci ildən nəşrə başlayan və elmi düşüncənin inkişafı üçün müəyyən ümidlər verən həmin jurnalın təsisçisi və baş redaktoru B. Allahverdiyev idi. Mən də Redaksiya heyətinin üzvü olduğuman hazırlıq prosesində Bayram müəllimlə daha tez-tez görüşür, toplanmış məqalələr barədə fikir mübadiləsi aparardıq. Bəzi məqalələri, o cümlədən jurnalistika ilə kəsişən mövzularda olan yazıları qiymətləndirməyi məndən xahiş edərdi. Mən bu məsələlərdə professorun necə tələbkar və ciddi redaktor olduğunu görürdüm. Bəzi müəlliflərin məqalələrinin jurnal üçün yaramadığını deyib geri qaytardığının da şahidi olmuşam. O, bir naşir kimi jurnalın üstündə əsirdi, zəif məqalələrin orada çap olunmasına qarşı çıxır, ümumi elmi səviyyəni qoruyub saxlamağa çalışırdı. Bayram müəllim təxminən on il - ömrünün sonuna qədər (2018) bu jurnala uğurla rəhbərlik etdi və onu müasir standartlara cavab verən elmi nəşr səviyyəsinə qaldıra bildi. Ona görə mən bu elmi jurnalı B.Allahverdiyevin kitabşünaslıq elmimizə ciddi töhfəsi hesab edir.

Hər insan ömrünün bir hekayəti var. Professor Bayram Allahverdiyevin ömür hekayəti kitabla bağlıdır. O kitabla doğuldu, kitabla böyüdü, həyatını kitablara bağladı, həyat dərsini kitablardan aldı. Bayram müəllimin həyat məramı və elmi fəaliyyəti yalnız kitaba kökləndi. O, bütün ömrü boyu kitablardan yazdı, kitabı öyrəndi, kitabı tədris etdi. Və nəhayət, özü də mənalı bir ömür kitabına çevrildi. Buna görə də Bayram müəllim onu tanıyanların və sevənlərin yaddaşında məhz kitab adamı kimi yaşayır.

Qulu MƏHƏRRƏMLİ

Professor

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ