SON DƏQİQƏ

Bir stəkan çay qədər doğma

Tarix:

21-05-2026, 13:18

/ 6 161 dəfə oxundu.
Bir stəkan çay qədər doğma

İLAHƏ ALLAHVERDİYEVA yazır

21 may — Beynəlxalq Çay Günüdür.
Bu xəbər ilk baxışda adi görünür. Təqvim onsuz da müxtəlif günlərlə doludur. Amma çayın adı çəkilən anda insanın yadına tarix düşmür. Ev düşür. İşığı gec sönən mətbəx düşür. Qapı açılan kimi eşidilən o tanış səs düşür: “Çay süzüm?”
Azərbaycanda çay sadəcə içilmir. Azərbaycanda çay evin nəfəsi kimi yaşayır.Bizim süfrələrdə çay yeməkdən sonra gələn adət deyil. O, insanların arasındakı məsafəni azaldan görünməz yaxınlıqdır. Küskün adamın səsini yumşaldır, yorğun insanın içini sakitləşdirir, qonağı yadlıq hissindən çıxarıb ev adamına çevirir.
Bir armudu stəkanın içində illərin izi olur. Bunu yalnız bu torpağın insanı anlayır. Elə evlər var ki, samovarın səsi uşaqlığın yaddaşına hopub. Elə axşamlar var ki, bütün günün ağırlığı çayın isti buxarıyla yavaş-yavaş çəkilib gedib. Masa arxasında biri danışıb, biri susub, amma ortadakı çay hamını eyni söhbətin içində saxlayıb.Çünki çay bizdə içki deyil. Hal-əhvaldır. Sükutdur. Doğmalığın masadakı yeridir.Çay insan xasiyyətinə də bənzəyir. Tələsmir. Asta dəmlənir. İstiləndikcə rəngi dərinləşir. Soyuyan kimi əvvəlki dadını itirir.İnsan münasibətləri də elədir.
Çayın dəyəri heç vaxt təkcə onun dadında olmayıb.Bir evdə samovar gecəyarısına qədər qaynayırsa, deməli orada hələ söhbət ölməyib. Bir ana yorğun halda mətbəxə keçib çay süzürsə, deməli o evdə qayğı hələ yaşayır. İnsanlar bəzən demədiklərini bir stəkan çayın yanında anlayırlar. Elə buna görə çay bizə sadəcə istilik vermir. İnsanın içində soyumağa başlayan yerləri də isidir.
Çünki insan həyatda ən səmimi söhbətlərini çox vaxt çay yanında edib. Ata ilə oğulun susaraq anlaşdığı anlarda da çay olub, gecəyarısı edilən dərd söhbətlərində də. Bəzən bir stəkan çay uzun cümlələrin görə bilmədiyi işi görüb — insanları bir-birinə yaxınlaşdırıb.
İndi həyat daha sürətlidir. Hamı harasa çatmağa çalışır. Evlərdə televizorların səsi artır, amma söhbətlər azalır.Belə bir zamanda çay hələ də insanları eyni masa arxasında saxlamağı bacarır.
Ona görə 21 may sadəcə Beynəlxalq Çay Günü deyil.Bu gün, bir armudu stəkanın buxarında uşaqlığını, doğmalığını və insana aid qalan son istiliyi qoruyub saxlayanların günüdür.
скачать dle 12.1

Şərhlər