
Biz şəhərlərə çox vaxt sadəcə beton divarlar, işıqforlar və bir-birini kəsən yollar kimi baxırıq. Halbuki yaşadığımız şəhər bizim yaşadığımız acılı-şirinli xatirələri özündə daşıyır. O, sanki bizimlə nəfəs alan, danışan, yeri gəldikcə susan, xatırlayan bir yaddaşdır. Yanından ötüb keçdiyimiz küçələrdə yalnız addımlarımız deyil, içimizdən qopub orada qalan duyğular yaşayır. Hər səkinin altında bir həsrət, hər döngənin arxasında unudulmayan bir xatirə yatır.
Gündüzlər şəhər yorucu bir mənzərəni xatırladır. İnsanlar harasa tələsir, maşınlar bir-birinin səsini boğur, gecikmiş görüşlər, yarımçıq zənglər, yorğun baxışlar küçələrə səpələnir. Asfaltın üzərində iz salan minlərlə ayaq izinin əslində hansı hekayənin qəhrəmanına aid olduğunu da kimsə düşünmür. Halbuki hər addımın arxasında görünməyən bir həyat var – arzular, qorxular, ürəkdə gizlədilən son ümidlər…
Amma gecələr şəhər tamam başqa olur. Gün batıb insanlar evlərinə çəkiləndə küçələr səssizliyin içində öz həqiqi simasını göstərir. Elə bil gündüz boyu gizlətdiyi bütün xatirələri yavaş-yavaş nəfəs kimi havaya buraxır. Saralmış küçə işıqları altında yollar daha kədərli görünür. Sanki şəhər həmin an insanlardan gizli şəkildə keçmişini xatırlayır.
Hər şəhərin öz “xatirə məkanları” var. Bəzən bir park, bəzən köhnə bir ağac, bəzən də illərdir dəyişməyən dar bir küçə… Onlar zamanın içində susaraq yaşayır və minlərlə insanın sevincini, ayrılığını, peşmanlığını özündə saxlayır. Kimsə o küçədən hər keçəndə illər əvvəl eşitdiyi səsi xatırlayır, kimsə isə xatirələri yenidən oyatmamaq üçün yolunu dəyişir.
Rəşid Behbudovun səsindəki o nisgil boşuna deyil: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...”
Bəlkə də insanlar illərlə küçələrə ona görə bağlanırlar ki, sevdikləri bir insanın izi hələ də orada yaşayır. Çünki bəzi xatirələr insanın yaddaşından silinsə belə, şəhərin yaddaşından silinmir.
Parklardakı boş oturacaqlar isə bu şəhərin ən səssiz şahidləridir. İnsanlar onları sadəcə taxta və dəmir parçası hesab edir. Amma o oturacaqlar neçə yarımçıq söhbəti, susaraq edilən etirafı, neçə səssiz vidanı özündə gizlədir… Birinin kənarında ayrılığın soyuqluğu qalıb, digərində bir qocanın təkliyindən çökmüş ağır sükut yaşayır. Orada əyləşən insanlar getsələr də, amma qoyub getdikləri duyğular həmin taxtaların yaddaşında donub qalır.
Bəzən şəhər insanlardan daha yaxşı xatırlayır. İnsan unudur, zaman keçir, səslər itib gedir… Amma bir küçə, bir park, bir oturacaq illərlə eyni yerdə dayanaraq keçmişin yükünü daşıyır. Elə buna görə də şəhərlər daşdan yox, xatirələrdən tikilir.
Biz gecələr rahat yuxuya getsək belə, şəhər əsla yatmır. O, gecənin səssizliyində bizim unuda bilmədiyimiz hər şeyi öz qoynunda qoruyub saxlayır — toza qarışan xatirələrimizi belə…
Nurtac İsmayılova
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi































