
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin yarısından çoxu yaşayır.
Azərbaycan Ordusunun 2020-ci ildə apardığı əks-hücum əməliyyatı nəticəsində düşmənin cəbhə boyunca müdafiə xətti yarıldı. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad edildiyini elan etdi. Bu xəbər ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Füzuli şəhərinin azad olunması yalnız hərbi deyil, eyni zamanda mənəvi və simvolik əhəmiyyət daşıyırdı. Çünki Füzuli şəhəri illərlə Qarabağ həsrətinin, ədalətsizliyin və ağrıların simvoluna çevrilmişdi. Bu şəhərin azad olunması xalqımızın əzminin və dövlətimizin gücünün parlaq nümunəsi oldu. Füzulinin azad olunması ilə bərpa və dirçəlişin ilk addımları da bu torpaqdan atıldı. Azadlıqdan dərhal sonra Füzulidə genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin tamamilə yenidən qurulması üçün planlı və mərhələli şəkildə addımlar atıldı. Füzuli Beynəlxalq Hava Limanının inşası bu istiqamətdə atılan ilk və ən mühüm addımlardan biri oldu. Bu hava limanı qısa müddət ərzində tikilərək istifadəyə verildi və azad edilmiş ərazilərə ilk böyük qapı rolunu oynadı. Bununla yanaşı, şəhərdə yeni yollar salındı, dəmir yolu xətləri bərpa edildi, enerji və su təchizatı sistemləri quruldu. Həmçinin məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət evləri və yaşayış komplekslərinin tikintisi sürətlə həyata keçirildi. Füzulidən başlayan dirçəliş yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu torpaqlarda həyat yenidən canlanır, mədəniyyət bərpa olunur, insanlar öz doğma yurdlarına qayıdır. Bu gün Füzuliyə köçürülən ailələr müasir şəraitlə təmin olunur, kənd təsərrüfatı və biznes imkanları üçün yeni layihələr icra edilir. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli rayonu prioritet istiqamətlərdən biri kimi seçilib. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Əlbəttə, keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoyulması Azərbaycan xalqının qəlbində sonsuz senvinc və fəxarət hissi oyadır. Xalqımız öz ata-baba yurdlarına qayıdan həmvətənlərimizlə onların sevincini bölüşərək, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir. Füzuli rayonunda həyata keçirilən mühüm quruculuq işləri fonunda Azərbaycan və Özbəkistan, eləcə də Qazaxıstan dövlətləri arasında dostluq rəmzi olan Mirzə Uluqbəy adına olan məktəbi və Kurmanqazı adına Uşaq Yaradıcılıq mərkəzini xüsusilə qeyd etməliyik. Hər iki müəssisə dost və qardaş dövlətlərin başçılarının təşəbbüsü ilə inşa olunmuşdur. Bu isə şübhəsiz ki, dövlətlərimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun, qardaşlığın rəmzidir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın 2023-cü il iyul ayının 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. 17 oktyabr Füzuli şəhəri Günü kimi qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Türkanə Mübariz






























