
Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix kimi qalmır, xalqın yaddaşına, qəlbinə qan və qürurla həkk olunur.
27 sentyabr məhz belə bir gündür. Bu gün təkcə Anım günü deyil, həm də vətənimiz qarşısında and günümüzdür. O səhər torpaq sanki nəfəs aldı. Qarabağın dağları, Arazın sahilləri, Şuşanın qayaları səs verdi: “Övladlarım, mənə sahib çıxın!” Bu çağırışa cavab verən igidlərimizin sırasında Şərurun mərd övladları da vardı. Onlar doğma kəndlərindən, ailələrindən, övladlarının gülüşündən ayrılıb Vətən qucağına sarıldılar. Hər addım, hər nəfəs azadlıq yolu oldu. Onların qanı ilə yoğrulan torpaq bu gün bizə qələbə sevinci bəxş edir.
Şərurun igid övladları yalnız döyüş meydanında silah çiynində dayanmadılar, həm də xalqımızın ürəyində, torpağın hər qarışında qəhrəmanlıq hekayəsi yazdılar. Onların adları hər çinar ağacında, hər dağ zirvəsində, hər məktəb yolunda əbədi yaşayır. Hər şəhid anasının göz yaşında torpağın dirçəliyi, hər şəhid atasının dik baxışında millətin qüruru görünür. Onlar yıxıldılar ki, Azərbaycan ayağa qalxsın, torpaqlarımız azad olsun.
Bu qələbənin qazanılmasında böyük rol oynayan, xalqımızı bir amal uğrunda birləşdirərək düşməni diz çökdürən və Azərbaycanın əbədi qələbəsini təmin edən Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevdir. Onun dəmir iradəsi, uzaqgörən siyasəti və xalqımıza olan sonsuz sevgisi sayəsində bayrağımız Qarabağ səmasında əbədi dalğalanır, torpaqlarımız azad və suveren olaraq millətimizin qürur mənbəyinə çevrilir. Şərur ictimaiyyəti olaraq bildiririk ki, biz şəhidlərimizin müqəddəs xatirəsini daim uca tutacaq, qazandığımız qələbəni qorumaq və möhkəmləndirmək naminə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşəcək, Vətənimizi əbədi yaşadacağıq. Şəhidlər ölməz, Vətən bölünməz! 27 sentyabr – şəhidlərimizin sükutu deyil, xalqımızın qürur və and günüdür!
Biz – Şərur Rayon İctimai Şurası bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və can sağlığı diləyirik. Onların ailələrinə və yaxınlarına dərin ehtiram və minnətdarlığımızı bildiririk. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, əmanətini – Azərbaycanı – qoruyacağımıza and içirik. Tağzade Məhərrəm
Şərur Rayon İctimai Şurası Katibi
































