SON DƏQİQƏ

Cümhuriyyət-Sən bu torpağın sahibisən...

Tarix:

27-05-2025, 22:36

/ 4 587 dəfə oxundu.
Cümhuriyyət-Sən bu torpağın sahibisən...

Məhərrəm TAĞIZADƏ
Tarix var ki, onu yalnız oxuyursan. Bir də tarix var ki, onu oxumursan – onu hiss edirsən. O, sənə baxan şəhid gözüdür, o, başının üstündə dalğalanan bayraq kölgəsidir. 28 May – məhz o tarixdir. Əsrlərlə susan bir xalqın boğazından qopan ilk azadlıq nidasıdır bu gün. Və bu nida nə güllə ilə, nə qılıncla – imanla, iradə ilə, milli ruhla yazıldı.     Azərbaycan Xalq Cümhuriyyəti... Adı bir misra, özü bir dastandır. Sanki min illik zülm gecəsinin içindən bir ulduz süzüldü – xalqın alnına nur kimi qondu. Cəmi 23 ay yaşadı, amma bu 23 ayın hər günü tarixə bir qəhrəmanlıq dastanı, bir dövlətçilik dərsi yazdı.
     Cümhuriyyət – bu söz təkcə dövlət quruluşu deyildi, bu, qəlbin azadlıqla görüşü idi. Bu xalq başını dik tutub tarixə baxdı və dedi: “Mən varam! Mən azadam!” Bu, sanki torpağın nəfəs alması, suyun canlanması, dağın danışması idi...
     Parlament açıldı – amma o bina daşdan hörülməmişdi. Orada qərarlar yox, xalqın taleyi yazılırdı. O zalda səslənən hər söz – bir millətin ürək döyüntüsü, bir xalqın nəfəsi idi. Onlar qanun qəbul etmirdi, azadlığın əlifbasını yazırdılar.
      Maarifə açılan yol, mədəniyyətə göstərilən diqqət, milli dili dövlət dili elan etmək – bunlar sadəcə qərarlar deyildi. Bunlar bir xalqın öz kimliyini təntənə ilə tanıması, içindəki qəhrəman ruhun oyanması idi.
     Və qadın... Bu torpağın səssiz qəhrəmanı, yurdun sarsılmaz dayağı. Əsrlər boyu kölgədə qalan, amma hər zaman evin, elin, millətin yükünü çəkən qadın. Cümhuriyyət ona yalnız səs hüququ vermədi – onu tarixə şəxsiyyət kimi yazdı. Bu, təkcə qanun dəyişikliyi deyildi – bu, bir xalqın öz qadınına "sən də bu torpağın sahibisən" deməsi idi. O gün qadın yalnız ana, bacı, yar deyildi – o, dövlətin qurucusu, cəmiyyətin bərabər üzvü kimi tarixə daxil oldu. Və bu, azadlığın ən saf, ən dərin ifadəsi idi.
    Ordu quruldu – silahla yox, ruhla. Hər bir əsgər – səngərdə deyil, həm də tarix səhnəsində vuruşurdu. Hər bir məmur – qələm tutan bir dövlət memarı idi. Cümhuriyyətin hər günü bir inşa, hər addımı bir dua idi.
    Və sonra... Gecə yenidən düşdü. Bolşevik qaranlığı azadlıq günəşini örtdü. Amma o günəş batmadı – xalqın sinəsində gizləndi. Bir xalq susanda, onun ruhu danışır. Azərbaycan susdu, amma əsla unutmadı. Bu gün isə, biz həmin günəşin altında oturmuşuq.
     Ulu öndər Heydər Əliyev deyirdi: "Xalq Cümhuriyyəti bizim tariximizin şərəfli səhifəsidir. Onun qoyduğu təməl müstəqil Azərbaycanın bünövrəsidir." O təməl bu gün dağlar qədər əzəmətli, ana qucağı qədər isidir.
     Prezident İlham Əliyev isə bu irsi yalnız yaşatmır – ona nəfəs verir, onu danışdırır: "Biz bu irsin varisiyik və onu əzmlə, qürurla gələcəyə daşıyırıq." O irs – artıq bir yaddaş deyil. O irs ağac kimi boy atıb, çinar kimi köklənib. Onun kölgəsində biz dayanmışıq – vüqarla, inamla.
     28 May – sən təkcə bir tarix deyilsən,
Sən xalqın alnına həkk olunmuş bir işıq cizgisisən.
Sən əsrlərlə susan bir millətin qəlbindən qopan azadlıq nidasısan.
     Hər dəfə bayraq dalğalandıqca, sən yenidən doğulursan –bir əsgərin andında, bir ananın dualarında, bir məktəblinin gələcək xəyallarında. Qoy hər may səhəri sənin kimi parlaq doğsun. Qoy heç bir uşaq səni yalnız dərslikdən öyrənməsin – qəlbindən yaşasın!
скачать dle 12.1

Şərhlər