SON DƏQİQƏ
» » Anım Günü milli birliyi, tarixi qələbənin təntənəsini ehtiva edir

Anım Günü milli birliyi, tarixi qələbənin təntənəsini ehtiva edir

Tarix:

27-09-2025, 08:57

/ 3 601 dəfə oxundu.
Anım Günü milli birliyi,  tarixi qələbənin təntənəsini ehtiva edir

27 sentyabr – Anım Günü xalqımızın tarixində dərin izlər buraxmış və qəhrəmanlıq salnaməsində xüsusi yer tutan şanlı səhifələrdən biridir. 

Düşmən 27 sentyabr 2020-ci il səhər saatlarında atəşkəsi kobud şəkildə pozaraq cəbhə xətti boyunca həm hərbi mövqelərimizi, həm də dinc yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində 11 dinc vətəndaş, o cümlədən uşaqlar həyatını itirdi. Azərbaycan xalqının səbr kasası daşdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Beləliklə, xalqımızın uzun illər həsrətlə gözlədiyi Qurtuluş savaşı – 44 günlük Vətən müharibəsi başlandı.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ədalət yürüşünə çevrildi. Qəhrəman ordumuz 44 gün ərzində yüz illərin ağrı-acısını zəfərə çevirdi. Xalq, ordu və Ali Baş Komandan bir yumruq oldu. 44 günlük savaşda Azərbaycan 3 minə yaxın şəhid verdi. Onların hər biri torpaq, bayraq və Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşdu. Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qalıb. Ordumuzun qəhrəmanlığı, yüksək döyüş hazırlığı və xalqın müstəsna dəstəyi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Ən çətin əməliyyatlardan biri – Şuşanın azad olunması Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını dünyaya nümayiş etdirib.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarılıb. Bu şanlı Qələbə xalqın milli birliyinin, dövlətin siyasi qətiyyətinin və diplomatik məharətinin təntənəsi idi. Qazanılan Zəfər həm də uzun illər xalqımıza sarsılmaz inam və gələcəyə güvən bəxş edib.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi  bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram: Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

Azərbaycan dövləti tarixi Zəfəri gələcək nəsillərin yaddaşında əbədi yaşatmaq üçün mühüm layihələr həyata keçirir. Paytaxtda salınan Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqın qəhrəmanlıq dastanını dünyaya təqdim edir. Vətən müharibəsi bitdikdən sonra dövlətin əsas prioritetlərindən biri də şəhid ailələrinin və qazilərin sosial müdafiəsi oldu. Onların həyat şəraitinin yaxşılaşdırılması, müalicəsi və ehtiyaclarının qarşılanması məqsədilə ardıcıl addımlar atılır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “YAŞAT” Fondu minlərlə hərbçinin ehtiyacını qarşılayıb, onların yanında olub.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər