SON DƏQİQƏ

Qəhrəman atanın qəhrəman oğlu

Tarix:

30-10-2024, 21:48

/ 3 493 dəfə oxundu.
Qəhrəman atanın qəhrəman oğlu

Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalaraq adını tarixin qızıl səhifələrinə yazmış qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir. Əslən Ağdamlı olan Səməndər İsmayılzadə 25.08.1990-cı ildə Yevlax şəhərində baş leytenant, I Qarabağ müharibəsində yaralanmış ikinci qrup əlil Vahid İsmayılovun ailəsində dünyaya göz açıb. Atasının yolu ilə gedən Səməndər ana babasının adını daşıyırdı. 
Səməndər 1996-cı ildə Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin I sinifinə getmiş, 2007-ci ildə məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra diş texniki, mühafizəçi, anbardar vəzifələrində işləyib. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. Gözünü açıb evdə atasını hərbçi görən Səməndərin hərbiyə çox böyük həvəsi vardı. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən ZTR-82 A komandir kursunu bitirir. Gizir hazırlığı kursunu bitirmə haqqında GHN3090 sertifikatı da alır. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi, işgüzar keyfiyyətlərinə görə fəxri fərmanlarla və “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) yubiley medalı ilə təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində də böyük qəhrəmanlıq göstərmişdir.
Azərbaycan Ordusunun giziri Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, 2020-ci ilin oktyabrın 28-də Füzuli döyüşləri zamanı snayper gülləsi ilə aldığı yaradan şəhid olmuşdur. O, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər məzarlığında torpağa tapşırılmışdır.
Cəbrayıl, Xocavənd və Füzuli rayonarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Səməndər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azadlığı uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilmişdir. Səməndər İsmayılzadənin şəxsi əşyaları - yay və qış hərbi geyimləri, ayaqqabıları, telefonu, şəkilləri, fəxri fərmanları Milli Azərbaycan Tarixi Muzeyindədir. 
İki bacının tək qardaşı olan Səməndər İsmayılzadə daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Hörmətlə sizi anırıq vətənin qeyrətli oğlu.

Türkanə Mübariz
скачать dle 12.1

Şərhlər