SON DƏQİQƏ

Tənhalığa GEDƏN YOL

Tarix:

18-11-2023, 19:13

/ 2 717 dəfə oxundu.
Tənhalığa GEDƏN YOL

Həsənəli Eyvazlı
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutunun
kafedra müdiri, sair-dramatur


Qaytarın  geriyə uşaqlığımı,
Yaman darıxmışam o günlər üçün.
Yığışıb bir yerdə hay saldığımız,
O səslər, o küylər, o ünlər üçün.

Hey şuluq edərdik, baxmazdıq sözə,
Kiçik kəndimizi  dünya bilərdik.
Anamın verdiyi “Xan dürməyi”ni,
Neçə uşaqlarla yarı bölərdik.

Beləcə..., böyüdük iki yaş , üç yaş,
Məktəbə yollandıq yeddi yaşında.
Bir gün də “bığ yeri” tərləyən zaman,
Qızlara söz atdıq bulaq başında.

Qızlara söz atdıq-qorxaq, çəkingən,
Onlar incimədi, gülüb getdilər.
Cəsarət toplayıb baxa bilmədik,
Sanki qəlbimizi çalıb getdilər.

O gündən dəyişdi həyatda hər şey,
Böyüdü gözümdə kiçik kəndimiz.
Çiçəklər ətrini yaydı başqa cür,
Niyə bu günədək duymamışıq biz?

Ağacda quşlar da ötdü başqa cür,
Yerdə təbiətin rəngi dəyişdi.
Elə bil, bir başqa dünyada idik.
Bizə nə olubdu, bu necə işdi?

Beləcə, yetgin bir cavana dönüb,
Uşaqlıq səddini keçib aşırdıq.
Qayğısız uşaqlıq günlərimizlə,
Özümüz bilmədən vidalaşırdıq.

Cavanlıq adına möhür vuraraq,
Sevgi dünyasına qədəm qoyurduq.
Xəyal aləminə qapılıb hərdən,
Nə söz eşidərdik, nə səs duyardıq.

Gözaltı eylədi hərə bir qızı,
Nişan da göndərdik, toy da eylədik.
Həyatda ən xoşbəxt adamlar kimi,
Daha bir dərdimiz yoxdu, söylədik.

Hərdən düşünəndə o günləri biz,
Nağıl dünyasında sanki üzürdük.
Bəzən də “subaylıq-sultanlıq” deyən,
Bəzi cavanlara dodaq büzürdük.

 Bir gün “ata” olduq, yeni “ad” aldıq,
 Boy atdı ürəkdə neçə arzular.
Böyüsün, boy atsın, toyunu görək...,
Bir ata qəlbində daha nələr var?...

Uşaqlar böyüdü qayğılarıyla....
Min-bir arzularla elçi də getdik.
Yığışdı qohumlar, dostlar, tanışlar,
Böyük bir həvəslə toyların etdik.

Bir gün də hər biri köçəri quş tək,
Köçüb öz yuvasın qurmağa getdi.
Demirəm şad olduq, kövrəldik yaman,
Hələ ürəyimiz qübar da etdi.

Evdə bir qarıyıq, birdə ki, qoca,
İsti divarlar da üşüdür bizi.
Demə, övladların isti nəfəsi,
Həm bizi isidib, həm evimizi.

Ötən qayğılardan bezən  günlərin,
Həsrətini yaman çəkirik indi.
“Nağıl boxçamızı” töküb hər axşam,
Dağılmış söküyün tikirik indi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ