SON DƏQİQƏ

Ocaq - FOTOLAR

Tarix:

30-10-2023, 22:14

/ 12 089 dəfə oxundu.
Ocaq - FOTOLAR

            (Şərur rayon, Tənənəm kəndi haqqında müsahibə)
Dünya binə olandan ailələr bir ocaqda yaşayıb, insanlar bir ocaq başında isinib, yaşadıqları ərazini özlərinə yurd-yuva, məskən seçiblər. Dünyaya göz açdığımız evə, yaşadığımız yurda, bir də müqəddəs yerlərə ocaq demişik. 
NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “Ocaq” layihəsində muxtar respublikamızın qədim kəndləri, bu yurd yerlərində mövcud olan abidələr, adət-ənənələr,  ziyarətgahlardan danışacaq və insanlarını tanıyacağıq.
Şərur rayonunda qədim bir kənd, bir ocaq var. Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri olan bu elin, bu ulusun adı Tənənəmdir.  
Yollardan biri insanları bu dağ kəndinə aparır. O dağ kəndinin saf suyundan içib, təmiz havasından udan, zəhmətkeş insanların əhatəsində böyüyüb boya-başa çatan filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı da dağların vüqarını, qürurunu, ata yurdunu qəlbində yaşadır. Tənənəm kəndi şairin uşaqlığını keçirdiyi, bütün varlığı ilə bağlandığı qədim bir ocaq, bir yurd yeridir. “Ocağ”ın budəfəki sayında onunla birgə bu kəndin tarixini öyrənəcək, yerləşdiyi coğrafi mövqeyinə, etnoqrafiyasına, adət-ənənələrinə bələd olacağıq.
Doğma kəndindən söz düşəndə xəyal onu uzaqlara çəkdi və yazdığı bu şeir misraları ilə söhbətimizə körpü saldı:
Ana kəndim, görüşünə gəlmişəm,  
Torpağına, hər daşına vurğunam.
İllər xəzan etdi cavan ömrümü,
Saç ağarıb, qocalmışam, yorğunam.
Axtarıram sənli keçən günümü,
Atalıydım, analıydım o zaman.
Bir baxışdan neçə canlar alardım, 
Cavan idim, ədalıydım o zaman
1950-ci ildə Tənənəmdə doğulan şair müəyyən səbəblərdən doğma kəndindən ayrı düşsə də, onun üçün dünyanın ən gözəl nöqtəsi elə buradır. Çünki burada uşaqlığı, qayğısız illəri, atalı-analı günləri keçib.
-Gözünüzü açıb bu kəndi necə görmüsünüz, deyə soruşuram, xatirələr müsahibimi illərin arxasına aparır...
            -Səhər tezdən kəndi mal-heyvanın səsi, qoyun-quzu mələşməsi bürüyərdi. İnsanlar kolxoz sahələrində çalışmağa, biz uşaqlar isə pendir dürməyimizi götürüb qoyun-quzuları otarmağa gedərdik. Tənənəm sözünün mənası  tən orta  deməkdir. Kənddən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə  Naxçıvan Muxtar Respublikasındakı ən qədim insan məskəni- Qazma  mağarası  var.  El arasında “Dibi yox” zağa deyirlər bu mağaraya. Oraları çox gəzmişəm. 
            Qazma dərəsinin yuxarı sonluğunda Şəmdin bulağ deyilən yer var. Onun üst tərəfində içi zağa kimi oyuq bir qaya var. Mağaranın içində daşların arasından yaz yay damcı-damcı su düşər. Bu damcılar düşdüyü yerlərdə özünə çalalar düzəldib.      Yayın qızmar istisində  damcı-damcı   tökülən su aşağıdaki çalaları dolduraraq susuz olan insanların, hətta çöl quşlarının, hətta kəkliklərıin belə imdadıəna çatar. 
                     Mağarada ilk qazıntı işlərini 1983-cü ildə Məhəmmədəli Hüseynov aparıb, onun başladığı  iş 1987-1990-cı illərdə Əsədulla Cəfərov, 2008-2013-cü illərdə A.Ə.Zeynalovun  rəhbərliyi ilə davam etdirilib. Arxeoloji abidədə  tədqiqatlar zamanı əldə olunmuş tapıntılar sübut edib ki, mağarada uzun müddət yaşamış insanlar ovçuluqla məşğul olublar. Daş dövründə yaşamış insanların izlərini, həyat tərzini sinəsinə həkk edən, o dövrün  canlı şahidi olan bu abidə daş yaddaşımız,  tariximizin sirli səhifəsi  kimi qorunur. 
Uşaqlığını keçirdiyi Tənənəm kəndi ilə bağlı xatirələrdən söz düşəndə şair deyir:
-Uşaqlıq illərimiz – digər dağ kəndlərindəki uşaqların həyat tərzinə oxşayırdı. 1964-cü ilədək kəndimizdə işıq yox idi. Lakin zəngin kitabxanamız var idi. Biz uşaqlar o zaman o kitabxanadan çox bəhrələndik. Dayım Hacı Eyvazov kitablarınoxuyan zaman cırılmaması, ləkələnməməsi üçün tövsiyələr verərdi. Kim ləkələsəydi, kitab ala bilməzdi. Bunun üçün də uşaqlar ciddi surətdə kitabı qorumağa çalışırdılar.
              Bütün günü tarlada tütün, taxıl sahələrində çalışan insanlar  gecələr hisli çıraq işığının başına toplaşardılar. Qışda evlərin bir çoxunda təndir kürsüsü qurulardı və evlər  qızdırılardı. İnsanlar uzun qış gecələrində  o kürsünün ətrafında əyləşər, söhbətləşər, uzun gecələri yola verərdilər.
1964-cü ilin yayında kəndimizə işıq gəldi. O vaxta qədər işığımız olmasa da, çox zəngin kitabxanamız var idi. Uşaqdan böyüyə hər kəsdə oxumağa, mütaliəyə çox böyük maraq var idi.  7-ci sinfi bitirəndə mən artıq “Səfillər”i  oxumuşdum.
Kəndimizin keçmişdə bu gün də yaddan çıxmayan gözəl adətləri vardı. Ağsaqqala, böyüyə hörmət vardı. Bayramlarda kəndin bütün ağsaqqal-ağbirçəklərini  bir alma ilə təbrik etmək kəndimizin gözəl adətlərindən idi. Gözəl toy adətlərimiz var idi.
               Ən çox xatirimdən çıxmayan kəndin bayramları idi. Başqa cür keçərdi Novruz bayramı bizim kənddə.  Bayrama bir ay öncədən hazırlaşardıq.  Əski parçasını  möhkəm büküb məftillə sıxar, onu neftə salar, şar düzəldib bayram axşamı havaya atıb atəşfəşanlıq edərdik. Boyanmış yumurta döyüşdürmək adət idi. Evlərə papaq atıb şirniyyat topladığımız gün   özümüzü dünyanın ən xoşbəxt uşaqları sanırdıq. 
           Tənənəmdə qorunub  saxlanılan, həmişə ehtiramla həyata keçirilən  toy adətləri olub. Toya bir neçə gün qalanda çörəkbişirdi olardı. Qadınlar yığılıb toya çatacaq qədər çörək bişirərdi. Toy məclisləri adətən şənbə, bazar günləri keçirilərdi. Əvvəllər toylarımız 3-4 gün çalınırdı. İndi də toylarımızda səhər xaş verilməsi, xına gecəsində haxışdaların deyilməsi  və bir çox məqamlar o dövrün yazılmamış  qaydası idi.
            Bizim uşaqlığımız sovet hakimiyyəti illərinə təsadüf etdi. O dövrün çətin günlərini çox yaşadıq. Camaatımız heyvandarlıqla məşğul olurdu. Kəndimizdə tütün, üzüm əkilirdi, qadınlar xalça toxuyurdu. Anam da yaxşı xalça, palaz toxuyardı.  Hər birinin öz naxışı, öz müəllifi olan o rəngbərəng palazlar, xalçalar evimizin, elimizin bəzəyi idi. O dövrdə ermənilər gəlib bir köhnə xalçaya iki yeni xalça verərək o xalçalardan çox alırdılar camaatımızdan. O zaman insanlar bilmirdilər ki, bu minvalla onlar bizim milli sərvətimizi daşıyırlar əslində. Mənfur düşmənlərimiz milli xalçalarımızdakı ornamentleri beləcə özününküləşdirirdilər. İndinin özündə də kənddə bir çox evlərdə o qədim  məişət əşyaları, xalça, palazlar, mis qablar qalmaqdadır. 
            Kəndimizdə o vaxtı yaxşı təndir qoyanlar var idi. Hətta deyirdilər, “filankəsin təndirini filan arvad qoyub, əli elə bərəkətlidir. Onu gətirin, bizim təndiri də qoysun”. Təndirin palçığı xüsusi qayda ilə hazırlanardı. Qara torpaqdan təndir olmazdı. Sarı torpağa saman və keçi qəzili vurub təndirin palçığını yoğurar, badları düzəldərdilər.  İndi də həyətlərdə qalan o təndirlər, təndirəsərlər uşaqlıq illərimizin tarixi abidəsinə  çevrilib. 
            Kəndin yuxarısında xırman var idi. Ruzi-bərəkət yeri  idi o xırman.  İnsanlar çox əziyyət çəkirdi o dövrdə. Traktor-kombayn, toxumsəpən, otbiçənlər və digər texnikalar yox idi. Zəmilərdən biçilən taxıl,  qarğıdalı, noxud min bir əziyyətlə xırmana daşınar, qol gücü ilə  orada  döyülərdi. 
-Tənənəmdə müqəddəs bir pir, ocaq da var.  Bu pir haqqında  nələr eşitmisiniz?
-Tənənəm piri müqəddəs bir ziyarətgah kimi yüz illərdir insanlar tərəfindən ziyarət  olunur. Bu pir kəndimizi həm də turizm məkanına çevirib. 
“Pir-i Süleyman”, “Tənənəm piri” deyirlər o ziyarətgaha.   Pirin üstündəki  ağac və  ağacın üzərində olan  bir cüt  buynuz əsrlərdir, necə var, elə qalıb. Deyilənə görə, pirin tarixi kəndin tarixindən daha qədimdir.  Pir orta əsrlərdən insanlar tərəfindən ziyarət olunur.  Pirdəki binanın daxilində bir məzar var. İnsanların əsas ziyarət obyekti də həmin məzardır. 
             Uzunömürlülər çox olub Tənənəmdə.  Əmir  kişi 102, Bəyim arvad 100, Əli Salmanov 90, Qəndab xanım 95 yaşında dünyasını dəyişdilər. Dağlarımız, meşələrimiz, dərman bitkilərimiz,  kəndimizin təmiz havası,  dağlardan gələn bulaq suları, bir də insanlarımızın  əməksevərliyi onlara bu uzunömürlülüyü  bəxş edib.
            Yaz gələndə kəndimizin təbiəti yerə döşənmiş xalıya bənzəyir.  Qırmızı lalələr,  ağ çobanyastığılar  bu xalının naxışına dönür. Sarıbulaq, Xan bulaq, Qaraouş  yaylaqları  yurd yeri, oba yeridi yaşadığımız ərazinin. Tənənəmdəki dağların, bulaqların, yaylaqların  dərələrin qoynunda min bir naz-nemət bitir. Sarıbulaq  yaylağının ot-ələfi dərman, gül-çiçəkləri loğmandır. Buradakı  müalicəvi otlar, çiçəklər solandan sonra da ətrini itirmir. 
               Xatirimdədir, yaz  aylarında kəndimizin  camaatı  mal-heyvanı  kəndin yuxarısındakı Xan bulağına aparar, çadırlar qurar, ta avqustun 20-dək orada yaşayardılar. Yaylaqdan  qayıdan ailələr kənddəki qonum-qonşuya şor, kərə və yağlı qalından bağlama bağlayıb pay göndərərdilər.  İnsanlar arasında mehribanlıq var idi.  
             Qaraouş yaşayış yeri indi də insanların yaylaq yeridir. Şərur rayonunun bir çox kəndlərindən yenə o yaylağa gələnlər, mal-qara saxlayanlar  var.
            Bu günlərdə bu ahıl çağımda yenə Xan bulağına, o yaylağa, o yurd yerinə getmişdim,  uşaqlığımın, gəncliyimin  ocağına.  Anamın təndiri, ocağı, çadırımızın tənəfləri eləcə qalıb. O qaralmış ocaq daşında anam nə qədər bizə yemək bişirib, çay qaynadıb. Sonralar oradan ilhamlanıb  bir şeir yazdım:
Çən yatıb, qayalar görünməz olub, 
Gədikdə təkənin izi qalıbdı.
Yurd yerində ocaq daşı qaralır,
Qəlbimdə həsrətin közü qalıbdı.
Papaq salan qayalarda izim var, 
Diş göynədən bulaqlarda gözüm var.
Vətən, sənə deyilməyən sözüm var,
Demə ki, ömrümün azı qalıbdı.
Dilqəmidən alov aldım, od aldım,
Öz şeirimlə, öz sözümlə ucaldım.
Zaman-zaman saç ağardı qocaldım,
İllər ində məndən razı qalıbdı.
Qocalıq şərafətlidir, amma hər zaman həsrətlə baxır keçmişə. Bu gün mənim qocalığımda həm də uşaqlığımın, gəncliyimin keçdiyi o yurd yerləri, doğma kəndim  var:
Qaytarın geriyə uşaqlığımı, 
Yaman darıxmışam o günlər üçün.
Kiçik kəndimizi dünya bilərdik,
Anamın verdiyi xan dürməyini,
Neçə uşaqlarla yarı bölərdik.
15 yaşında doğma kəndimizdən ayrı düşdü yolum. 1965-ci ildə Naxçıvanda Pedaqoji məktəb açıldı. Sənəd verib  4 il  orada oxudum, 2 il hərbi xidməti bitirəndən sonra 4 il kəndimizdə müəllim işlədim. 1977-ci ildən işimlə əlaqədar olaraq Naxçıvan şəhərində yaşadım.
                    Dar mənada, Tənənəm kəndi ata yurdum, Naxçıvan ana vətənimdi. Deyirlər, Vətən sərhəddən başlayır. Amma, mənim fikrimcə, Vətən insanın ilk səsi eşidilən evdən, ocaqdan başlayır. Bu gün mənim doğma kəndim gözəlliklər məskənidir. Gecələr sayrışan işıqları, gündüzlər göz oxşayan  mənzərəsi- məktəbi, inzibati binaları onun bugünkü növrağından söz açır. Hər bir kənd sakininin bacarığı, işgüzarlılığı sayəsində dolanışığını təmin etmək imkanı var. Dövlətin sağ əli onların çiynindədi. O kənd adamı da öz yerinə, yurduna, ata ocağına qəlbən bağlı olmalıdır.  
Mən illərdir, şəhərdə yaşasam da, ayda ən az iki dəfə  ata ocağıma, doğma kəndimə baş çəkirəm. Hər dəfə kəndə ayaq basanda uşaqlığım məni ağuşuna alır sanki... Daş atıb baş yardığım, daş atıb başımı yardıqları, çilingağac oynadığım, yamaclarda quzu otardığım  zamanlar gözlərimin önündə canlanır. 
Hayana baxıram izim görünür,
Əlimin qabarı qalıbdı burda. 
Körpəlik illərim, gənclik çağlarım,
Qəlbimin qübarı qalıbdı burda. 
Böyük rus yazıçısı M.F Dostoyevski deyirdi ki, insan torpaqdan yaranır, torpağa gömülür. Bu mənada, Tənənəmdə  doğulub orda  yaşayan və yaşamayan insanlar üçün də bu belədir.  Kəndin havasını udan, suyunu içən o insanlar  da öz işi, əməli ilə kəndin adını ucaldır. Nə qədər qocalsalar da, ucalsalar da, dönüb geriyə boylananda onları böyüdən insanları, yurd-yuvanı xatırlayırlar. Harada yaşamaqlarından asılı olmayaraq, onlar üçün dünyaya göz açdıqları, torpağında iz qoyduqları doğma bir ocaq var- Tənənəm kəndi.
  Türkanə Əmoyeva


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ