SON DƏQİQƏ

Azərbaycançılıq məfkurəsinin ZƏFƏR ROMANI

Tarix:

11-10-2023, 22:30

/ 2 826 dəfə oxundu.
Azərbaycançılıq məfkurəsinin ZƏFƏR ROMANI

Müstəqillik dövründə bədii yaradıcılıq sahəsində baş verən proseslər yeni yanaşmaların, fərqli axınların yaranması ilə səciyyələnir. Biologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Sadıq Qarayevin son illərdə meydana çıxmış irihəcmli “Sahilsiz Təzadlar”, “Sahibsiz kölgələr” romanları, povest, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlr” kitabı ədəbiyyatımızdakı ilk elmi-fəlsəfi bədii nəşr nümunəsindədir. Bu əsərlər dəqiq və təbiət elmləri ilə bədii təfəkkürün qarışılıqlı əlaqəsinin maraqlı, düşündürücü və özünəməxsus təzahürlərindəndir. Təbiətdə və cəmiyyətdə mövcud olan qanunauyğunluqlara, reallıqlara dərindən bələd olan Sadıq Qarayevin əsərlərindəki elmi düşüncəsinin məhsulu olan aforizmlər, hikmətli sözlər, özünəməxsus mühakimələr təsvir olunan hadisələrin, canlandırılan ideyaların mahiyyətinin açılmasında, ibrətamiz nəticələrin çıxarılmasında mühüm rol oynayır.
Sadıq Qarayevin əsərlərində müxtəlif müstəvilərdə inkişaf edən hadisələrdə, düşüncə və qənaətlərdə elmi-bədii mərhələlər əsasında milli mənafe, ölkə maraqları və bəşəri dəyərlər yazıçı mövqeyinin mahiyyətini təşkil edir. Məsələn, “Sahilsiz Təzadlar” romanında bəşəri dəyərlərə çatmaq üçün milli dəyərlərdən keçməyin zəruri olduğu vurğulanır. Müəllif özü də düşüncə və əqidəsində bu prinsipi həmişə öndə saxlayır. Onun əsərlərində şəxsiyyətin özünütəsdiqi, cəmiyyət və təbiət hadisələrinin qarşılıqlı əlaqəsi, qlobal bəşəri problemlər və s. mövzularla yanaşı, milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətənpərvərlik ideyaları təsvir edilən mətləblərin mərkəzində dayanır.
“Sahilsiz təzadlar” romanında əsas qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra  elmi, fəlsəfi ideyalar, fərqli fərziyyələr irəli sürülmüş, rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilməz mahiyyətdə olması digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri, yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər də yer almışdır. Eyni zamanda, əsərin qəhrəmanları Əli və Nərminin Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin ictimaiyyətə və dünyaya nümayişi məqsədi daşıyır. Belə ki, 2014-cü ildə nəşr edilmiş bu romanda alim-yazıçı Sadıq Qarayev xalqımızın arzularının bədii ifadəsi kimi Qarabağın işğaldan azad ediliyini, Şuşanın Qafqazın elm və mədəniyyət mərkəzinə çevrildiyini, orada beynəlxalq tədbirlərin keçirildiyini, sürətlə tikinti-quruculuq işlərinin getdiyini, Molla Pənah Vaqifin məqbərəsinin, Gövhərağa məscdinin bərpa edildiyini təsvir etmişdir. Bu elmi və bədii fantaziyanın məhsulu olan ədəbiyyat vasitəsilə yazıçının öz xalqını, xüsusən yeni nəsilləri ölkə miqyaslı gələcək taleyüklü problemlərin həllinə hazırlamaq niyyətinin ifadəsidir.
“Sahibsiz kölgələr” romanında Tusinin və digər qəhrəmanların dili ilə müəllifin özünəməxsus “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyalarının müddəaları sadə və obrazlı vasitələrlə oxucuya çatdırılır. Bu nəzəriyyənin ətrafında cəryan edən hadisələrdə bədii təfəkkür ilə elmi düşüncələrin qarşılıqlı əlaqəsi diqqət mərkəzinə çəkilir. Təsvir olunan hadisələrin gedişindən hiss olunur ki, bədii təxəyyülün çətinlik çəkdiyi məqamlarda elmi düşüncə müəllifə ikinci nəfəs gətirir. Bu yolla həm süjet xətti ahəngdar şəkildə şaxələnir və inkişaf edir, həm də obrazların daxili potensialı daha dərindən açılır. Eyni zamanda, bu əsərin əsas qəhrəmanlarından olan azərbaycanlı çekistlərin hər zaman milli və bəşəri dəyərləri üstün tutması, öz fəaliyyətlərində xalqın və dövlətin mənafeyini əsas götürməsi düşünülmüş bədii obrazlar vasitəsilə işıqlandırılır. Bu baxımdan inandırıcı hadisələrin və yaddaqalan bədii səhnələrin yer aldığı bu əsəri Azərbaycan çekistlərinə həsr olunmuş ilk iri həcmli roman hesab etmək olar. Hər iki istiqamətdəki təkamül proseslərini izləmək və işıqlandırmaq Sadıq Qarayevin yazıçılıq qabiliyyətinin və elmi dünyagörüşünün birgə uğurlu təzahürü kimi əhəmiyyətlidir.
Elmi və bədii təfəkkürün sintezinin geniş yer aldığı, milli və bəşəri dəyərlərə yeni təkamül proseslərinin axarında baxılan “Sahilisiz Təzadlar” və “Sahibsiz kölgələr” romanlarında azərbaycanlı xarakteri, humanizm və yüksək mənəvi xüsusuiyyətlər mental dəyərlərin və azərbaycancılıq məfkurəsinin işığında canlandırılır, vətənpərvərlik ideyaları hadisələrin təbii məntiqindən doğan real nəticə kimi meydana çıxır.
Sadıq Qarayevin elmi idrakla bədii düşüncənin qovşağında olan üçüncü əsəri “Sarvansız zamanlar” kitabı müxtəlif janrlarda yazılmış elmi, fəlsəfi və bədii əsərlərindən ibarətdir. Burada müdriklik və bədiilik amilləri biri digərini zənginləşdirməyə və tamamlamaya xidmət edir, həyat təcrübəsi ilə elmi idrakın və bədii düşüncənin özünəməxsus harmoniyası yaradılır. Digər romanlarında olduğu kimi , “Sarvansız zamanlar” kitabında da Sadıq Qarayevin özünün dediyi kimi “əvvəl milli, sonra bəşəri dəyərlər” prinsipi başlıca istiqamətlərdəndir. “44 gün” adlanan ayrıca bir fəsli İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərimizə həsr edilmişdir. Buradakı “And”, “Aləmlərin söhbəti” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən yanaşılması ilə yadda qalır. Əsərdəki “And” yazısını bəlkə də yazıçının və oxucunun vətəndaşlıq andı kimi qəbul etmək olar. Sosial şəbəkələrdə bu yazılar geniş yayılmış, insanlara milli-mənəvi dəstək göstərmək baxımından faydalı olmuşdur.
“And”, “Aləmlərin söhbəti” və “Zoriyə gecikmiş məktub” yazıları 44 günlük Vətən müharibəsinin mahiyyətinə, tarixi zəfərimizə müharibə dövründə yazılan parlaq ədəbiyyat nümunələrindəndir. Əsərdəki “44 gün” fəslində yer almış yazılar cəsarətli, qabiliyyətli və bacarıqlı Ali Baş Komandanın, müdrik, uzaqgörən və qətiyyətli Prezidentin, ordunun, Azərbaycan xalqının, cəmiyyətin bütün təbəqələrinin birliyindən və həmrəyliyindən yoğrulmuş Dəmir Yumruğun mahiyyətinə gur işıq salır. Sadiq Qarayev 44 günlük müharibə dövründə, qazanılan tarixi zəfərdən sonra bu mövzuda elmi-fəlsəfi, tarixi, bədii əsərlər yazan ilk müəlliflərdən biri kimi nümunə göstərir.
Sadıq Qarayev tarixi zəfərimizə həsr edilmiş, gözlənilən ilk romanlardan birini yazdı. ““N” saylı qəhrəmanlıq” əsəri demək olar ki, ədəbiyyatımızda Qarabağ müharibəsi mövzusu ətrafında gedən prosesləri sürətləndirən istiqamətdə yeni meydana çıxmış elmi-fəlsəfi, sənədli-publisist, tarixi romandır.
44 günlük müharibədə ön və arxa cəbhəni, beynəlxalq vəziyyəti, sarsılmaz xalq-dövlət-ordu-Ali Baş Komandan birliyinin gücü-“Dəmir Yumruğun” qüdrətini, hərbi əməliyyatların uğurlu davam etdirilməsində görünməyən “N” saylı qəhrəmanlıqları, azərabaycançılıq məfkurəsinin gücünü, bədnam erməniliyin mənfur mahiyyətini işıqlandırmaq, hadisələrə tam halda, qlobal yanaşmaq, təzadların ortaq məxrəci olan həqiqəti aydın şəkildə göstərmək üçün ənənəvi romançılıq metodları kifayət etmirdi. Buna görə də ““N” saylı qəhrəmanlıq” romanında elmi-fəlsəfi, yarımsənədli-publisistik, tarixi-bədii olmaqla üç metod tətbiq edilmişdir. Bu üsulların bir-biri ilə vəhdəti, hadislərin və ümumi ideayanın, süjet xəttinin ayrı-ayrı hissələrində uyğun olaraq seçilib tətbiq edilməsi yazıçıdan xüsusi istedad, geniş fantaziya, yaradıclıq təxəyyülü, elmi idrak və bədii təfəkkür tələb edir. Və Sadıq Qarayev romanda bu mürəkkəb və çətin işin işin öhdəsindən gələ bilmişdir. Bundan əvvəlki əsərlərində paralel dünyaları, yanaşı yaşayan taleləri təsvir etməklə qazandığı təcrübə onun fərqli təsvir metodlarını tətbiq etməklə bir-biri ilə məntiqi əlaqəsi olan ayrı-ayrı cərəyan edən hadisələri, obrazları təqdim etməsinə şərait yaratmışdır.
““N” saylı qəhrəmanlıq” romanı təkcə yeni üslubda, elmi idrakla bədii təfəkkürün vəhdəti sayəsəndə yazılmış roman deyil, həm də tarixi Zəfəri dolğun, həqiqətlərlə ifadə etmək üçün əsgər və zabitlərin, şəhid ailələrinin öz dilindən, bir sıra mənbələrdən müxtəlif informasiyalar əldə etmək, onları ümumiləşdirmək, vahid ideya və süjet xəttinə gətirmək üçün də özünəməxsus elmi-tədqiqata bərabər, böyük zəhmətin məhsulu olan maraqlı bədii əsərdir.
Həcm etibarilə 3 fəsildən ibarət olan romanda hadisələr “Müharibə Tumurcuqları”, ““N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsilləri üzrə inkişaf etdirilir. I fəsil “And”, II fəsil “Aləmlərin” söhbəti, III fəsil “Zəfər günü” yazıları ilə başlayır. Müharibə tumurcuqları açılır, əsgər and içir, cəbhəyə gedib qəhrəmanlıq göstərir, zəfər əldə edir, işğal mövcudluğu səpələnir, qələbə günəşi doğur. Əsərdə proloq kimi 200 illik ermənilik faşizminə qalib gəlmiş “Azərbaycançılıq məfkurəsi”nin mahiyyəti verilir. Bu yazılar nəsrlə poeziyanın birgə, həmahəng nümunəsidir, fəsillərin vəhdətini yaradır, mahiyyətini işıqlandırır və xüsusui qiymətləndirilməlidir.
““N” saylı qəhrəmanlıq” romanının “Müharibə Tumurcuqları” adlanan I fəsilində müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi, “Aprel döyüşləri”, “Tovuz döyüşləri” vaxtı əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının “Şəhidlik məktəbindən” bəhs edilmişdir. Bədii nəsrimizdə ilk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı canlandırılmış, dövlətimizin rəhbərininin müharibədən əvvəl və müharibə dövründəki düşüncələri, ideyaları və fəaliyyəti gerçəklik əsasında işıqlandırılmışdır. Əsərdə eyni zamanda məhz bu fonda “Müharibə tumurcuqlarının” yaranması, böyüməsi obrazlaşdırılmışdır.
““N” saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlıq, döyüşün planlaşdırılması, başlanması, 2-ci ordu korpusunun, “N” saylı hərbi hissənin timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri N sayda və “N” saylı qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında təsvir edilmişdir.
III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündəki “Sərxoş qarğa rəqsilərinin” bundan sonra  “Xarıbülbül” festifalı ilə əvəz olunması fonunda mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərin şücaətindən doğan müqəddəslik Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə, xalqın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Azərbaycançılığın qəhrəmanlıq məktəbi 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çalır. Ermənilik ideyaları birdəfəlik yoxluğa, keçmişə səpələnir.
““N” sayli qəhrəmanliq” romanında müəllif tarixi zəfərimizlə başa çatan II Qarabağ müharibəsi haqqında dünya xalqlarında, gələcək nəsillərdə geniş və əhatəli təsəvvür yaratmağı qarşıya əsas məqsəd kimi qoymuş və ədəbiyyatda yeni, romançılıq metodları tətbiq edərək, böyük zəhmət hesabına yenitipli mükəmməl bir bədii əsər yazmışdır. Romanda ümumi ideyaların, süjet xətti və hadisələrin, bədiiliklə tarixiliyin, elmi-fəlsəfi mahiyyətin, publisistikanın, sənədliliyin orjinal vəhdəti məntiqi ardıcıllığa xidmət edir.
Sadıq Qarayevin ““N” sayli qəhrəmanliq” romanı hərbi vətənpərvərlik ruhunun qüvvətləndirilmə, milli dövlətçiliyimizin işıqlı yolu olan azərbaycançılıq məfkurəsinin və Ulu Öndər Heydər Əliyev ideyalarının daha geniş təbliği, gələcək nəsillərdə, dünya xalqlarında tarixi zəfərimizi əks etirən həqiqətlər haqqında geniş təsəvvür yaratmaq yoluna gur işıq salır. Bu romanın müxtəlif hissələrindən dərsliklərd istifadə olunması, xüsusilə xarici dillərə tərcümə edilməsi Azərbaycan həqiqətlərinin daha geniş və dərindən dərk edilməsinə, təbliğinə şərait yarada bilər.
Romanın müəllifi Sadiq Qarayev irəli sürdüyü ideyaları elmi baxımdan əsaslandırmağı və bədii cəhətdən obrazlı şəkildə mənalandırmağı bacarır. Onun elmi və bədii əsərləri elmi idrakla bədii düşüncənin qovşağında yaradılmış orjinal elm və ədəbiyyat nümunələridir. Müəllifin “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “Sarvansız Zamanlar” və ““N” sayli qəhrəmanliq” romanları elmi-fəlsəfi və bədii üslubda yazılmış romanlar kimi Azərbaycan ədəbiyyatında yeni cığır yaratmış, bədii təfəkkürlə elmi idrakın üzvi vəhdətinin köməyi ilə milli və bəşəri dəyərləri əks etdirmək baxımından fərqli və cəlbedici ədəbi örnəklərin meydana çıxmasına yol açmışdır. Sadıq Qarayevin əsərləri təbiət və cəmiyyətin qlobal problemlərinə elmin gücü ilə işıq salmaq, bütün bunları bədii ədəbiyyatın imkanları ilə təsvir etmək baxımından əhəmiyyətlidir, Azərbaycan elmi-ədəbi fikrinin müasir səviyyəsini əks etdirən dəyərli nümunələrdir. Eyni zamanda bu əsərləri göstərir ki, hər bir uğurlu yazçının, əsərin zəhmətkeş və peşəkar tədiqiqatçısı olması onun zamanla yarışa bilməsində əhəmiyyətli amildir.
Göründüyü kimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadiq Qarayev müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün vəhdəti əsasında romanlar yazmağın əsl nümunəsini göstərir. Əsərlərində qaldırılan ideyalardan tutmuş, hadisələrin gedişinin təsvir edilməsinə, xüsusən obrazların mənəvi dünyalarına və funksiyalarına qədər bütün məqamlarda elm və ədəbiyyat qoşa qanad kimi iştirak edir, hətta bəzi məqamlarda elm faktoru qabağa keçir. Bütün bunlar Sadiq Qarayevin yaradıcılıq xüsusiyyətləri, yazıçılıq tərzi olsa da, həm də Azərbaycan ədəbiyyatında yeni bir ədəbi cərəyanının formalaşdığını göstərməkdədir. Sadiq Qarayev ədəbiyyatımızın fərqli bir istiqaməti kimi təzahür etməkdə davam edən Akademizm ədəbi cərəyanınını yüksək səviyyədə, layiqincə təmsil edən tanınmış yazıçıdır. Sadiq Qarayevin bir-birinin ardınca çap edilən bu tip romanları bir daha Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının qaçılmaz olduğunu, labüdlüyünü təsdiq edir.
İsa HƏBIBBƏYLI
akademik
скачать dle 12.1

Şərhlər