SON DƏQİQƏ

Biz tanrının kitabıyıq – RÜSTƏM BEHRUDİ

Tarix:

3-05-2024, 22:54

/ 5 722 dəfə oxundu.
Biz tanrının kitabıyıq – RÜSTƏM BEHRUDİ

 GunAz.az Rüstəm Behrudinin ONN İnformasiya Agentliyinə verdiyi müsahibəni təqdim edir.
Rüstəm bəy, bu gün 3 May - Türkçülük Günüdür. Türk Dünyasının Həmrəylik Günüdür. Türklərin qürur günü, Turan ellərinin bayamıdır. Misraları bozqurda dönən şair, bayramınız qutlu olsun.
Cavab: Xanıməfəndi, təşəkkür edirəm. Sizin də bayramınız qutlu olsu.
1 Sual: Rüstəm bəy,3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. Oyanış, milli dirilişdir. Bəs bu tarix Türkü Tanrının Göy çadırı altına səsləyən Rüstəm Behrudi üçün nə kəsb edir?
Cavab: -3 Mayis günü sıradan bir tarix kimi görünsə də, əslində özlüyündə tamamilə başqa bir mahiyyəti əks etdirir. 3 Mayis - Türkçülük Günü 1944-cü ildə Nihal  Atsızın məhkəməsi və onu müdafiə edənlərin türkçülük savaşı ilə bağlı olan bir düşüncə forması ilə bağlıdır. Məhkəmə prosesindən sonrakı hadisələrlə əlaqədardır. Bu türk düşüncəsini qoruyub saxlamaq, yenidən ortaya qoymaq, aktuallığını qorumaq, öləzimiş, köhnəlmiş düşüncəni yaşadıb önə aparmaq düşüncəsidir, ideyasıdır.
Məhkəmə zamanı yaralanan Nihal Atsız  sadəcə olaraq bir şair deyldi. O bir savaşcı idi həm də. Öz şeirlərinin birində yazırdı:
Bir kemiyin ardında saatlarla yol gedən
İtlər belə güləcək kimsəsizliyimizə...
Məhkəmədə tək qalan şair məcbur olur bu şeiri yazmağa. Sonradan Nihal Atsızın dostları, tələbələri bu kimsəsizliyi aradan qaldırmaq üçün 3 Mayı Türkçülük Günü olaraq elan edirlər.
2 Sual:  Rüstəm Behrudi təpədən dırnağa Şaman şairidir. Onun Turan sevdasının zamanı intəhasız, sonsuzdur. O Türk oğlu Türkdür. Bəs Türk olmaq özü nədir?
Cavab: -
Bir az poetik, mistik səslənsə də, türk olmaq xoşbəxtliyinin nədən ibarət olduğunu dərk edən üçün böyük bir fəxarətdir.
Əslində türkçülük bilirsiniz nədir? Ya qurd olacaqsan, ya başqa bir şey. Ya ufacıq Hirasan, ya başı dumanlı Tanrı dağı. Ya göydən gəldiyinə inanacaqsan, ya da Adəmlə Həvva nağılına. Bu ikiliyin arasında seçim edə billməyən insan türk deyil. Mən həmişə demişəm: Tanrı türkə kitab göndərmədi, əvəzində biz tanrının kitabıyıq. Türklük, türk düşüncəsi əslində özü bir dindir, inanaclar sistemidir.
3. Sual: Ən qədim dövrlərdən başlayaraq türkləri xarakterizə edərkən göstərilən ən mühüm keyfiyyətlərdən biri onların zəngin dövlət quruculuğu və idarəçiliyi mədəniyyətinə malik olmalarıdır. Bu haqda nə deyə bilərsiniz?
Cavab: -Türk etnosunun var olma səbəbi kimi göstərən ən böyük amil dövlət anlayışıdır. Yəni dövlət yoxdursa, o millət də yoxdur. Lap belə kiçik bir qəbilə olsalar da, beş-on çadırdan ibarət olsalar da, onlar həmişə dövlət uğrunda mübarizə aparıb və dövlət qurublar. Türk millətinin tarixi boyu on altı imperiya qurublar, dövlətlər yaradıblar. Yəni türk üçün dövlət yoxdursa, millət də yoxdur. Bu anlayış türkə xas anlayışdır. Zaman-zaman da bilirsiniz ki, türklər dövlət qurmaq üçün bütün var olduqları zamanlarda savaşmışlar və hər zaman da qalib gəlib, dövlət qurublar. Dəfələrlə imperiya qurublar, yıxılsa da yenisini quraraq daim mübarizə aparıblar. Dövlət anlayışı türk etnosunun var olma səbəbidir əslində.
4. Sual:  Şair, sizcə "Axır-əvvəl dünya Türkün olacaq" mı?
Cavab: - Mən əslində belə bir ifadənin tərəfində deyiləm, dünya türkün olacaq deyə. Tanrı yer üzünü bölüb hər millətə bir torpaq pay edib. Dünya türkün ola bilməz. Türkün özünün olanını qaytarmaq, geri almaq lazımdır. Türkün əzəldən nəyi var idisə onu qaytarmaq lazımdır. Yəni bizim bu cür düşüncəmiz bir az şovinizm səslənə bilər. Biz bizim olanı, bəzə aid olanı istəyirik. Biz bütöv dünyanı istəmirik əsla. Dünyada yüzlərlə millət var. Dünya hamımızındır. Türk millətçiliyi nədən ibarətdir? Türk millətçiliyi öz adət-ənənəsinə sadiq qalmaq qoruyub saxlamaq, inkişaf etdirmək, onu böyük mədəniyyətlər sırasına çıxarmaqdır. Alman millətçiliyi kimi özlərini dünyanın ilkin milləti adlandırmaq deyil, İngilis millətçiliyi kimi dünyaya qan-qada gətirmək, fransız millətçiliyi kimi yüz minlərin qanını tökmək demək deyil. Baxın,  türklər altı yüz illik bir imperiya qoydular, Osmanlı imperiyasını. Ancaq Misirdə minarədən azanı belə onlar dəyişmədilər, ərəblər ərəb dilində oxudu. Bu, çox böyük bir mədəniyyətdir. Türk milləti heç vaxt heç kimin adət-ənənsinə toxunmadı ərəblər kimi, fransız, ingilislər kimi. Bizə aid, bizə məxsus olanlar bizim olanda "Dünya türkün olacaq".
5. Sual:  Millət vəkili Qənirə Paşayeva Türkçülük Gününün təntənəli şəkildə qeyd edilməsi ilə bağlı demişdir: "Təbii ki, bu günü sadəcə qeyd etməməliyik, eyni zamanda düşünməliyik".  Necə düşünək ki, Turan eli əbədi olsun, daim olsun,  var olsun?
Cavab: - Qənirə xanımın qəbri nurla dolsun, çox işlər gördü. O qədər doğru-dürüst deyib ki. Türkçülük Günü əslinə bizdə Novruz bayramı, yeni il bayramı səviyyəsində olmalıdır. Necə ki, müsəlmanlar Qurban və Ramazan bayramı keçirir, Bizim bayramımız da eynilə belə keçirilməlidir. Bax bu tədbirlərlə, addımlarla türk dövlətlər birliyi ideyası gerçəkləşə bilər. Mən tam onun tərəfindəyəm ki, hətta biz dövlətə müraciət edə bilərik bu günün dövlət səviyyəsində keçirilməsi üçün.
6. Sual: Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Bildiyiniz kimi, Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə isə  təşkilatın təsisçi üzvləridir. Ard-arda keçirilən Türk Şurasının Zirvə Görüşləri haqqında nə deyə bilərsiniz? Bu kimi uğurları necə qiymətləndirirsiniz?
Cavab: - Əslində Türk Dövlətləri Birliyi ideyasının ortaya atılması bir əsrə yaxın dövrdə türk xalqlarının qazandığı ən böyük nailiyyətdir. Zaman-zaman Turan ideyası,  türk xalqlarının birliyi hər cür iqtisadi, mədəni birliyi bunlar hamısı bir xəyal olaraq qalırdı. İndiki dövrdə bunları həyata keçirməyin özü bəlkə də türk milləti tarixində ən böyük qələbədir, uğurdur. Təbii ki, türk xalqlarının gəlcəyi bu Turan ideyasından- Türk Dövlətləri Birliyindən  keçib gedir. Bu türk etnosunu ayaqda  saxlayan böyük bir ideyadır.  Çox sevinirəm ki, bu ideya uğurla həyata keçir.
7. Sual: Bildiyiniz kimi,Türk Ruhunun bərqərar olmasına ehtiyac var. Bu ehtiyac gündən-günə artır.  Ruhu Turan olan şair, sizcə bu yöndə nə kimi addımlar atılmalı, işlər görülməlidir?
Cavab: - Bir məşhur türkçü alim, türkoloq öz əsərində yazır ki, türk etnosunu başqa millətlərdən fərqləndirən ən böyük amillərdən biri bir millətin içində gizlənmiş enerjidir. O, hər an üzə çıxa bilər. Başqa xalqlara əlli ildən, yüz ildən bir ortaya çıxır. Türkün içindəki o mübarizliyi, gücü hər an partlaya bilər və elə bir an gəldi, yetişdi ki, yəni bir zamanlar adi türk sözünün üstündə həbsə salınanlar var. Mənim özümü də təqib edib, kitablarımdan o sözlər çıxarılıb. Ancaq hazırda elə bir dövr gəlib yetişdi ki, Türk Dövlətləri Birliyi deyilən bir ideya da yarandı. O ideya da sonradan gerçəkliyə çevrildi. Çox qəribə haldır ki, bütün dünyada bunun qarşısında dayanmağın mümkünsüzlüyünü görürlər. Ən böyük iş bilirsizmi nədir, türk xalqlarının ayrı-ayrı Respublikaların, Muxtar Vilayətlərinin tərkib hissəsini qorumaq məsələsidir. Bu, soyuq, gizli, açıq- aşkar böyük müharibələrin baş verdiyi bir dövrdə bu respublikaların, xalqları qorumaqdır. Hər zaman düşünmüşəm ki, bunun bircə yolu vardır. İqtisadi,  mədəni əlaqələrdən əlavə bunun kökündə güc dayanan bir ideya vardı,  bir Turan ordusu yaratmaq. Bu xalqlar, yəni hər respublika əhalisinin sayına görə əsgər verməlidir. Artıq bu ideya gerçəkləşməyə başlayıb. Bizim bu anda ən böyük problemlərimizdən biri ortaq dil yaratmaqdır.Ya bu olmalıdır Osmanl - İstanbul türkcəsi, ya da Azərbaycan türkcəsi. Əslində əhali sayına görə də bu belə olmalıdır.
8 Sual: Tarixin və ya tarixşünaslığın yaddaşında qalmış ən qədim türk dövləti Turan e.ə. I minilliyin ortaları, ilk böyük türk hökmdarı isə Alp Ər Tonqadır. Bu günün  Ər Tonqaları, yəni gələcəyimiz olan Turan övladları arasında   türkçülüyümüz necə təbliğ olunmalıdır? Kökümüzü, soyumuzu hansı yollarla tanıdaq, təbliğ edək?
Cavab: - Xanım əfəndi, mənə elə gəlir bu təbliğ edək fikri bir az yanlış ifadədir. Bizi təbliğ etməyə ehtiyac yoxdur. Dünyanın yarıdan çoxu türkdür, biz kimə təbliğ edəcəyik? Biz sadəcə  olanımızı ortaya qoymalıyıq. Biliriniz, ən gözəl yolu nədir bunun? Dünya bizi görmür, əslində görür, görmür kimi göstərir. Biz bütövləşsək,  Turan birliyi yaratsaq, ortaq dil və s.kimi şeyləri ortaya qoya bilsək, dünya bizi görməyə borcludur. Dünya hara baxsa, türkü görəcək.
9. Sual: Önünüzdə "Türkün kitabı", əlinizdə qələm olsaydı, o şanla dolu səhifələrə nə yazardınız?
Cavab: -O qədər gözəl bir şey dediz ki... Mən o kitabın ilk səhifəsinə yazardım ki,
Turan ruhu sözlərimdə çırpınan ölkə,
Turan bir ölkədir, üstündə kölgə.
Turan - tilsimi biziynən açıldı bəlkə,
Mənimlə getməsə, məni də qoyma...
Son səhifəsinə isə bu  bəndi yazardım:
Tanrı vardı, bir də mən,
Bu yer, o göy yox ikən.  
Baş kəndimiz Ötükən,
Vətən də Turan olsun.
Təbii ki, bu iki bəndin arasında türkün tarixini yenidən yazardım. Bir Şaman kimi yazardım...
10. Sual: Çağdaş dövrümüzdən XX əsrin əvvəllərində Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ziya Göyalp və s. kimi türkçülük ideyalarının öncüllərin davamçılarından kimlərin adını sadalaya bilərsiniz?
Cavab:- Sözsüz və qeyri-şərtsiz, Turançılıq ideyasının ən böyük müəllifi, yaradıcısı Əli bəy Hüseynzadədir. Türkçülük və turançılığı  birgə işlədəndə türkçülüyü mən ayrıca bir qol kimi deyərdim ki, ömrünü bu işə həsr edən adamlar var. Ancaq turançılq ideyasını bir ideya kimi ortaya qoyan adamlar var və ona gedən yolları göstərən ən böyük qəhrəmanımız Əli bəy Hüseynzadədir. Onun davamçıları çoxdur indi. Müəllimim olmuş proessor Əjdər İsmayılov, professor Firudin Cəlilov, Aydın Məmmədov, Əbülfəz Elçibəy və s. Türkiyədə isə Nihal Atsızın davamçılarından Alp Arslan Türkeş və digərləridir. Ən çox isə Azərbaycandadır. Mən özüm də bütün həyatımı bu ideyaya sərf etdim.
11. Sual: Bilindiyi kimi, Ulu öndər Heydər Əliyevin adı bu gün türk dünyasının birlik rəmzidir. Onun bu yöndə xidmətləri təkrarsızdır. Onun uğurlu siyasətini davam etdirən ölkə başçısının siyasi-ideoloji fəaliyyətində Türk dünyası məsələləriilə bağlı düşüncələriniz nədir?
Cavab:- 44 günlük şanlı müharibəmiz, özünü sübut etdi ki, Tanrı və  tarix cənab İlham Əliyevə elə bir şans verdi ki, o bütün zamanlar üçün yaşacaq bir şəxsiyyətə çevrildi. Tanrı indiyə qədər Azərbaycan türkünü belə bir şərəflə, döyüşlə görəvləndirməmişdi. O böyük bir görəvi Azərbaycan əsgərinə və onun sərkərdəsinə verdi. Mən onun xarici siyasətini alqışlayıram. Hər zaman deyirəm, biz savaşı udmuşuq, müharibəni yox, müharibə hələ də davam edir. Mən əminəm ki, prezidentin, ağlı, düşüncəsi imkan verəcək ki, biz müharibəni udacağıq. Tanrı əsgər və sərkərdəmizi elə bir misiya ilə görəvləndirdi və şərəfləndirdi ki, bu tarix dünya tarixində qızıl hərflərlə yazılacaq.
12. Sual: Türk xalqlarının təfəkkür tarixi haqqında nə deyə bilərsiniz?
Cavab: -Bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. Yer üzündə nə qədər xalq var, əksəriyyəti özləri haqqında uydurulmuş tarix yazdılar. Türklər isə tarix yaratdılar. Bütün xalqları yönləndirmək üçün dinlər göndərildi. İncil, Tövrat, Zəbur, Quran kimi kitablar göndərildi. Bizi böyük millət kimi görmək istəməyənlər sizin peyğəmbəriniz yoxdur deyirlər, doğrudur Tanrının kitabıyıq biz türklər.
13. Sual:  Türkün vətəni yerlə göy arasındadır, deyirlər. Bəlkə buna görədər ki, Rüstəm Behrudi  yüz illik, min illik yolun yolçusudur. Yönü Turan olan şair, YOL haradan başlayır ?
Cavab: - Siz çoxdoğru ifadə etdiniz Turan və  Yol . Əslində Turan təkcə böyük bir imperiya qurmaq, türk  xalqlarını birləşdirmək ideyası deyil təkcə. Turan həm də işıqlı bir yol deməkdir. Qızıl alma deməkdir. Qızıl alma nədir əslində, bizim heç vaxt əlimiz çatmayan, erişə bilmədiyimiz bir şeydir ki, biz ona üz tutub bu etnosu daha işıqlı gələcəyə aparırıq və özümüzlə bərabər bütün dünyanı da aparmaq istəyirik. Türkçülük, Turançılıq ideyası təkcə türkün yolu deyil, bu yolu gedən türklərin özü ilə bərabər bütün dünyanı işığa çıxarmaq istəyidir.
Turana gedən yol haradan başlayır? O bizim içimizdən, yaddaşımızdan, qəlbimizdən başlayır.
Bir yol başlamışam öz ürəyimdən,
O sudan dumduru, o aydan arı,
Üz tutub əlçatmaz arzularıma
Gedirəm, gedirəm ölümə sarı...
Baxın, bizim xoşbəxtliyimiz hardadır, biz yol gedirik və sonunda biz o yola çevrilirik.
14. Sual: Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 
- TÜRKSOY-un gördüyü işlər və zəruriyyəti barədə fikirləriniz:
Cavab - Mən bu təşkilatın işini həm zəruri, həm də doğru -düzgün hesab edirəm. Nə yaxşı ki, belə bir təşkilat  yarandı və sonradan ayrı təşkilatlar da yarandı. Bu adı eşitmək üçün zaman - zaman nə qədər adlı-adsız qəhrəmanlar şəhid olublar bu yolda.
15. Sual:  Arazla üz-üzə dayanan şair, Araz görən nisgilini duydumu?
Cavab: -İndi də xatirimdədir. Düz qırx-qırx beş il bundan əvvəl Bakı-Noraşen (Şərur) qatarı ilə Bakıya gəlirdim, Araz kənarı ilə keçib gedən bu qatar elə bil ki, bir yalnızlıqla tilsimlənmiş, yalnızlıq  simvoluna çevrilmişdi, elə bil səni yalnızlığa, tənhalığa aparırdı. O zaman dilimdən bu sözlər çıxmışdı.
Div əlində mənim yolum,
Ovsunludur sağım-solum.
Araz çayı, körpün olum,
Ax keç nazlana-nazlana.
İndi içimdə tamam başqa arzular var, nəyi arzulayıram,  Araz çayı həsrət, qəm, kədər, ağısından, bayatısından çıxsın, daha gözəlliyin  şərqisinə çevrilsin. Mən əminəm ki, o günlər çox da uzaqda deyil. Sonda bir arzumu da dilə gətirmək istəyirəm. Bu mənim alın yazımdır.
Köklü tanrım, bir yurd olum,
Doğma olsun, sağım, solum.
Dönüb axır Bozqurd olum,
Qalım qiyam- qiyamətə.
Bilirəm ki, belə də olacaq . Bu gün türk ellərinin bayramıdır. Mən də bu ideyanı dəstəkləyən, onun üçün yaşayan, onun uğrunda mübarizə aparan,  şəhid olan bütün insanları  3 May - Türkçülük Günü münasibəti ilə təbrik edirəm. Gözəl günlər arzulayıram. O gün ki, paytaxtımız Təbriz olacaq. Böyük bir Turan dövləti qurulacaq. Bütün oxuculara, ONN İnformasiya Agentliyinin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm.
Qəlbi Turan şair Rüstəm Behrudiyə demək istəyirik ki,...-ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı Rüstəm Behrudi. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq... Ürəyinizə hərarət, qələminizə bərəkət gəlsin, gözəl şairimiz. Yaşayın və yaradın!..
Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə pıçıldasın qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun!
Şaman kimi sözlərdən
mən tale toxuyuram,
Ürəyimdə səksəkə,
ruhumda bir zəlzələ...
Hər gecə göy üzünə
mən dua oxuyuram:
- İlahi, bu milləti
yox olmaqdan hifz elə!
Tanrı sizi hifz etsin!!!                 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ