BMT Baş katibi Antonio Quterreş gələn həftə Ukrayna taxılının ixracına dair saziş imzalamağa ümid edir. Lakin Ukrayna və Rusiya buna şübhə ilə yanaşır.
Bu barədə "CBS Nyus”da dərc olunan məqalədə bildirilib.
"Rusiya Ukrayna limanlarından taxıl ixracının ləngiməsini Ukraynanın limanları minalaması ilə əlaqələndirir. Təcavüzkar ölkə taxıl ixracı üçün yaradılacaq dəhlizlərdə gəmilərə hücum etməyəcəyini bəyan edib. Rusiyanın şərti ondan ibarətdir ki, Ukraynaya hər hansı silah qaçaqmalçılığı cəhdinin qarşısını almaq üçün gəmiləri yoxlasın. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin hələlik müqaviləni imzalamayıb.
Türkiyə tərəfi isə bildirib ki, saziş koordinasiya mərkəzinin formalaşdırılması yolu ilə yüklərin yoxlanılması və Qara dəniz dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi üçün birgə nəzarəti nəzərdə tutur.
Ukrayna rəsmiləri deyirlər ki, Rusiya Qara dəniz limanlarını bağlayır və bu da ixracın qarşısını alır”, - məqalədə qeyd olunub.