
İran Əfqanıstandan gələn qaçqınları qəbul etməyə hazırlaşır.
Bunu İranın Sərhəd Xidmətinin nümayəndəsi Hüseyn Qasımi bildirib. O qeyd edib ki, əfqan qaçqınları Rezavi Xorasan, Cənubi Xorasan və Sistan-Bəlucistan vilayətlərində yerləşdiriləcək. Artıq qaçqınlar üçün çadır şəhərcikləri də hazırlanıb. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qaçqınların yerləşdirilməsi zamanı tibbi protokollara ciddi əməl olunacaq.
H.Qasımi bildirib ki, Taliban silahlıları Əfqanıstana nəzarət etməyə başladıqdan sonra qaçqınların İrana üz tutacağı gözlənilən idi. Bu səbəbdən də onların yerləşdirilməsi üçün əvvəlcədən yerlər nəzərdə tutulub.