
Böyük Britaniyanın əfsanəvi Şervud meşəsində böyük bir itki yaşanıb. Ölkənin ən məşhur ağacı olan tarixi "Mayor palıdı" (Major Oak) quruyub.
GunAz.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, yaşı 1 000-i keçən və saysız-hesabsız təlatümlərdən sağ çıxan nəhəng ağac bu il tarixində ilk dəfə olaraq yarpaqlamayıb. Gövdəsinin çevrəsi 11 metr, çətirinin genişliyi isə 28 metr olan bu qədim palıd hər il təxminən 350 min turisti özünə cəlb edirdi.
Əfsanəyə görə, Nottingem şerifinin zülmündən qaçan xalq qəhrəmanı Robin Hud və onun tərəfdaşları məhz bu ağacın nəhəng koğuşunda gizləniblər. Tarixçilər ağacın Robin Hudun dövründə (XII-XIII əsrlər) hələ gənc bir fidan olduğunu və koğuşun sonradan yarandığını desələr də, bu fakt ağacın əsrlər boyu qoruyub saxladığı mistik aurasını heç vaxt azaltmayıb.
Ağacın quruması ictimaiyyəti dərindən sarsıdıb. Böyük Britaniyanın Quşları Mühafizə Kral Cəmiyyəti (RSPB) tərəfindən təşkil edilən simvolik "dəfn mərasimi"nə dünyanın dörd bir yanından təbiət sevərlər axın edib. Yerli bələdçi Robert Brekli mərasimə müasirliklə tarixi birləşdirərək, həm elektrofurqonda, həm də ənənəvi Robin Hud kostyumunda gəlib.
Mütəxəssislərin rəyinə görə, nəhəng palıdın məhvi bir çox amillərin ağır nəticəsidir. Əsas səbəblər kimi qlobal istiləşmə və kəskin quraqlıq göstərilir. Xüsusilə, 2022-ci ildə Böyük Britaniyada qeydə alınan və 40 dərəcəni keçən rekord istilər ağaca sarsıdıcı zərbə vurub. Vəziyyəti iki əsr davam edən antropogen (insan) təsirlər daha da ağırlaşdırıb: milyonlarla turistin torpağı tapdalaması, Şervudda əvvəlki əsrlərdə salınmış hərbi düşərgələr və yeraltı suların səviyyəsini kəskin dəyişən kömür mədənləri ağacın həyat potensialını tükədib.
Paradoksal haldır ki, keçmişdə palıdı xilas etmək üçün atılan addımlar da ona zərər verib. XX əsrdə ağacın gövdəsinə vurulan beton plomblar, metal dartılar və quraşdırılan nəhəng dayaqlar onun təbii metabolizmini pozub.
Qurumasına baxmayaraq, əfsanəvi palıd kəsilməyəcək. Ekoloqlar qeyd edirlər ki, quru ağac Şervud meşəsinin ekosisteminin mühüm parçası olaraq qalacaq və yüzlərlə böcək, göbələk və mikroorqanizm növü üçün yeni yuva olacaq. Eyni zamanda, bu kədərli hadisə fonunda ekoloqlar Böyük Britaniya hökumətinə müraciət edərək qanunların sərtləşdirilməsini tələb ediblər. Vurğulanır ki, bu qədər zəngin tarixə malik qədim ağacların ölkədə xüsusi hüquqi müdafiə statusuna malik olmaması ciddi qanunvericilik boşluğudur.






























