SON DƏQİQƏ

Sülh sazişi nə vaxt imzalanacaq?

Tarix:

14-03-2022, 14:34

/ 2 252 dəfə oxundu.
Sülh sazişi nə vaxt imzalanacaq?


Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  bildirib ki, 44 günlük Vətən müharibəsi başa çatandan qısa müddət sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan edib. Uzun müddət bu təklifə heç bir  reaksiyanın verilmədiyini görən Azərbaycan prezidenti ötən ilin noyabrında Soçidə keçirilən üçtərəfli görüşdə sülh sazişi ilə bağlı təklifi təkrar edərək ermənilərə "normal qonşular kimi yaşamağı öyrənməyi” təklif etdi.

Bir neçə ay ərzində  Ermənistan verilən təkliflərə susqunluq göstərməkdə davam etdi və heç bir konkret cavab vermədi. Bundan sonra Azərbaycan tərəfi  növbəti addımı atdı və Ermənistanı böyük sülh müqaviləsi üzərində işləməyə  dəvət etdi. Diplomatik təşəbbüsü əldən verməyərək və bu istiqamətdə təzyiqləri artıraraq prosesi ermənilər üçün asanlaşdıracaq Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsipləri təqdim edildi. Həmin prinsiplərin hamısı beynəlxalq hüquqa əsaslanır və bu təklifləri rədd etmək çox məntiqsiz olmaqla yanaşı, qonşularımızı dünya birliyi qarşısında çətin duruma sala bilər.
Görünür bunu nəzərə alan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi ikinci təklifə müəyyən mənada  cavab  verib və Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib.

Sülh sazişinin imzalanması prosesində əsas problem bir neçə məsələ ilə əlaqədardır. Ermənistan sülh sazişində mütləq status məsələsinin də salınmasını və öz həllini  tapmasını təklif edir. Azərbaycan tərəfi bu təklifi qəti şəkildə qəbul etmir və 10 noyabr 2020-ci tarixdə dövlət başçımızın verdiyi bəyanatı bir daha ermənilərə xatırladır-"Azərbaycanda Dağlıq Qarabağ deyilən inzibati-ərazi vahidi yoxdur və heç bir status söhbəti ola bilməz!”.

Sülh sazişinin imzalanması ilə bağlı ikinci ciddi problem vasitəçilərlə bağlıdır. Azərbaycan prezidenti bu proseslərə Minsk qrupunu yaxın buraxmayacağını birmənalı şəkildə bəyan etdiyi halda ermənilər yalnız onun vasitəçiliyini qəbul etdiklərini bildirirlər. Maraqlıdır ki, Azərbaycan danışıqların Rusiyanın vasitəçiliyi ilə aparılmasını mümkün saysa da, Ermənistan öz "əzəli və əbədi müttəfiqi”nə etimadsızlıq göstərir və bu vasitəçiliyi qəbul etmədiyin bəyan edir.

Bu problemləri aradan qaldırıb və sülh sazişini imzalamaq mümkün olacaqmı? Bunu qarşıdakı günlər göstərəcək. Bir şeyi qəti şəkildə demək olar-qarşıda Azərbaycan diplomatiyasını Ermənistana və havadarlarına qarşı ağır mübarizə gözləyir. Bu mübarizənin necə nəticələnəcəyi isə məncə heç kimdə şübhə doğurmur.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri
скачать dle 12.1

Şərhlər