SON DƏQİQƏ

Muğam sənətimizin XİLASKARI...

Tarix:

7-03-2022, 08:19

/ 2 835 dəfə oxundu.
Muğam sənətimizin XİLASKARI...

8 mart tarixi dünyanın bir çox ölkələrində, eləcə də bizim ölkəmizdə bir bayram kimi qeyd edilir. Mən bu yazımda 8 mart bayramının tarixindən danışmaq istəmirəm. Həyatı dərk etdiyim vaxtdan bu bayram mənim üçün olduqca maraqlı olub.

Belə ki, yaşadığım kənddə təbiət yeni canlanmağa başlayanda gələn bu bayram yadımda hər zaman həm də baharın müjdəçisi kimi qalıb. Bu bayram hər zaman mənim üçün heç bir siyasi yönümdən asılı olmayan, baharın nəfəsi qarışmış xanımlar bayramıdır. Bu bayramda hər kəs onun üçün əziz olan xanımları təbrik edir. Mən də bu gün mənim üçün olduqca əziz bir xanım, dünyanın ən seçilən siyasətçilərindən biri olan hörmətli prezidentimizin ən yaxın silahdaşı, eyni zamanda özünün beynəlxalq aləmdə, xalqımız arasında böyük nüfuzu olan Mehriban Əliyeva haqda fikirlərimi bildirmək istəyirəm.

Muğam sənətimizin XİLASKARI...Bizim ailəmizin ruhu muğam üstə köklənib. Muğam bizim ailə üçün hər zaman müqəddəs olub. Zaman keçdikcə, özüm böyüdükcə, muğamın ruhuna daha çox kökləndikcə, muğamın taleyi ilə daha dərindən maraqlandıqca bu xilaskar xanımın muğam üçün nələr etdiyinin şahidi oldum. Hər dəfə mərhum ustadımız, xalq artisti Əlibaba Məmmədov, muğam sənətinin liderləri olan xalq atristlərimiz Arif Babayevin, Mənsum İbrahimovun və bir çox başqalarının TV ekranlarından bu qayğıya görə Mehriban xanımın ünvanına dedikləri xoş sözləri eşitdikcə qürur hissləri duymuşam. Ona görə də mən bu gün Mehriban xanım haqqında danışanda təkcə birinci vitse-prezident, ölkənin birinci xanımı, dünyanın tanınmış qadınlarından, siyasətçilərindən biri, xeyli beynəlxalq səviyyəli titulları olan, öz gözəlliyi ilə də hamını heyran qoyan xanım haqqında yox, həm də mənim öz qəlb aləmimin, muğam dünyamın, Azərbaycan xalq musiqisinin xilaskarı haqda danışıram.

Xalqın qəlbindən, ruhundan doğan muğamı xilas etmək, onun inkişafı üçün böyük imkanlar yaratmaq xalqın taleyi üçün çox böyük əhəmiyyət daşıyan işdir. Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm, həm də Azərbaycan Milli Konservatoriyasını (böyük muğam ustadımız, xalq artisti Mənsum İbrahimovun sinfində). VII Televiziya Muğam Müsabiqəsinin diplomantı olmuşam. Pedoqoji fəaliyyətimlə yanaşı, muğamımızla bağlı elmi fəaliyyətlə məşğulam. Bütün elmi mənbələrin də təsdiq etdiyi kimi, musiqi xalqın mədəniyyətinin formalaşmasında, bu mədəniyyətin qorunmasında, bu mədəniyyətin qüdrətində mühüm rol oynayır. Hər bir ölkənin tərəqqisi həm də onun mədəniyyətinin səviyyəsindən, ahəngdarlığından, milli ruha doğmalığından çox asılıdır. Hər bir ölkənin gələcəyi həm də onun musiqisinin taleyindən çox asılıdır. Bu baxımdan Mehriban xanım ruhumuza bu qədər doğma olan, milli kodlarımızı oyadan muğamımızı xilas etməklə, ölkənin bu gününün, gələcəyinin qayğısına qalan böyük, tarixi bir şəxsiyyətdir.

Təbii ki, belə kiçik bir məqalədə Mehriban xanımın musiqimiz, muğamımız, milli ruhumuz haqda etdiklərinin hamısından layiqincə söhbət açmaq mümükün deyil. Ona görə də mən nümunə olaraq onlardan bir neçəsini sadalamq istəyirəm:

1. Mehriban xanımın milli musiqimizə, muğama göstərdiyi bu qayğı, onun nüfuzu, səlahiyyətləri sayəsində bir çox məmurların bu məsələyə biganəliyinin qarşısını aldı. Onları bəziləri bilərəkdən, bir çoxları isə bilməyərəkdən milli musiqimizə, muğamımıza lazımi diqqət yetirmir, ona bir köhnəlik donu geydirməyə çalışırdı.

2. Əhalinin bir çoxu məhz Mehriban xanımın bu sahəyə münasibətini görərək, onun zövqünə inanaraq muğama daha diqqətli olmağa başladılar. Ölkədə muğamın nüfuzu sürətlə qalxmağa başladı.

3. Muğam sənətinin nümayəndələrində bir ruh yüksəkliyi, özlərinə inam hissi xeyli artdı. Bu isə onların bu sahədəki potensiallarının hərəkətə gəlməsinə səbəb oldu. Onlar öz tələbələri ilə daha çox həvəslə məşğul olmağa başladılar.

4. Musiqi məktəblərində muğama diqqət artdı, muğam sənətinə gələn yeniyetmələrin, gənc istedadların sayı xeyli artdı.

5. 2005 – ci ildən başlayaraq ölkədə keçirilən Televizya Muğam Müsabiqələri muğamın çox populyarlaşmasında mühüm rol oynadı. 2019-cu ilə qədər yeddi dəfə keçirilən hər müsabiqə bir ümummilli hadisəyə çevrildi. İnsanlar bir başa xalqımızın gənc ifaçılarına, münsiflər heyətinin görkəmli üzvlərinə qulaq asır, bütün müsabiqə boyu gənc xanəndələrin ifalarını müzakirə edirlər. Bu müsabiqələr həm muğamın dərindən təbliğində, əhalinin musiqi yönündən maariflənməsində, onlarda vətənpərvərlik hisslərinin artmasına kömək edirdi, həm də xeyli gənc xanəndələrin yetişməsinə səbəb oldu. Məhz bu müsabiqələr hesabına xalqımız indi artıq olduqca məşhur olan Təyyar Bayramovu, İlkin Əhmədovu, Babək Niftəliyevi, Güllü Muradovanı, Mirələm Mirələmovu, Səbinə Ərəblini, Kamilə Nəbiyevanı, Sərxan Bünyadzadəni, Sədəf Budaqovanı, Almaxanım Əhmədovanı, Rəvanə Əmiraslanlı, İlahə Rüstəmovanı, Xəyal Hüseynovu və b. onlarca başqalarını yaxından tanıdı və sevdi.

Onun dəstəyi ilə həm də Bakıda Beynəlxalq Muğam Festifalları keçirilir. Bu Festifallar da muğamımızın həm ölkəmizdə, həm xarici ölkələrdə geniş təbliğinə mühüm kömək edir.

Mehriban xanım təkcə mənim yox, bir çox gənclərimiz, xanımlarımız, insanlarımız üçün ideal şəxsiyyətdir. Onun çoxşaxəli fəaliyyəti hər kəsi həm heyrətləndirir, həm də ona rəğbət bəsləyənlərin qürur hissini artırır. O təkcə muğamımızın yox, ümumilikdə milli mədəniyyətimizin inkişafı üçün böyük, möhtəşəm işlər görür. Onun təşəbbüsü ilə hələ 1996-cı ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu, "Azərbaycan-irs” jurnalı təsis olunmuşdu və onlar mədəniyyətimizin inkişafı üçün ciddi fəaliyyətə başlamışdı. 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması ilə Mehriban xanımın fəaliyyəti xeyli genişləndi. Bu Fond həm ölkəmizin daxilində saysız-hesabsız layihələr həyata keçirir, həm də beynəlxalq aləmdə olduqca geniş, xalqımızın nüfuzunu xeyli yüksəldən, mədəniyyətimizi geniş təbliğ edən fəaliyyət göstərir. Qədim tarixi abidələrimizin qorunmasından tutmuş, məktəblərin, uşaq evlərinin tikintisinə, təmirinə qədər geniş aspektli fəaliyyət bir çox mədəni-sosial problemlərimizin uğurla həllinə kömək edir. Onun bir xeyriyyəçi kimi də ölkəmizdə və xaricdə bir çox məscidlərin, kilsələrin, mədəniyyət ocaqlarının təmiri ona beynəlxalq aləmdə çox böyük nüfuz gətirib. Elə ona görə də UNESCO –nun və İSESCO – nun xoşməramlı səfiri seçilib. Onun apardığı ardıcıl fəaliyyətin nəticəsi olaraq muğam, aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan xalçası və bir sıra başqa dəyərlərimiz UNESCO – nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Qəbələdə Beynəlxalq Musiqi festifalı keçirilir.

Mehriban xanım həm də ölkəmizdə idmanın, xüsusi ilə gimnastikanın inkişafına olduqca böyük diqqət verir. Məhz bu diqqətin hesabınadır ki, artıq gimnastlarımız, xüsusi ilə qızlarımız beynəlxalq aləmdə geniş tanınmaqdadır. Bir vaxtlar heç kəsin ağlına da gəlməzdi ki, azərbaycanlı qızlar beynəlxalq arenalarda belə uğurlu nəticələr qazana bilər. İndi gimnastika sahəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq bu sahədə bir mərkəzə çevrilmişdir. Bakıda olduqca yüksək səviyyəli beynəlxalq yarışlar, Dünya çempionatları keçirilir.

Dünyanın çox gözəl bir xanımı kimi də tanınan Mehriban Əliyeva həm də öz zəkası, mədəni davranışı, fəaliyyəti ilə ölkəmizin nüfuzunu hər zaman qaldırır, xalqımızın potensialını nümayiş etdirir.

Bir daha qeyd etmək istəyirəm ki, öz tarixindən, mahiyyətindən asılı olmayaraq 8 mart mənim üçün olduqca gözəl xatirələrlə, duyğularla dolu olan bir bahar nəfəsli xanımlar bayramıdır. Mən də bu bayramda ölkəmizin ən tanınmış, öz fədakar fəaliyyəti ilə milyonların sevimlisi, mənim üçün ideal olan Mehriban xanımı ürəkdən təbrik edirəm!

 

  Mehranə Vəliqızı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi
скачать dle 12.1

Şərhlər