
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum günüdür.
Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda "Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92,12 % (23106 səs) səs toplayaraq deputat seçilib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu təyinatla əlaqədar 6 mart 2017-ci il tarixində V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib. 2017-ci il iyunun 2-də Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Mehriban Əliyeva "Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub. 2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib. 2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib. 2018-ci il iyulun 18-də İtaliya Respublikasının "Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib.
Yazılmaqla bitməyən cəfakeş Azərbaycan xanımının Vətən, Xalq üçün edəcəklərini izləməyimiz davam edir.