
1980-inci illərin sonu, Xalqlar həbsxanası adlanan SSRİ, başqa adla desək, Sovet İttifaqının dağılaha-dağıl vaxtları idi. Nədənsə, bizim rayonda bu süqut ərəfəsi daha tez hiss olunmağa başladı. Sədərəkdən cəmi bir neçə kilometrlik məsafəsi olan Vedibasar, Masis bölgələrindən hər gün yüzlərlə insan doğma yurd yuvalarından qovulur, öz dədə baba yurdlarından qaçqın düşür, gəlib bizim tərəflərdə qohum əqrəba evində sığınacaq tapırdılar. Get-gedə vəziyyət pisləşirdi. Düşmən havadarlarının çoxaldığını gördükcə, quduz it kimi biz türklərin üzərinə cumurdu. Hər gün bir az daha quduran ermənilər didərgin kimi gəldikləri qədim türk yurdlarından buraların öz sahiblərini zorla qovurdular. Belə bir çətin vaxtlar idi.
Sədərəkdə isə, həyat davam edirdi. Dünya görmüş insanlar, ziyalılar bu xəmirin hələ çox su aparacağını artıq gözəl anlayırdılar.Yaşlılar isə, cəmi 60-70 il öncə yaşadıqları qanlı, dəhşətli soyqırımları xatırlayıb, -" hər şey ola bilər, ehtiyatlı olmaq vacibdir"- deyə,öyüd nəsihət verirdilər. Mən o illər birinci sinifə gedirdim. Oxuduğum məktəb evimizdən bir neçə kilometr aralıda idi. Amma, bütün məktəb şagirdləri məktəbə elə böyük həvəslə gedərdik ki, yolun uzunluğunu heç vaxt hiss etməzdik. Var gücümüzlə məktəbə tələsərdik. Sədərək kənd orta məktəbində təhsil sistemi tamamilə fərqli idi burada hər kəs bilikli olmaq üçün bir-biri ilə yarışırdı. Çünki, dərslərdən əla qiymət məktəblilər həm ata-ana kimi doğma olan həm də, əziz müəllimləri olan o gözəl insanlardan elə doğma rəftar görürdülər ki, hətta, müəllimləri qeyri adi varlıq bilib onların tamam başqa bir yerdə, başqa dünyada yaşadıqlarını düşünən şagirdlərə belə rast gəlmək olurdu.
1 nömrəli orta məktəbin 1-ci sinif şagirdi idim dərs yenicə başlamışdı sinif rəhbərimiz Sona müəllimə- kim dərsini bilir? deyə sinfə səslənəndə, hər kəs bir nəfər kimi sağ əlini qaldırıb müəllimə mən, mən deyə ucadan səslənirdik. Bu vaxt sinif qapısı açıldı, içəri bir nəfər girdi bütün sinif ayağa qalxdı müəllimimiz-
sabahınız xeyir Vaqif müəllim buyurun dedi. Gələn məktəbimizin direktoru Vaqif müəllim idi. Mən diqqətlə Vaqif müəllimə baxırdım, ürəyimdə- mən bu kişini hardan tanıyıram? deyə öz özümə düşünürdüm birdən xatırladım və Sona müəlliməyə: mən Vaqif müəllimi tanıyıram deyə ucadan dilləndim hər ikisi maraqla mənə baxdı Sona müəllimə mən oturduğum partaya sarı gəlib- hardan tanıyırsan müəllimi ay Sənan dedi mən cəld ayağa qalxıb bizdə kitabı var kitabın adı ,,Deyin Xatına gəlsin,, müəllif Vaqif Məmmədov yazılıb o kitabda. Vaqif müəllim mənə tərəf gəldi və-kimsən ay bala kimin oğlusan? dedi mən də: İbrahimov Ələsgərin oğluyam, sizin kitabınızı atam bizə verib oxuyun bu kitabı şerləri əzbərləyin soruşacam sizdən deyir həmişə. Hər ikisi gülə gülə mənə baxırdı birdən Vaqif müəllim ciddi bir görkəmlə yaxına gəlib hansı şeri əzbərlədin sən? Deyə soruşdu mən də: Azərbaycan şerini dedim Sona müəllimə də- de o şeri qulaq asaq dedi mən də üzünü Vaqif müəllimə tutaraq "Azərbaycan" şeirindən bir bənd dedim
Azərbaycan güneyində qaş qara,
Güneyi od quzeyində düş qara,
Bir anasan Savalana Qoşqara
Yaman yerdi kövrəlməyə, dolmağa
Belə yerdə nə var şair olmağa.
Şer bitən kimi Sona müəllimə əl çaldı bütün sinif müəlliməyə baxaraq əl çalmağa başladılar.birinci sinifdə oxuyurdum hələ əlifba hərfləri öyrənəcəkdim amma indi evdə öyrəndiklərimə görə sinifdə gurultu ilə alqışlanırdım. Vaqif müəllim üzümdən öpüb sağ ol oğlum halal olsun dedi və dönüb Sona müəlliməyə, sizə də təşəkkürlər edirəm belə şagirdləri ancaq elə siz hazırlayarsınız dedi. Bir neçə gün sonra atam bu hadisəni elə Vaqif müəllimdən eşidib sevincdən gözü dola, dola mənə sağ ol ay bala görürsən oxumaq nə gözəldi? Vaqif müəllim səni çox təriflədi belə oxu bala dedi.




























