SON DƏQİQƏ
» » "Ölkənin yerli su ehtiyatları azalır" - XƏBƏRDARLIQ

"Ölkənin yerli su ehtiyatları azalır" - XƏBƏRDARLIQ

Tarix:

31-08-2018, 15:37

/ 10 531 dəfə oxundu.
"Ölkənin yerli su ehtiyatları azalır" - XƏBƏRDARLIQ

"Müxtəlif iqlim ssenarilərini nəzərə alaraq su ehtiyatlarımızın azalmasını, gələcəkdə su qıtlığının yaranmasının qarşısını almaq məqsədilə bu gün ölkə daxilində və qonşu dövlətlərlə transsərhəd səviyyədə müxtəlif addımlar atılmalı, eləcə də uyğunlaşma tədbirləri həyata keçirilməlidir".

GunAz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 10 dərəcəyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir. Ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 kub km-ə yaxın idisə, son illərdə bu azalaraq 9 kub km-ə düşüb:

"Ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s. çayların su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kub km təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər. Qeyd etmək lazımdır ki, iqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illərdə azalıb. 1960-90-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30%-ə qədər azalır və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 kub km su daxil olur".

Rafiq Verdiyev onu da əlavə edib ki, müxtəlif iqlim ssenarilərinə görə su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə transsərhəd səviyyədə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir:

" Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Əks təqdirdə, gələcəkdə ölkə ərazisində ciddi su qıtlığı problemi ilə üzləşə bilərik. Bu kimi halların qarşısını almaq üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ