SON DƏQİQƏ
» » Məmməd İsmayıl son mənzilə "Ruhani" ilə yola salındı!

Məmməd İsmayıl son mənzilə "Ruhani" ilə yola salındı!

Tarix:

20-08-2025, 18:08

/ 3 936 dəfə oxundu.
Məmməd İsmayıl son mənzilə "Ruhani" ilə yola salındı!

Bu videonu və bir xatırlatımı paylaşım...Şair Məmməd İsmayıl Türk Dünyasının nəhəng şairi, mütəfəkkiri idi.Turana Tovuzda göz açmışdı, ilk mənzili və dünyası Əsrik kəndi idi.Orada da son mənzilinə qovuşdu...Açıq Şəhriyarın "Ruhanı"si ilə uğurlandı.
Əziz dostum Ehtiram İlham haqqını halal etsin, onun canlı yayında paylaşdığı videonu mən də burada paylaşıram.Və Məmməd Əmi ilə bağlı bir xatirəmi...Bunu hekayə kimi Məmməd Aslan dünyasını dəyişəndə yazmışdım. İndi oradan bir parçanı Məmməd İsmayıla həsr edərək, izləyicilərə təqdim edirəm.***1988-ci ilin avqustun sonunda Bakıya təyinatla gəldim. 3 ay sonra milli-azadlıq hərəkatına qoşulmuşdum.Bakıya gəlişim ərəfəsində tale üzümə gülmüşdü. Azərbaycanın böyük şairi Məmməd İsmayıl o zamanın ən populyar KİV-i olan “Gənclik” jurnalında bir publisistik yazımı dərc etmişdi. Mümkün olacaq şey deyildi -  lakin Allah Məmməd adlı bir qulunun əli ilə qapını aralamış, mənə yol göstərmişdi... Bircə yazı ilə ünlü oldum -  o qədər məktublar alırdım ki...Kəndə, rayona, bitirdiyim instituta səs düşmüşdü -  yer-yerindən oynamışdı; ya da o zaman mənə elə gəlirdi.Sonra Allah Məmmədlərdən daha birini rastıma çıxardı -  Məmməd Aslanı. “Gənclik” jurnalının redaksiyasında Məmməd İsmayılın rəhbəri olduğu ədəbiyyat dərnəyinə yazılmışdım; hər dəfəsində israrla şeir oxuyurdum; lakin Məmməd İsmayıl onlardan birini də dərc etmirdi. Bəyənmirdi.Mən ona heç demədim ki, geniş məqaləsi dərc olunan tələbə -  Rauf Abbasov mənəm.O da bunu heç bilmədən iki-üç dəfə Rauf Abbasovu “Rauf Araz” adlı gənc şairə nümunə gətirdi.Ən təsirlisi və ilk dəfəsi belə oldu:Məmməd Aslan da dərnəyə qatılmışdı -  şeir oxuyurduq; Teyfur Çələbi, Yunus Oğuz yadımdadı; Salam Sarvan adını ilk dəfə orada eşitdim -  böyük şair olacağını hər kəs əminliklə söyləyirdi; Akif Əhmədgil, Məti Osmanoğlu, Sabir Sarvan  ...və başqaları kimi gənc yazar və şairləri Məmməd İsmayıl işə götürdüyündən, onlar zatən orada idilər.Belə bir ortamda mən də şeir söylədim -  indiki vaxtım olsaydı, heç cəsarət etməz, ağzımı da açmazdım; amma o zaman cəsarətim istedadımdan da böyük idi; ağlıma gələn hər şeyi edirdim...Bəyənmədilər. Məmməd İsmayıl dedi ki, bu uşaqda nəsə var, amma hələ yetişməyib.Məmməd Aslan, ilk dəfə canlı olaraq gördüyüm şair hər kəslə opponentlik etdi: “İnsafın olsun, a Məmməd. Bu adam şairdi... ” Sonra şeirimdəki son iki misranı əzbərdən dedi, arqument yerinə:“Günbatan tərəfə bir atlı keçdi,Günəş bağlanmışdı hörüklərinə...”Və bu iki sətirlə bütün içimi, yaşadıqlarımı, Günəşimi kimin və necə apardığını açdı qoydu...Dedi ki, bu, bir rəsm tablosudur  - bunu şair olmayan belə “çəkəmməz”...Həm heyrətdə idim, həm də trans vəziyyətində. Belə hissləri ilk dəfə idi yaşayırdım. Böyük şairlərdən biri mənim bircə dəfə oxuduğum şeirimdən bir parçanı əzbərdən deyir və məni sözün həqiqi mənasında vəsf edirdi...İki Məmməd bir neçə dəqiqə mübahisə etdi; bu Məmməd o Məmmədə dedi ki, “a, Məmməd...”Məmməd İsmayıl bu dəfə qayıdasan ki, “Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir gənc məktub yazır, onu nöqtəsinə-vergülünə dəymədən çap edirəm. Üzünü də görməmişəm.  Yaxşı olsaydı, bu gəncin şeirlərini də dərc edərdim. Bu uşaqda da nəsə var, bilirəm, bir şey olacaq. Amma hələ yetişməyib...”Məni mənə misal gətirirdi. "O, mənəm", demək gəlmədi içimdən, demədim...İki Məmməd oradaca mənə ömürlük dərs verirdi!Üçümüzün də xəbərimiz yox idi...Məmməd İsmayıl məni ən güclü olduğum sahəyə -  publisistikaya yönəltdi və xeyli zəif olduğum sahədən -  şeirdən birdəfəlik araladı.Məmməd Aslan içimi aydınlatdı, inamımı artırdı, mesajlarımı oxucuya yetirə bilməm üçün  “şifrəmi” verdi. Etimadın, anlanmanın necə gözəl bir şey olduğunu nümayiş etdirdi. Bir kəndli gəncin Bakıda öz qələmi ilə ürəklərə, böyük adamların ağıl və fikirlərinə yol tapa biləcəyinə inandırdı məni...Və başladım...Az müddət sonra (cəmi bircə ildə!) Azərbaycanın siyasi həyatında Şenol imzası vardı. Ün salmışdı; qeyri formal jurnalistikanın sirli, həm də sevilən, axtarılan imzası idi...Elə həmin zamanlarda “Birlik” dərgisini redaktə etməyə başladım (1989 aprel - sentyabr), çoxlu yazılar yazdım. Broşurlar çap etdim, dostlarla səyyar satışın əsasını qoyduq...1989-cu ilin oktyabr-noyabr aylarında da “Yeni Müsavat” qəzetini yaratdım...Sonra yazımda adlarını çəkdiyim və çəkmədiyim bütün şairləri, yazıçıları onların xəbəri olmadan onlarla birgə qurduğum, böyütdüyüm “Yeni Müsavat”da, “Dünya” jurnalında, sonradan qurduğum "Cümhuriyyət", "Yeni Turan" qəzetlərində dərc etdim. Yazılarını, müsahibələrini, mesajlarını, ....nekroloqlarını (qalanlara can sağlığı) yayınladım, xatıratlarını əziz tutdum.***İndi onlardan biri də Məmməd İsmayıl oldu. Dünən, bu gün çoxlu xəbərlər, xatirə yazıları, köşələr dərc etdim.Hər yazının yanında da kimsənin görəməyəcəyi, oxuya bilməyəcəyi çoxlu xatirələr...Tovuzda, Bakıda, İstanbulda, Çanaqqalada gördüyüm, görüşdüyüm, danışdığım, dinlədiyim Məmməd Əmi...Onun xəyalları və hədəfləri...Mesaj və qırğınlıqları...Gerçək Şairlər Allaha və cənnətə yaxın doğulurlar.Allah rəhmət etsin və məkanını haqq etdiyi cənnətlə mükafatlandırsın.


скачать dle 12.1

Şərhlər