SON DƏQİQƏ
» » Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan

Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan

Tarix:

2-08-2023, 21:30

/ 2 808 dəfə oxundu.
Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan

REDAKTORDAN

(Esse)

(Rasim Ocaqovun 90 illik yubileyinə həsr etdiyim birinici yazı)

Dünyada ilk kinofilmlər 1895-ci ildən çəkilməyə başlayıb. Həmin vaxt bu, dünya insanları arasında bir möcüzə təsiri bağışlayıb. O vaxtlar artıq Bakı nefti dünyada tanınırdı və bu neft bumuna görə ölkəmizə dünyanın hər yerindən çoxlu insan işlməyə gəlirdi. Bunların içərisində sənət adamları da vardı. Və beləliklə də, dünya kino sənətinin yaranmasından cəmi üç il sonra Azərbaycan Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan
kinematoqrafıyasının tarixi başladı. Belə ki, 1898-ci il avqust ayının 2-dən məmləkətimizdə kino çəkilişinə başlanıldı və bu da kinomuzun yaranma tarixi kimi qaldı. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri –“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və sairə filmlər oldu. 1915-ci ildən isə kinoya maraq daha da artdı və elə həmin il İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” adlı romanı əsasında Sankt-Peterburqdan dəvət olunan rejissor Boris Svetlovun rəhbərliyilə bu kinofilm çəkildi. Baş rolda Azərbaycan teatr tarixində peşəkar rejissuranın əsasını qoyan Hüseyn Ərəblinski Lütfəli bəy obrazını yaratdı. Bunun ardınca 1916-cı ildə Üzeyir Hacıbəyovun “Arşın mal alan operettası” çəkildi. 1919-cu ildəCümhuriyyətimizin bir illiyində “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş olundu.
1923-cü ildə və bu il 100 yaşı tamam olan Azərbaycan Foto-Kino İdarəsi yaradıldı. 1925-ci ildə isə bu təşkilatın nəzdində Azərbaycanın kino aləmində milli rejissurasının əsasını qoyanlardan biri Şamil Mahmudbəyovun təşəbbüsü ilə kino sənayesi üçün mili aktyor və rejissor kadrları hazırlayan studiya yaradıldı. Burada Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Mikayıl Mikayılov və başqaları dərs almağa və kino sənətini dərindən öyrənməyə başladılar. Sonra isə Azərbaycan kinosunda böyük işlər gördülər. Beləliklə, bundan sonra bir-birindən maraqlı kinofilmlər yaranmağa başladı. Beləliklə, insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfi hesab olundu. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Bu gün kino sənayesi çox çətin və özündə 75-dən artıq komponenti birləşdirən bir mexanizmdir. Kinonun bir Azərbaycan kinosuna böyük yeniliklər gətirən insanüstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Artıq 125 illiyini qeyd elədiyimiz Azərbaycan kinosu tarixində saysız rejissorlar, operatorlar olub. “Balaxanıda neft fantanı” müəllifindən tutmuş son “Dolu”, “Sübhün səfiri”, “Oğlan evi”, “Toydan sonra”, “Qara volqa”, “Məhəllə” və sairə kinofilmlərini çəkən rejissorlara və operatorlara qədər. Son on-on beş ildə peşəkar filmlər çəkiblər. Ola bilər ki, çəkdikləri filmlər arasında indiyə qədər sevilənləri var. Amma həmin rejissorları ustad adlandırmaq olmaz, çünki özlərindən sonra nə onların yolunu davam etdirən rejissor var, nə də kəşf etdikləri aktyor. Onlar əsasən hazır “məhsullardan” yararlanıb filmlərini çəkiblər, vəssalam. Amma elələri də olub ki, assisentlik ediblər, operator kimi çalışblar və sonralar kino tariximizdə əvəzsiz rejissorlar olublar. Onların kəşf etdikləri aktyorlar, aktrisalar isə məhz kinomuzun inciləri hesab olunur.
Haqqında söhbət açacağımız rejissor Rasim Ocaqov məhz belə rejissorlardandır. O, yalnız kinofilm çəkməklə işini bitirmiş hesab etmirdi. Həm film çəkirdi, həm də Azərbaycan kinosu üçün peşəkar kadrlar yetişdirirdi. Onun kəşf edib Azərbaycan kinosuna bəxş etdiyi aktyorlara, aktrisalara, operatorlara, kino rəssamlarına və ümumiyyətlə, bu sahədə çalışan peşəkarlara hələ də çox böyük ehtiyac var.Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan
Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı, az danışan insan idi. Həmişə düşüncəli, fikirli görkəmi vardı. Onu həmişə barmaqlarının arasında siqaret çəkən və nə isə düşünən görürdük. Özü heç vaxt insanlarla ünsiyyətə can atmırdı. Amma onunla ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni tanıdı, düşüncən və fikrin xoşuna gəldi məmnuniyyətlə söhbət edər, isinişərdi. Məhz buna görə onun həm kinossenartistlər, həm rejissorlar, həm operatorlar, həm aktyorlar və həm də başqa sənət adamları arsında çoxlu dostları vardı. Bu istedadlı şəxslə bir dəfə təmasda olan, söhbət edən insan onun böyük ziyalı və çox müdrik insan olduğunu görür və həmişə onunla ünsiyyətdə olmaq istəyirdi.
Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Şəkidə dünyaya gəlmişdi. Həmin vaxtlar Şəki Azərbaycanın ən mədəni, elmin, ədəbiyyatın, incəsənətin çox inkişaf etdiyi yerlərdən biri idi. Heç təsadüfü deyil ki, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və ədəbiyyatımıza, elmimizə, incəsənətimizə onlarla tanınmış sima bəxş edən Şəki böyük ziyalılar yurdu sayılırdı. Şəki Teatrının yaranma tarixi də çox maraqlıdır. Belə ki, görkəmli maarifçi və yazıçı Rəşid bəy Əfəndiyev 1877-ci ildə Tiflisdə Mirzə Fətəli Axunzadə ilə görüşüb. Dahi dramaturq ona vətəni Şəkidə komediyalarından birinin oynanılmasını arzuladığını bildirib. 1879-cu ildə gənc Rəşid bəy böyük mütəfəkkirin arzusunu həyata keçirərək barama anbarında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını Şəki ziyalıları ilə birlikdə tamaşaya hazırlayıb. Hacı Qara rolunu Rəşid bəy Əfəndiyev özü oynamışdı. Beləliklə, həmin vaxtdan Şəkidə peşəkar teatrın təməli qoyulmuşdu. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Mirzə Ələkbər Sabir adına Dövlət Dram Teatrı fəaliyyət göstərmişdi. O vaxt SSRİ-nin rəhbəri İosif Stalinin bic siyasətli əmrilə Azərbaycanda əksər dövlət teatrları maliyyə problemi adı ilə bağlandığına görə Şəki teatrı da bağlanmışdı. 1959-1975-ci illərdə isə bu teatr Xalq teatrı kimi fəaliyyət göstərmişdi və 1975-ci ildə yenidən Dövlət Dram Teatrı bərpa olundu və az müddət ərzində böyük uğurlar qazandı. 1930-50-ci illərin demək olar ki, bütün uşaqlarının həyata, yaratmağa maraqları çox böyük idi. Rasim Ocaqovun da uşaq yaşlarından teatra və foto sənətinə marağı hədsiz olub. Həvəskar foto şəkillər çəksə də arzusu geoloq olmaq idi. Həmin vaxtlar bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə cəlb edir. O, artıq geoloq olmağı yox, məhz fotoqraf sənətini dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. 1951-ci ildə Moskva Ümumittifaq Dövlət Kino İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur və həmin dövrdə Sovetlər Birliyində məşhur olan, B.Qolovnya və L.Kosmatovun emalatxanasında təhsil alır. 1956-cı ildə bu ali məktəbi bitirən Rasim Ocaqov elə həmin ildən də “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. Beləliklə, elə həmin ildən o, filmlərdə operator kimi çalışır. İlk operator işi isə rejissor Əjdər İbrahimovla olub. Tele mənə qismət eləmişdi ki, mən də Moskvada oxuduğum illərdə Əjdər İbrahimovla tanış olmuşdum və onun sənət aləmi və Azərbaycanla, şəxsən Ulu Öndərlə bağlı maraqlı söhbətlərini eşitmişdim. Dahi Heydər Əliyev onu bir sənətkar kimi çox sevirdi. Əslən azərbaycanlı olan və Aşqabadda dünyaya gələn, Aşqabad Teatr Məktəbini, Azərbaycan kinosuna böyük yeniliklər gətirən insanÜmumittifaq Dövlət Kino İnstitutunun rejissorluq fakültəsində Sergey Yutkeviçin və Mixail Rommun sinfində təhsil almışdı. Vyetnam kinosunun yaranmasında böyük işlər görmüşdü. Sonralar Sovet kinosunda böyük simalardan biri olan Əjdər İbrahimovun cavan bir operatorla çəkdiyi çox cavabdehli və çətin iş olan “Onun böyük ürəyi” kinofilminə baş operator kimi dəvət etməsi çox maraqlı idi. Həmin vaxt söhbətlərimizdə Əjdər müəllim Rasim Ocaqovla bağlı maraqlı bir fikir demişdi: “Rasimin ilk operator işi 1957-ci ildə çəkilən “Bir məhəlləli iki oğlan” kinofilmində olmuşdu. Mən bu kinofilmə İ.Turinlə birgə quruluş verdik. Bu kinofilmin ssenari müəllifləri Nazim Hikmət və Anna Begiçeva idi. O, həmin "Bir məhəlləli iki oğlan" filmində ikinci operator olsa da (filmdə baş operator Marqarita Pilixina olub) mənim onun oradakı operator işindən çox xoşum gəldi və belə qərara gəldim ki, ssenari müəllifi İmran Qasımov olan “Onun böyük ürəyi” kinofilmini məhz onunla çəkim. Rasim mənim ümidlərimi doğrultdu”. Beləliklə, “Onun böyük ürəyi” kinofilmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında quruluşçu rejissoru Əjdər İbrahimov olan və lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Həmin vaxt operator Rasim Ocaqovun işi haqqında mətbuatda belə maraqlı cümlələr yazılmışdı: “Filmə baxanda hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır”. Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxırdı. Məşhur kino sənətkarlarının belə bir dəyərli deyimi var: “Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəmməldirsə, deməli, filmin baxımlılığı təmin olunur”.Azərbaycan kinosuna böyük yeniliklər gətirən insan
Həmin vaxt Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Bir cənub şəhərində” filmi məhz Rasim Ocaqovun peşəkar baxışı və kamerası ilə çəkilib. Məzh buna görə “Bir cənub şəhərində” filmini kino aləmində çox vaxt quruluşçu rejissor Eldar Quliyevin yox, operator Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər. “Onun böyük ürəyi”, “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratmışdı. Və onun bu işlərinə keçmiş Sovetlər Birliyinin ayrı-ayrı kinostudiyalarında çalışan ən məşhur operatorlar belə qibtə edirdilər.
“Mən rəqs edəcəm” kinofilmində operator kimi işi daha mükəmməldir. Bu kinofilmdə oynayan baş rolun ifaçısı, məşhur rəqqas və baletmeystr Mahmud Esambayevin rəqs hərəkətlərini və sfətinin mimikasını Rasim Ocaqov çox böyük ustalıqla lentə almışdı. Eləcə də bu kinofilmə çəkilən və həmin vaxtlar Sovetlər Birliyində Ulyam Şekspirin “Otello” tamaşasında Otellonun ən mahir ifaçılarından biri sayılan və baş qəhrəmanın atasını oynayan Txabsayevin baxışlarını, sifətindəki mimikaları da Rasim Ocaqovun kamerası böyük ustalıqla ekranda canlandırırdı. Txabsayevlə Azərbaycan Teatr Cəmiyyətində olan görüşdə, mən hələ Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi idim. Həmin görüşdə Txabsayev Rasim Ocaqov haqqında maraqlı fikirlər demişdi və onu öz işinin ustası adlandırmışdı. Heç təsadüfi deyil ki, 1964-cü ildə bu işinə görə Rasim Ocaqova Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.

Azərbaycan kinosuna öz dəsti-xətti ilə gələn rejissor

Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi var, kamera və operatorluq işi ilə kifayətlənmir və o, rejissor kimi özü kinofilmini çəkmək istəyir. Məzh bu arzu ilə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur və burada tanınmış rejissorlardan bu sənətin sirrlərini daha mükəmməl öyrənməyə başlayır. Əslində o, bu işi artıq kinofilmlərdə operator olan vaxt, çalışdığı rejissorlardan öyrənmişdi. Amma bir qədər də təkmilləşərək rejissor diplomu almaq üçün oxuyurdu. Beləliklə, o, artıq ali təhsilli rejissor diplomu da aldı. Rasim Ocaqovun böyüklüyü onda idi ki, kim onun yerinə olsaydı deyərdi ki, “mən Moskva Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmişəm və operator kimi diplomum var.Nəyimə lazımdır ki, yenidən Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmək?” Bu, yəqin ki, onun özünə qarşı böyük cavabdehliyindən irəli gəlirdi. Və həmişə hər işində peşəkarlığa xüsusi önəm verirdi, həm də çox məsuliyyətli insan idi. Rejissor kimi ali təhsil almasına baxmayaraq, bu arzusunu reallaşdıra bilmirdi. Beləliklə, iki il kino çəkmək istəyini həyata keçirə bilməyib və ona film verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbərliyi onu çağırıb və deyib ki, “sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə rejissor kimi ömürlük həsrət qalacaqsan”. Əlbəttə, belə qəti fikri hər insan qəbul etməzdi. Çünki bu kinofilm Sovetlər Birliyi rəhbərlərinin “qara siyahısına” düşmüşdü. Onu yenidən işləmək elə də asan deyildi. Həm də bu kinofilmi artıq rejissor kimi Sovetlər Birliyində öz sözünü demiş, “O olmasın, bu olsun” (“Məşədi İbad”) kimi kinofilmi çəkmiş məşhur rejissor Hüseyn Seyidzadə çəkmişdi. Amma Rasim Ocaqovun özünə inamı çox olduğuna görə kinostudiyanın rəhbərliyinin sözlərilə razılaşıb. Beləliklə, rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" (“Qatır Məmməd”) filmini tamamlamaq olur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişir, ssenarini yenidən işləyir. Qatır Məmmədin obrazını isə aktyor kimi çox sevdiyi Şahmar Ələkbərova tapşırır. Beləliklə, rejissor artıq hazır bir filmi “söküb” yenidən “toxuyur”. Baş rolu- Qatır Məmmədi məhz Rasim Ocaqovun çox çətinliklə təsdiq etdirdiyi, həmin vaxt kino sahəsində öz sözünü demiş Şahmar Ələkbərov yüksək səviyyədə oynayır. Kinofilmdə dəyişdiyi bəzi obrazların ifaçıları da yaxşı oynayır. Artıq ayrılan vəsait xərclənmişdi, ayrılan plyonka işlənmişdi, çəkilən çəkilmişdi. Deməli, min bir əziyyətlə filmi yenidən ərsəyə gətirmək rejissordan çox böyük məharət və peşəkarlıq tələb eləyirdi. Bu çox çətin və reallaşması ağır olan işi Rasim Ocaqov yüksək peşəkarlıqla gördü. Moskvada bu kinofilmə yenidən baxış oldu və filmi nümayişə buraxdılar. Ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə kinofilmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Və o da vurğulandı ki, “Azərbaycan kinosunda operator kimi böyük işlər görmüş Rasim Ocaqov öz dəsti-xətti olan bir rejissor kimi dəkino aləminə, dünyasınagəldi.”.
Beləliklə, həmin vaxtdan Rasim Ocaqovun rejissorluq fəaliyyəti başladı. 1973-cü ildən isə artıq “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor kimi çalışmağa başladı. Bir-birindən peşəkar, maraqlı kinofilmləri ekrana çıxdı. Bunlardan- “Ad günü”, “Bağlı qapı”, “İstintaq”, “Tütək səsi”, “Özgə ömür”, “Park” “Təhminə”, “Həm ticarət, həm ziyarət”, “Ölsəm, bağışla” kinofilmləri Rasim Ocaqovun yaradıcılığının məhsulu kimi Azərbaycan kinosunu təkcə Sovetlər Birliyində yox, dünyada tanıtdı. Sonuncu filmi “Otel otağı” oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası bu kinofilmin əsasını təşkil etdi. Ümumiyyətlə, hər kinofilmin bütöv bir fikir, dərin qatlı tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.

İlk məhəbbətini sevdiyi sənətdə tapan insan

Rasim Ocaqovun yəqin ki, ağlına gəlmirdi ki, elə ilk məhəbbətini də məhz kino sahəsində işlədiyi vaxt tapacaq. Bu maraqlı məhəbbət dastanı belə yarandı. Rasim Ocaqov “Onun böyük ürəyi” filmində Rəna obrazını canlandıran Sveta xanım Cavadovaya aşiq olur. Bu film aktrisanın çəkildiyi ilk və sonuncu film olur. Sveta xanımCavadova ilə ailə həyatı quran rejissor onu sənətdən ömürlük uzaqlaşdırır. Beləliklə, orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət etdiyi Sveta xanım Cavadovaya aşiq olması filmlər çəkməyə Rasim Ocaqovun bir müddət ara verməsinə səbəb oldu. Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc operator da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa Azərbaycan kinosuna böyük yeniliklər gətirən insançalışacaq. Bu sevgi onların evliliyi, Sveta xanımın isə kinoya həmişəlik “əlvida” deməsi ilə sona yetir. Onlar çox mehriban ailə qururlar.

Müstəqil respublikanın ilk kino-studiyası

Artıq Sovetlər Birliyində Mixail Qorbaçovun “yenidənqurma” oyunu ilə bir çökmə, dağılma başlamışdı. Kinofilmlər çəkməyə pul ayrılmırdı. Kino sənayesi də artıq çökürdü. Bunu ilk görənlərdən biri də məhz Rasim Ocaqov oldu. Rasim Ocaqov filmlərini çəkməklə məşğul olsa da, maliyyə çatışmazlığını hiss etdiyinə görə 1990-cı ildə “Ocaq” studiyasını yaratdı və öz sevimli işini bu müstəqil studiyada davam etdirməyə başladı. O, Azərbaycanın elə rejissorlarından idi ki, yalnız içindən keçənləri, yaşadıqlarını ortaya qoyurdu. Ona görə də çəkdiyi filmlər sevilir və illər sonra da tamaşaçıya təsirsiz ötüşmürdü və bu gün də aktualdır.
Səhhətindəki problemlərdən əziyyət çəksə də Rasim Ocaqovonu yıxan siqareti atmırdı. Daha doğrusu, ata bilmirdi. Və gülə-gülə deyirdi ki, “onun hər qullabı beynimdə yaranan bir süjetdən çıxır”. Rasim Ocaqova sual verən jurnalistlərə deyirdi ki, “müharibə filmləri çəkə bilmirəm, çünki onu yaşamamışam”. Amma onun çəkdiyi “Tütək səsi” kinofilmi Böyük Vətən Müharibəsi dövründə arxa cəbhənin ən dəhşətli hadisəsinə həsr olunmuşdu və tamaşaçıların iliyinə qədər işləyirdi.
Artıq Azərbaycan Kinematoqrafçılar İttifaqında işləyəndə isə Rasim Ocaqov daha kinofilm çəkmirdi. Düşünürdü ki, “kimsə, işi olmayan rejissor çəksin, onun artıq işi var və kifayət qədər də film çəkib”. Həm də çoxlu aktyor, aktrisa yetişdirib. Özü deməsə də hamı bilir ki, Hacı İsmayılov, Fəxrəddin Manafov. Şükufə Yusupova və başqa sənətkarlar məhz onun aktyor tapıntılarıdır. Hətta indiyə qədər operator Kənan Məmmədov Rasim Ocaqov məktəbindən bəhrələndiyini deyir.
Yadıma gəlir ki, 1986-cı ildə SSRİ dövlətlərindən olan Ukrayna və Moldova teatrlarının Kişinyov şəhərində festivalı keçirilirdi. Həmin tədbirdə jürinin üzvi kimi Azərbaycandan dramaturq Kamal Aslanov və mən göndərilmişdim. Orada təxminən iyirmi teatrın tamaşalarına baxdıq. Moldovadan jüri üzvlərindən biri İsa Hüseynovun “Tütək səsi” və "Saz" povestlərinin motivləri əsasında Rasim Ocaqovunekranlaşdırdığı “Tütək səsi” kinofilmində Cəbrayıl obrazını çox maraqlı yaratmış moldov aktyoru Mixay Volontir idi. Elə ilk gündən bizim onunla çox yaxşı ünsiyyətimiz yarandı və biz bir neçə dəfə şəkillər də çəkdirdik. Həmin şəkillər mənim arxivimdədir. Bu münasibəti də yaradan elə məhz Mixay Volontir özü oldu. Çünki o, biləndə biz Azərbaycandan gəlmişik, Kamal Aslanova və mənə yaxınlaşdı. Əlbəttə, biz onun artıq Sovetlər Birliyində Budulay rolundan sonra çox məşhur olduğunu bilirdik. O, “Tütək səsi” kinofilminə çəkildiyi vaxt özünün ən gözəl illərindən biri hesab etdiyini dedi. Və həm də onu vurğuladı ki, “mən Rasim Ocaqovun vasitəsilə sizin milləti çox sevdim və çəkiliş vaxtı azərbaycanlıların necə qonaqpərvər olduğunu gördüm. Ən əsası isə Rasim Ocaqov kimi sizin çox istedadlı rejissorunuzla, İsfəndiyar kişini oynayan Məmmədrza Şeyxzamanov və Qılınc Qurban rolunu oynayan Yusif Vəliyev kimi aktyorlarınızla tərəf müqabili oldum. Onların hər üçünün yüksək peşəkarlığını sevdim”.
Böyük rus aktyoru, Rusiya Teatr Xadimləri İttifaqının prezidenti Aleksandr Kalyaqinlə Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində təhsil aldığım illərdə tanış olmuşdum. O, təkcə yaxşı aktyor deyildi və həm də çox savadlı, yüksək təfəkkürlü, böyük ziyalı, yaxşı teatr rəhbəri idi. O vaxt Aleksandr Kalyaqin Rasim Ocaqov haqqında belə bir maraqlı fikir demişdi: “Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun çəkdiyi kinofilmlərini götürsək, canlı varlıq olan kino tam yarıçılpaq qalar”.
Bu, həqiqətən də belədir. O, təkcə kinofilmlər çəkməyib və həm də Azərbaycan kinosuna çoxlu yenilik gətirib. Bu xidmətlərinə görə də 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənt xadimi, 1982-ci ildə Xalq artisti fəxri adlarını alıb. Rasim Ocaqov 1980-ci ildə Azərbaycanın və 1981-ci ildə SSRİ-nin dövlət mükafatlarına layiq görülüb. Böyük Azərbaycan rejissoru, gözəl pedaqoq, çoxlu Azərbaycan aktyorlarını kəşf edən Rasim Ocaqov 7 iyul 2006-cı ildə 73 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Özündən sonra kino tariximizdə böyük bir məktəb qoyub gedib.
Bir sözlə, xalqımız belə klassik sənətkarı ilə həmişə fəxr eləyə bilər.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı, rejissor, dramaturq
SSRİ dramaturqları laureatı



скачать dle 12.1

Şərhlər