SON DƏQİQƏ

Qarabağ – məhək daşı-ƏHMƏD QƏŞƏMOĞLU

Tarix:

28-10-2020, 09:20

/ 4 098 dəfə oxundu.
Qarabağ – məhək daşı-ƏHMƏD QƏŞƏMOĞLU

Əhməd Qəşəmoğlu

Vurordum, vur!

 

Allah qüvvət versin! Dayanma daha

Qələbə sənindir, müzəffər ordum!

Düşmən torpağımda batıb günaha

İt kimi qovala, çal zəfər, ordum!

 

Sənin arxandadır vətəndə hər kəs,

Düşmən namərd düşmən, əhədini kəs!

Vətən tapdanıbdı, əzmin müqəddəs

Sənə qoşulacaq hər nəfər, ordum!

 

Bəlamız - iblisdən dolaşıq hiylə,

Düşmən imkan gəzir, qudursun hələ.

Qoyma qəddimizi qırsın bu nalə

Vətəninə sevgisi saf, ər ordum.

 

Qorxma, səninlədir haqqın qüdrəti

Min-min ağlar qəlbdə yurdun həsrəti,

Rədd elə hər yandan məkri, vəhşəti

Qələbən qəlblərə bir cövhər, ordum!

Qarabağın taleyi ilə oynayan diplomatlara

 

dünyanın indiki cağı,

nə baxırsan yağı-yağı...?

üzün hiylələr oylağı...

 

diplomatik ədalarla gülə-gülə,

bürünərək min fənd-felə

Qarabağın taleyindən danışırsan.

arada bir səs ucaldıb, sonra qəfil qımışırsan...

-çox uzandı, deyirsən sən,

həll olmalı Qarabağın problemi!

ah eləmi?

onda isə adam oğlu adam kimi açıq danış

həll deyəndə, ürəyində nə tutursan?

həll deyəndə Allahını, ədaləti

sən nə qədər unudursan?

ürəyində tutduğunu yeritməkçün

dondan dona geydirirsən sən o həlli...

axı bəlli!

sənə yüz-yüz

sənəd, dəlil göstərirlər, göz yumursan,

sanki heç nə anlamadan, hey susursan

arxada min pay umursan...

deyirsən ki, tarix qədim...

nələr olub, mən nə bilim?

özün çox gözəl bilirsən!!!!!!!!

bilmirsənsə, onda burda neyləyirsən?

çox müqəddəs bir ağrıdı Qarabağın bu söhbəti...

sən tək bulaşıq adamlar

bu ağrını duya bilməz...

aça bilməz həqiqəti...

dur ayağa! rədd ol burdan!

sən kimsən plan tökürsən?

Allah özü qurtaracaq,

Xalqım özü qurtaracaq

Qarabağı belə dardan!

bilirik hardadır bu divin canı

 

başımız üstündə, Xanım

başımız üstündə

günəş süzüldükcə buludlardan,

qara daşlar fırlanır...

 

başımız üstündə Xanım,

başımız üstündə

güldükcə üçrəngli bayrağımız

şıdırğı dolu tökülür...

 

başımız üstündə, Xanım

başımız üstündə

məşələ döndükcə ürəklərimiz

dəli yellər oynayır.

 

min cilddən cildə girir iblis,

bəzən yumruq qaldırır,

bəzən çökür diz,

elə hoqqalar çıxarır,

başımızda tüklər

dayanır biz-biz...

 

...biz də Məlikməmmədi yaradan

xalqın balalarıyıq,

tanıyırıq dünyanı...

bilirik harda gizlənib

daş oynadan, dolu tökən,

tufan qoparan divin canı.

Qarabağ – məhək daşı

 

Əgər düşünsək biz bir azca dərin,

yer üzündə Qarabağ

bir məhək daşıdır

Xeyirlə, Şərin.

 

...zıbarıb durubdu Şərin balası,

deyir ki, mənimdir

bu cənnət Qarabağ, Şuşa qalası.

 

ona qahmar çıxır Şərin bicləri,

dünya gücləri...

özləri bilə-bilə ki,

haqqı deyən kimdi, nahaqq olan kim!

 

axı qəlblərinə, vicdanlarına

şərin fətvasıdı indi baş hakim...

 

hər vaxt ortadadır ap-aydın tarix,

daşı da dindirsən şahidlik edər,

Şərzadə nadana ha söylə bunu,

hiyləylə baxacaq, göz süzdürəcək,

nə qədər danışsan, olacaq hədər.

 

...yer üzündə Qarabağ

bir məhək daşıdır

Xeyirlə, Şərin.

bir-bir seçir indi, tanıdır indi,

dünyaya deyir ki, tanıyın, bilin

tarixdə hər kəsə göstərir yerin...

 

nadan Şərzadələr unudublar ki,

Bir adil Allah var, adil mizan var,

Xeyri də Şəri də dəqiq yazan var...

təkcə o dünyada deyil cəhənnəm,

yer üzü özü də haqq-ədalətin

tez olsun, gec olsun - cəza meydanı...

buna ki, misallar ulduzlar sanı.

 

...Sən ey, qürur ilə güclüyəm deyən!

güc haqdan gəlmirsə, şər aldanışı,

sən hələ naşı...

inan, uzaqda yox, lap bu yaxında

başına yağacaq ədalət daşı...

Qaç burdan xain düşmən

 

Xain düşmən, top-tüfəngdən də əvvəl

Azərbaycan qudrəti var qarşında.

İnşAllah o səni məğmun eyləyib

Hər məkrini çatladacaq başında.

 

Tez ol, durma, rədd ol mənim yurdumdan,

Torpağımdan sənə qismət, qəbirdi.

Ədaləti əldən verməz yaradan

Mənim səbrim - nifrət dolu səbrdi.

 

Vətənim uğrunda davadayam mən

Sənsə başqasının əlində maşa.

Vicdanı, qibləsi olan kəs hökmən

Xeyir-dua verəcək bu savaşa.

 

Daşının üstündə daş qalmayacaq,

Əgər sən geciksən, yubansan burda.

Gözünün üstündə qaş qalmayacaq

Qismət olmayacaq sənə heç gor da.

 

Xain düşmən, top-tüfəngdən də əvvəl

Azərbaycan qudrəti var qarşında.

İnşAllah o səni məğmun eyləyib

Hər məkrini çatladacaqbaşında.

9 may

 

9 maydı bu gün -

adı qələbə günü...

çırtma vurub oynama,

qırma zalım, könlümü...

 

o vədə

vətəni tarimar olan,

parça-parça dağılan,

yadların əlində qalan torpaqlarımızı

əsirlikdən almalı olan gənclərimizi

apardılar qorusun

Sovetlər ölkəsini,

Kremlin diktəsini....

 

getdilər, döyüşdülər,

bu qələbə uğrunda

mərdanə vuruşdular,

şəhid düşdülər...

 

SSRİ – ni qoruyanlara

icazə verilmədi

öz yurdunu qorusun,

həqiqi qalib olsun!

yenə də kəsə-kəsə

torpağından aldılar,

xeyli məmnun qaldılar....

 

igidlərimizin qanları töküldüyü,

qoruduqları torpaqlarda,

qoruduqları insanların nəvələri

1990-da, 20 yanvarda

qanımızı tökdülər torpağımıza...

 

adı qələbə günü olan 9 may,

halal bayramımızdı,

qələbənin al bağrağınakı rəng

həm də bizim qanımızdı....

o vədə tən-tənə içindəydi

yurdumuzda hər yan...

 

indi

sevincimiz qalxdıqca əlvan-əlvan,

damarlarımızda, qəlbimizdə

dilə gəlir qan...

öz qələbə gününü

bayram etməlidi Azərbaycan!

ən güclü silahımız

 

dövranın yenidən

nizamlanan vaxtıdı,

vətənin sabahının

yağılar məclisində

planlanan vaxtıdı...

 

kəskin döyüş gedir bu yer üzündə.

çox yerdə

nalə burulğanı, qan burulğanı...

iblis hiylələrinin, ülgülərinin

yox hesabı, sanı...

 

kim ki, kamildi peşəsində,

nəfsi tabedi qeyrətinə,

əməli qüdrət verir

vətənin qüdrətinə,

hünər adlı silahı

qəlbində, əlindədi...

vətənin keşiyindədi...

 

yarımıcıq hər peşəmiz

düşmənin arzusudu,

min əndişədi

qırıq şüşədi...

dağılıb axıdır öz qanımızı...

 

ən güclü silahımız

kamilliyimizdədi...

 

ey güc mərkəzləri!

ey güc mərkəzləri!

ey özünə güclüyəm deyənlər!

baxın əməllərinizə...

yer üzü qorxa-qorxa baxır sizə!

 

hələ başınız havalıdı

bir dolaşıq fəlsəfənin içində,

şeytana sevdalıdəli biçimdə,

gözünüz dolu qan,

yer üzünün puluna, malına heyran....

utanmadan, Allahdan qorxmadan

canını aldığınız yer üzü...

ananızdı... anamızdı...

dəli qardaşlar, havalı qardaşlar!

üstünə bombalar yağan, canını aldığınız,

hiyləylə kəsdiyiniz başlar

ananızın başıdı, anamızın başıdı...

 

fitnəylə, fəsadla qollarımı bağlayıb,

ağzımı bağlayıb

üz üstə yıxmısınızyer üzünü!

 

dəli qardaşlar, havalı qardaşlar!

anamız yer üzü

məhv oluryavaş-yavaş...

 

görmürsünüztəbiət dözmür daha,

sizinləbaşlayıb bir müdhiş savaş!?...

sənin də son günündə

özünəsualların olacaq...

ey...ey....

Qarabağdan danışan,

Qarabağın taleyinə

qəvi qurd tək daraşan

növbəti siyasətci,

növbəti diplomat...

 

sənin də öldüyün gün

özünün-özünə

sualların olacaq...

 

zəhmi bağrını yaran

o suallar üzünə çırpılacaq...

bədəndən ayrılan ruhun

çırıl-çırıl yanacaq...

 

hələ bir dur!

yerin-göyün nizamı

bu dünyada da, o dünyada da

sənin ananı ağladacaq,

atanı,

zatını yandıracaq!

 

 

Dua

Yanlış yer üzünü işğal eyləyir,
Allah, yer üzünün köməyinə gəl!
Ümidlər diz çöküb, daha inləyir
Allah, yer üzünün köməyinə gəl!

Əvvəl silahlarla cövlan eylədi,
Ağıllı başları kəsdi, teylədi,
Siyasət onunçün qara hiylədi
Allah, yer üzünün köməyinə gəl!

Xeyir kölə oldu şərin önündə,
Nuru öləzidi hər bir dinin də,
Hamıyla danışdı tamah dilində
Allah, yer üzünün köməyinə gəl!

Qadağan olunmuş meyvələr nəfsdi,
Nəfs bütöv deyilsə, qalan əbəsdi,
Bu dərd çox işığın yolunu kəsdi,
Allah, yer üzünün köməyinə gəl!

Ox, qılınc çevrilib oldu top-tüfəng,
Sonra bombalarla başladı min cəng,
İndisə viruslar artır rəngbərəng
Allah, yer üzünün köməyinə gəl!

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ