SON DƏQİQƏ

KAŞ ANALAR BU CAHANI TƏRK ETMƏYƏYDİ...

Tarix:

13-09-2019, 18:46

/ 2 336 dəfə oxundu.
KAŞ ANALAR BU CAHANI TƏRK ETMƏYƏYDİ...

Rəsmiyyə HEYBƏTAĞAQIZI

Cabir Novruz Mədəniyyət Fondu"nun əməkdaşı

 

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bərinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

C.Cabbarlı

 

Ana!.. Doğrudan da bu üç hərfdə çox böyük mənalar və mətləblər gizlənir. Aydındır ki, müəyyən yaş həddinə çatdıqdan sonra müstəqil həyata qədəm qoyuruq. İlk müəllimimiz, ilk tərbiyyəçimiz valideynlərimiz olur. Ümumiyyətlə, qadın bəşəriyyətə ana və ilk tərbiyyəçidir. Körpəyə beşikdən başlayacaq tərbiyyə verən, dünya işığını bizə görməyə səbəbkar olan varlıq anadır. Hər birimiz Uca Tanrıya, Vətənə, torpağa sevgini ana sevgisindən alıb, bəhrələnmişik. İllər irəlilədikcə bütün aldıqlarımız müsbət keyfiyyətlər insan həyatının göstəricisinə çevrilir. Hər bir kövrək qəlbli qadın ana adlanır.

KAŞ ANALAR BU CAHANI TƏRK ETMƏYƏYDİ...Mənəvi amil çoxcəhətli və geniş olub mənəvi əqidəni, əxlaqi anlayışları, onların bir-birinə uyğun gəlməsini namus, ləyaqət, qürur, ismət, həya və s. məsələləri əhatə edir. Bax, bu qürurverici sözlər ümumilikdə Azərbaycan qadınına yaraşıq verir. Müdriklərimizin sözlərinə istinadən kişi fəhlə, arvad bənnadır, kişi kərpic daşıyır, arvad tikir. Qadın həyalı davranır, özünü ləyaqətlə aparırsa, kişini tərbiyə edir, onu intizama çağırır.

Bizim Nigar cürətli, Həcər qeyrətli Azərbaycan qadınlarımız var ki, neçə-neçə dahilər, liderlər, alimlər, sərkərdələr, Vətəni - torpağı göz bəbəyi kimi qoruyan, yeri gələndə sinəsini sipər edib, "Şəhid" olan mərd oğullar dünyaya gətirib.

Anaların müqəddəsliyini peyğəmbərimiz "Cənnət anaların ayaqları altındadır" deyib. Bax, anaların müqəddəsliyi, paklığı, ucalığı bu ölçüylə göstərilib. Ana əli dəyən hər bir şey gözəlləşir, ətirlənir, saflaşır. Laylalarıyla, nəvazişləriylə, xeyirxah istəkləriylə qəlbimizə səpdikləri xeyirxahlıq toxumlarını biz övladlar cücərdirik. Əgər bu xeyirxahlıqlarla hər bir amalımıza çatırıqsa, bizlər siz analara borcluyuq.

Sizə mətn və iradəli, çox cəfakeş bir ana haqqında söhbət açmaq istəyirəm. On övlad dünyaya gətirib, halal əməyi ilə min bir əzab - əziyyət içində böyüdüb, boya-başa çatdıran "Qəhrəman ana!". Bu gün övladların Vətənə layaqətli övlad kimi yetişməsi üçün fədakarlıq göstərən ana. Anaya bundan gözəl həyat bəxşişi ola bilməz.

Qəhrəman ana çətin və əzablı günlərin acıları ilə çox qovulub, lakin həyat mübarizəsi onu çətinliklərə boyun əyməyə qoymayıb. Hər dəfə

övladlarına Allaha sevgi, Vətənə məhəbbət, böyüyə-kiçiyə hörmət öyrədib. Məhz buna görə də Uca Tanrı bu ananı layiqli övladlar və el sevgisi ilə mükafatlandırıb. Həmişə mərdliklə, cəsarətlə ayaq üstə dayanmağı bacarıb, övladlarına və ailəsinə dayaq olub. Qəlbində illərlə səbr və dözüm yaşadan Nərgiz Xəlil qızı Abdullayeva 84 yaşını doldurmasına baxmayaraq, hər il may ayının doqquzu gələndə uşaqlaşıb kövrəlir. İçin-için sızlayaraq qanlı döyüş cəbhələrindən qayıtmamış atasını, qardaşını, əmisini, dayısını yada salıb, hələ də dərin həsrət içində yol gözləyir.

Böyük Vətən müharibəsi başlayanda Nərgiz Xəlil qızının cəmi beş yaşı vardı. İllər keçsə də ömrünün ixtiyar yaşını yaşayan ana hər dəfə "Şəhidlik zirvəsi"nə ucalmış doğmalarını yada salıb, balaca uşaq kimi için-için sızlayır. Cəmi beşinci sinif təhsili olan kövrək qəlbli, həsrət və intizar baxışlı ana bu yaşa qədər böyük bir "Həyat məktəbi" keçib gəlmiş. Hər dəfə söhbət düşəndə istər övladları, istərsə də ona sual ünvanlayanlara cavabı çox geniş və məzmunlu olur. O, illərin keçib gəlmiş çətinliklərindən, çəkdiyi əzab-əziyyətdən ardıcıllıqla söhbət edir. Sanki həyat boyu yazılmış qalın cildli "Həyat hekayəsi" adlı romanı əzbərləyib. Hətta unutmadan Xızı rayonunun Şıxlar kəndindən Böyük Vətən müharibəsinə gedib özləri yox, qara kağızları gələn Vətən oğullarını bir-bir xatırlayıb, adlarını sadalayır. İndi övladlarına balalarım, siz çox azad və firavan bir dövrdə yaşayırsız. Hər birinizin vəzifəsi yaranan bu şəraitdən səmərəli istifadə etməkdir. Günü-gündən irliləyişlə inkişaf edən Azərbaycanımızı sevin. Dövlət və dövlətçiliyimizə həmişə sadiq olun.

Uzaq-uzaq keçmişin iztirablı, keşməkeşli yollarını alnıaçıq, üzüağ keçib gəlmiş, əllərinin və üzünün qırışlarında, ağarmış saçlarında keçmiş illərinin acılı-şirinli xatirələrini yaşadır. Bakının yüz km-də balaca bir şəhər var. Siyəzən adı verilmiş şəhər. O şəhərdə keçmişlərlə qucaqlaşıb, yumağa dönmüş, dərd-sərini nisgilli ürəyi ilə pıçıldayıb bölüşən ürəyimin bir parçası qalıb - yolumu gözləyən anam qalıb. Haqqında sizə söhbət açdığım anam. Ürəyim bu dünyaya sığmayanda mən o zaman anamla görüşə gedirəm... Nisgilli, qəlbi kövrək, indi də gözləri ata -qardaş intizarıyla yollara dikilmiş həsrət baxışlı anam. Və hər dəfə də düşünürəm ki, ana nəfəsi, ana öyüdü, ana qayğısı olmasa, anamız torpaq bizi qoynunda yaşatmazdı...

Analara çoxlu şeirlər həsr edilib, poemalar yazılıb, anaların şərəfinə mahnılar bəstələnib, əsərlər yaradılıb. Bundan sonra da yazılacaq. Həyat anaların varlığıdır. Analar yaşadıqca dünya yaşayacaq və çalışaq ki, bu dünya həmişə yaşasın. Nurlu, işıqlı, parlaq səhərli bir dünya. Kaş analar bu cahanı tərk etməyəydi...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ