SON DƏQİQƏ
» » Xəstə sağalana qədər həkimin ürəyi ilə yaşamalıdır

Xəstə sağalana qədər həkimin ürəyi ilə yaşamalıdır

Tarix:

24-11-2018, 10:03

/ 11 570 dəfə oxundu.
Xəstə sağalana qədər həkimin ürəyi ilə yaşamalıdır

Xəstə sağalana qədər həkimin ürəyi ilə yaşamalıdır. Mənə həkimliyin incəliklərini öyrədəni valideyinlərimlə bərabər tutacağam.

Hippokrat

 

Kimdir bu eczakar, sehirli, qızıl əllərin sahibi olan insan? Kimdir ona öz canını etibar edib, xəstəni ölümün pəncəsindən qurtarıb, yenidən dünyaya bəxş edən insan? Qırılmaqda olan bir ömrü yaşatmaq ümüdsiz insanı qanadlandırır. Yaşamaq döyüntüsü dayanmaqda olan qəlbi döyündürən insana dahi desək yanılmarıq. Bütün bunların bir cavabı var. Azərbaycan Respublikasınn tanınmış şəxsiyyəti, professor Bəybala Xütkar oğlu Abbasov.

Bəybala Abbasov 1923-cü ildə Siyəzən rayonunun Zəngərli kəndində anadan olmuşdur. 7 illik təhsilini doğma kəndində almış, sonra isə ailəsi ilə birlikdə Bakıya köçərək 132 saylı orta məktəbdə oxumuş və oranı fərqlənmə atesstatı ilə bitirmişdir. Bəybala Abbasovun  atası Xütkar Abbasov 1942-ci ilin avqust ayının 23-də böyük Vətən Müharibəsinə könüllü olaraq getmişdir. “Kiçik torpaqda” vuruşma zamanı kürək nahiyəsindən yaralanır. Bir müddət onu Hərbi Qospitalda müalicə edən həkimlər arxa cəbhəyə getməsini məsləhət görürlər. Lakin Xütkar kişi cəbhəyə gedir və ilk oğul övladı olan Bəybalaya cəbhədən məktub yazır. Məktubda xahiş edir ki, oğlum sən hökmən həkim olmalısan. Mən burada həyata həkimlərin sayəsində döndüm. Oğul, arzum budur ki, səndə oxuyub cərrah olasan. Sanki Xütkar kişinin ürəyinə dammışdı ki, bu oğluna sonuncu vəsihət məktubu olacaq. Xütkar Abbasov 1943-cü il sentyabrın 19-da BVM-də gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olur.

Şəhidlik zirvəsini fəth edən atanın arzuları həyata keçir. Abbasov Bəybala Xütkar oğlu 1944-1949-cu illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-proflaktika fakültəsində təhsil alır. O, istedadlı tələbə kimi müəllimlərin diqqətini cəlb etmişdir. İnstitutu bitirdikdən sonra cərrahlıq üzrə 6 aylıq təkmilləşdirilmə kursu keçmişdir.

Bu müddət ərzində görkəmli Azərbaycanlı professor, Həkimləri Təkminləşdirmə İnstitutunun rektoru Əziz Əliyev, akademiklər M.M.Mirqasımov, professorlar Z.M.Məmmədov və K.R.Qurbanov gənc cərrahın elmdə və təhsildə istedadını, səylərini yüksək qiymətləndirərək ona müdrik məsləhətlər vermiş və istiqamətləndirmişlər.

Azərbaycanlı alimimiz ürək-damar cərrahiyyəsinin əsaslarını qoyanlardan biri olur. Çox keçmir ki, tanınmış cərrah məhşurlaşır, xalq içərisində xəstələrin ümid yerinə çevrilir. Günü-gündən nüfuzu artan Bəybala Abbasov həm də qohumcanlı idi. İlyas Xətai ilə qohumluq əlaqələri çox sıx idi. Bir gün professor dayımdan Nərgiz bacım necədir deyə anamı soruşur. Səhətinin yaxşı olmadığını eşidən professor təcili olaraq anamı Bakıya gətizdirib müayinə və müalicə edir. Böyük-kiçik, kasıb-varlı ayırmazdı. Bu xeyirxahlığı mənim uşaq ikən xatirəmdə həkk olundu. Xəstələri sevə -sevə müalicə edirdi. Bax, böyüklüyü də bunda idi. Vətənini, xalqını sevən, ona ürəkdən bağlı olan cərrah idi. Onun xəstələrlə münasibəti xəstəni müsbət enerji ilə yükləyirdi. İnsanı ölümündən sonra yaşadan onun əməlləridir. İnsan dünyasını dəyişsə də, lakin insanlığı ölmür əbədi olaraq yaşayır. Yaddaşlardan silinməyən izlər qoyan “Qızıl əllər”in sahibi professor Bəybala Abbasovu hər zaman ailəliklə qürur hissi ilə yad edirik.

Elm, səhiyyə və təhsil sahəsindəkli səmərəli fəaliyyətlərinə görə professor Bəybala Abbasovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli alim “Şöhrət” ordeninə, “Səhiyyə əlaçısı” döş nişanına, Respublikanın Əməkdar elm xadimi və Əməkdar həkimi fəxri adlarına, Prezident təqaüdünə, həmçinin üç medala, Səhiyyə Nazirliyinin fəxri fərmanlarına və s. layiq görülüb. Bunlarla yanaşı xalq şairimiz Cabir Novruz, Xəlil Rza Ulutürk, İlyas Xətai, Müşfiq Cabiroğlu, Gültəkin Əliabbasqızı professorun yaxşı əməllərini qiymətləndirərək ona poemalar və şeirlər yazmışlar.

Dünya miqyaslı ürək-damar həkimi, tanınan professor Bəybala Abbasov 16 fevral 2012-ci ildə gözlərini əbədi yumaraq 89 yaşında cismən bizdən ayrıldı.

Xeyirxah əməlləri ilə demək olar ki, çoxlarının hörmət və məhəbbətini qazanan Bəybala Abbasov Azərbaycan xalqının, tələbələrinin, qohumlarının qəlbində həmişə yaşayacaq, əbədiyaşarlıq qazanan “dahi”lər kimi.

Azərbaycan Tibb Universitetinin (ATU) cərrahiyyə korpusunda Universitetin rəhbərliyinin və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkil etdiyi Bəybala Abbasovun 95 illik möhtəşəm yubiley gecəsi keçirildi.

Tədbiri Ümumi Cərrahiyyə Kafedrasınn müdiri, tibb elmləri doktoru Elçin Ağayev açdı. Sonra tibb elmləri doktoru, prof. Cabbar Hacıyev, tibb elmləri doktoru, prof. Çərkəz Cəfərov, Universitetin həkimi-şairə Vəfa xanım, “Cabir Novruz” Mədəniyyət fondunun prezidenti, professor Cavanşir Qurbanov professorun elmi işlərindən, insani keyfiyyətlərindən geniş şəkildə çıxış etdilər.

Tədbirin sonunda professorun oğlu İlham Abbasov atası haqqında geniş çıxış edərək qürur hissi ilə tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Nüfuzlu alim, qayğıkeş müəllim, şəfqətli həkim kimi tanınan Bəybala Abbasovun xatirəsi onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaq.

 

Rəsmiyyə HEYBƏTAĞAQIZI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ