SON DƏQİQƏ

Mikayıl Müşfiq adıyla tarix yaşandı

Tarix:

7-11-2018, 17:44

/ 11 451 dəfə oxundu.
Mikayıl Müşfiq adıyla tarix yaşandı

Prezident İlham Əliyevin 17 may 2018-ci il tarixli sərəncamına uyğun olaraq paytaxt Bakı olmaqla respublikanın bütün bölgələrində Azərbaycan xalqının nakam və sevimli şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunub. Bu baxımdan da Bakının 100 kilometrliyində yerləşən Siyəzən şəhərində Mikayıl Müşfiq adıyla tarix yaşandı.

Tədbiri Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli orta məktəbin direktoru, Prezident təqaüdçüsü Nəciməddin Mürvətov açdı. Akademiklər, alimlər, mədəniyyət işçiləri öz ürək sözlərini sevinc hissi ilə Müşfiqsevərlərə çatdırdılar. Mədəniyyət evinə o qədər Müşfiqsevərlər toplaşmışdılar ki, izdihama hamı heyranlıqla tamaşa edirdi. Qədirbilən Azərbaycan xalqı sənətə və sənətkara böyük qiymət verməklə qürur hissi duyurdu. Bölgələrdən gələn qonaqlar, toplaşan şəhər əhalisi Müşfiqə olan sevgisini bölüşmək üçün gəlmişdilər. Onlar özlərini nakam, sevilən həmişəyaşar Mikayıl Müşfiqin anası, bacısı, qardaşı, qohum-əqrəbası hesab edirdilər. Şairin ruhu şad olurdu bu səmimiyyətə, bu sevgi axınına.

Səmimi çıxışların ardı-arası kəsilmirdi. Məktəblilər şairin şeirlərini qürur hissi ilə söyləyirdilər. Mikayıl Müşfiqin sözlərinə yazılmış mahnıları Əməkdar artist, bəstəkar Elza Seyidcahan, aparıcı-müğənni Rəşad İlyasov, xanəndə Mirələm Mirələmov və başqaları şövq ilə oxuyurdular. Gözəl qiraətçimiz, Əməkdar artist C.Cabbarlı mükafatına layiq görülmüş Hüsniyyə Mürvətova ahəstə səsi ilə “Yenə o bağ olaydı” şeirini Müşfiqsevərlərə sevə-sevə söylədi.

Çıxışlar bitmək bilmirdi. “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti Cavanşir Qurbanov, Mədəniyyət Nazirliyinin nəzdində yerləşən Mədənişünaslıq üzrə elmi-metodiki mərkəzin şöbə müdiri Sənan Talıbov, Müşfiq nəslinin nümayəndəsi Vahab İsmayılzadə, Mikayıl Müşfiqin portretini çəkib Müşfiq ocağına hədiyyə etmiş rəssam Minayə Dəyanətqızı, bütün ömrünü Mikayıl Müşfiqin tədqiqatına həsr etmiş yazıçı, ədəbiyyatşünas, mərhum Gülhüseyn Hüseynoğlunun yadigarı Toğrul Abdullayev, Xalq artisti, professor Vamiq Məmmədəliyev, Kamança ustadı Şəfiqə Eyvazova, filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Əməkdar jurnalist-aparıcı Qafur Əsgərzadə və digərləri öz fikirlərini, bildiklərini geniş şəkildə Müşfiqsevərlərlə bölüşdülər.

Həqiqətən də möhtəşəm yubiley gecəsində Siyəzən şəhərində yaddaşlardan silinməyən Mikayıl Müşfiq adı ilə bir tarix yaşandı.

Mikayıl Müşfiq günlərinin davamı olaraq bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın açılış etdiyi Maştağa Mədəniyyət Mərkəzində Sabunçu rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin 9 saylı filialı ölməz şairimizin 110 illik yubiley tədbirləri çərçivəsində “Vətən üçün yaşayan, Vətən üçün ölən, səmimi bir insan nə bəxtiyardır” adlı bədii bir gecə keçirilmişdir.

Tədbirdə Respublikamızın yuxarıda adlarını qeyd etdiyim əsrin dəyərli ziyalıları iştirak edirdilər. Tədbirdə Müşfiqin sözlərinə bəstələnmiş “Həyat sevgisi”, “Ürək”, “Səni gözlər”, “Qurban olduğum”, “Sənə qurban” mahnıları müğənnilər Rövşən Əziz, Məmməd Nəcəfov, Rəvan Qocayev, Şərqiyyə Pirimova, Mircəlal Babayev tərəfindən oxunmuşdur. “Oxu tar” şeirinə yazılan musiqini tarzən Saleh Salahov ifa etmişdir.

Tədbirdə şairin “Ana”, “Səndən küsmərəm”, “Həyat sevgisi”, “Yenə o bağ olaydı” şeirləri məktəblilər tərəfindən məharətlə səsləndirildi.

 

Tədbirin təşkilatçısı Firəngiz Salmanova "İdeal Sülhün Təbliği fondu"nun təsisçisi Hacı Əlikram Müzəffərli tərəfindən "Uluslar arası barış elçisi" diplomu və Mədəniyyət Fondu tərəfindən “Cabir Novruz” diplomu ilə təltif edildi.

 

 

Mikayıl Müşfiq adıyla tarix yaşandı

Mikayıl Müşfiq adıyla tarix yaşandı

 

 

Mikayıl Müşfiq adıyla tarix yaşandı

 

Mikayıl Müşfiq adıyla tarix yaşandı

 

Mikayıl Müşfiq adıyla tarix yaşandı

 

Mikayıl Müşfiq adıyla tarix yaşandı

 

 

 

 

 

 

 

Rəsmiyyə HEYBƏTAĞAQIZI

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ