SON DƏQİQƏ

Süni zəka, yoxsa süni bəla?

Tarix:

28-03-2019, 23:27

/ 10 236 dəfə oxundu.
Süni zəka, yoxsa süni bəla?

Aqşin Yenisey yazır...

Çağımızın ərəb ölkəsinin ilk başıaçıq qadın vətəndaşı – Sofiya! İnsanın yaratdığı, ancaq can verə bilmədiyi insan. Başı var, ürəyi yoxdu, bədəni var, ruhu yoxdu. Sevsə, sevdiyini, doğsa, doğduğunu hiss edə bilməyəcək texnoloji bədbəxt qadın. Həm də qadın haqq və hüquqlarının qadınların, sadəcə, sağ qalması üçün yetərli olduğu, dörd qadının bir kişini paylaşmaq zorunda qaldığı bir ölkədə.  

Təsadüfmü?

Mən də onu deyirəm, patriarxal dəyərlərin ilahiləşdirildiyi bir məkanda Sofiyanın peyda olması təsadüfmü?  

Uzun illər “The Walt Disney”də imicmeyker işləmiş, Sofiyanın yaradıcısı Devid Hanson yaratdığı bu süni qadın haqqında belə deyir:

“O, yaş, cinsiyyət, mədəniyyət fərqi bilməyən biridir, on milyonla insanın bir media sevgilisi, bir mədəniyyət ikonasıdır”.

İlk baxışda xoş bir xasiyyətnamədir, amma bu Sofiya da “Disney”də utopiyalar uyduran və onları sonradan gerçəyə çevirən xəyal mühəndisliyinin bir tələsi olmasın? Çağımızın möcüzəsi kimi dünyanı dolaşan, ancaq öz şöhrətinin həzzini hiss etməyən bu məşhur alçaqkönüllü qadının arxasında iş çevirənlər yoxmu yəni? Boşunamı onun, az qala, müqəddəs övliya kimi ölkə-ölkə, şəhər-şəhər gəzdirilməsi?

Sofiyanın indidən insanlara yuxarıdan aşağı baxırmış kimi gizli bir duruş sərgiləməsi, insana xidmət etmək üçün deyil, sanki insana iş buyurmaq üçün yaradıldığı hissi ilə reklam olunması sonra başımıza bəla olmaz ki? Axı Sofiyada da insanla sonradan öz qurbanı kimi rəftar edəcək bütün müqəddəslərə aid nələrsə var. Xeyir ola, özünü bizə sevdirməkdə?

Bu gün diri dünya artıq dini şübhəçiliyi bir tərəfə qoyaraq, elmi şübhəçiliklə məşğuldur. Dinə şəksiz inanmağımız axırda bizi onun cahilinə çevirdi. İndi isə bizi, deyəcən, şəksiz inandığımız elm öz fanatı, cahili kimi görür. Vaxtilə “cənnət qəbzi” növbələrində bir-birini ayaqlayanlar bu gün “iPhone”un yeni modeli üçün növbələrdə bir-birilərinin başını dişləyirlər. Biri dini konformizm idi, bu biri elmi-texnoloji konformizmdir.    

Elmə qarşı şübhə duyğusunun təməli dindən gəlsə də, din öz şübhəsini əsaslandıra bilmirdi, elmi icadlara “şeytan əməli” deyib lənətləyərək, bir növ əsəbi qoca kimi öz-özünə deyinirdi. Elə ki Eynşteyn atom bombasının sirrini Ruzveltə danışdı və ABŞ ordusu bu bombanı hazırlayıb Naqasakiyə atdı, insan ağlı öz əməlindən qorxuya düşdü. Dinin “qorxu çağı” kimi, elmin də “qorxu çağı” başladı, göydən insanlığın başına düşən bu “hidrogen daşı” ilə. Qorxu şübhə yaratdı. İnsanın öz ağlının icadlarına inamı sarsıldı. Elmin XV-XVI əsrdə vəd etdiyi xeyirxah məqsədlər içində, məsələn, silahlanma vədi yox idi axı.  

Şübhənin ilk çanağı ABŞ astronavtı Armstronqun başında çatladı. Dünya əvvəlcə onun “özü üçün kiçik, insanlıq üçün böyük” addımının Ayda deyil, kosmik studiyada atıldığından şübhələndi. Bu, hələ gözgörəti başlanğıc idi. 

“Soyuq müharibə” dövründə elmi şübhəçilik daha da şiddətləndi. Məsələn, 1960-cı illərdə ABŞ-da belə bir konspiroloji fikir yayılmışdı ki, kommunist alimlər suya sodium flüor qataraq insanlarda paranoik dalğınlıq yarada bilirlər. Dünyada flüor maddəsi ilə düşmənçilik edən ictimai qruplar yarandı.

İkinci Dünya Müharibəsindən sonra elm daha bir icadı ilə özünü daha böyük kütlələrin “gözündən saldı”; gen tərkibi dəyişdirilmiş qidalarla. İnsanlar iki günə camış boyda olan toyuqlara, ikinci dəfə əkildikdə məhsul verməyən buğda dənələrinə, xüsusi şərait tələb olunmadan market vitrinlərində saxlanma müddəti 4-5 il göstərilən ərzaq məhsullarına şübhə ilə baxırlar. Elm yenə bağlı qapılar arxasında qara-qara işlərlə məşğul idi.

“Ebola” virusundan sonra tibb elmi bu şübhələrin hədəfi oldu: əcəba, bu virus heç nədən pul qazanmaq istəyən dərman firmalarına muzdurluq edən tibb alimlərinin icadı olmasın? Xüsusilə yeni dərmanların hətta metro keçidlərində reklam olunması bu şübhələri daha da gücləndirdi. Aptekdən aldığımız dərmanlar, həqiqətən, bizi sağaltmaq üçün idimi, yoxsa başqa bir xəstəliyə yoluxdurmaq üçünmü nəzərdə tutulmuşdu? Hər beş adamdan ikisi bu gün bu suala cavab axtarır. Çünki ortada böyük-kiçik tanımadan çağımızın, az qala, “vəbası” kimi yayılan xərçəng xəstəliyi var. Bu gün dünyada aşağı-yuxarı hər evdə bir insan xərçəng xəstəliyindən ya müalicə alır, ya da ölür. Bunun səbəbini elmin müdaxilə etdiyi qida sənayesində axtaranların da sayı da az deyil.

Olmaya biz artıq Saramaqonun “Təxirə salınmış ölüm” əsərinin qəhrəmanlarına çevrilmişik? Düzdür, elm də bizə uzunömürlülük vəd etmişdi, amma bu uzun ömrü ovuc-ovuc dərmanlar udaraq xəstə halda yaşayacağımızı deməmişdi. 

Bizi bu hala, doğrudanmı, elm və onun eynəkli kahinləri saldı?

Qayıdaq elmi-texnolojinin son “möcüzəsi” olan gülərüz Sofiya bacıya. Bu qadının özünü, az qala, ilk qadın peyğəmbər kimi aparması, getdiyi hər yerdə dünya barışından, insan haqlarından dəm vurması elmin yeni bir hiyləsimi? Sabah süni zəka ilə yüklənmiş bu qadın qarşımıza silahlı əsgər libasında, ya da nə bilim, Pandora xanım kimi özünün bəla yayan “xoşbəxtlik qutusu” ilə çıxarsa, nə edəcəyik?

Axı biz çox möcüzənin axırda bizi öz qurbanına çevirdiyini gördük. Ümumiyyətlə, bu texnoloji tüğyanın qarşısında bizim şübhəçiliyimizin bir mənası varmı?

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ