SON DƏQİQƏ

Cızma-qaraların gurultulu tərifi alnımıza yazılıb?

Tarix:

14-01-2018, 21:23

/ 4 052 dəfə oxundu.
Cızma-qaraların gurultulu tərifi alnımıza yazılıb?

Dəyərli ziyalılar, əziz azərbaycanlılar və ana dilimizin qayğısına qalanlar!

Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq! Siz istənilən peşəkar psixoloqa müraciət etsəniz, orfoqrafiyadakı dəyişikliklərin insan beynində nə kimi mənəvi-psixoloji travmalara səbəb olduğunu bilərsiniz. Çətin də olsa, özünüzü toparlayın, fikirlərinizi qeyd edin ki, mənən rahat olasınız! Düzdür, hamınızın daha vacib işləri vardır. Bilirəm ki, bu söhbətlər ortalığa gələndə əsəbləriniz tarıma çəkilir. Siz tələb edə bilərsiniz ki, taleyüklü dilçilik problemlərinin yığılıb qaldığı, yazılmış və yazılmaqda olan, dövlətə və millətə 1 qəpiklik xeyri olmayan tamamilə mənasız, səhv və yanlış dissertasiyaların, kitab və monoqrafiyaların ört-basdır edildiyi, yaxud tərifinin göylərə qaldırıldığı halda nə istəyirsiniz bu orfoqrafiyadan? İctimaiyyəti təşvişə salmağın nə mənası? Dilimizin və xalqımızın tarixini özündə əks etdirən xarici dilllərdə yazılmış və araşdırılmasına ciddi ehtiyac duyulan yüzlərlə fundamental əsərlər qalıb tarixin arxivində və heç kəs özünü işə vermək istəmir. İctimaiyyətin başını belə mənasız və çaşdırıcı işlərlə xarab etməklə heç bir uğur qazanmaq olmaz. Məgər indiyədək "metafora", yaxud "əsgər" yazılıbsa, idrakımız tərs fırlanıb? 
Ulu öndər Heydər Əliyev deyirdi: "İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, YÜKSƏK SƏVİYYƏLİ YAZI NORMALARI VARDIR". 
Dahiyanə deyilmiş bu fikir həmişə aktuallığını qoruyub saxlayacaqdır. Təsəvvür edin, 2004-cü ildə "metafora", 2013-cü ildə dəyişib "metafor", 2018-ci ildə isə yenidən "metafora" yazırlar (Bu nümunə aysberqin yalnız görünən tərəfidir). Belə təfəkkür sahibləri dövlətdən çox şey alıblar, bu rüsvayçı işlərinin müqabilində hələ yenə də ummaqdadırlar. 
PS. Dilimizlə, tariximizlə bağlı arxivlərdə yatmış mötəbər mənbələri ermənilərmi araşdıracaq? Kəsalət, tənbəllik, tüfeylilik, elmsiz cızma-qaraların gurultulu tərifi, doğrudanmı, alnımıza yazılıb? Bu halımızla belə asanlıqla barışırıqmı?

İdris Abbasov

Professor

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ