SON DƏQİQƏ

Mitinqə hazırlaşan iki düşərgə

Tarix:

21-09-2017, 08:44

/ 1 318 dəfə oxundu.
Mitinqə hazırlaşan iki düşərgə

Kütləvi aksiya elanının hakimiyyət dairələrində təşviş, müxalifət camiəsində eyforiya yaratdığı yeni söhbət deyil. Həmişə belə olur. Hansısa siyasi qüvvə mitinq keçirəcəyini elan edirsə, mitinqə qatılacaq müxalifət partiyalarında hazırlıq başlamamış hakimiyyətin antimitinq mexanizmi işə düşür. Mitinqə qarşı təbliğat da başlayır, əməli işlər də. Mitinqə adam toplayacaq “tribuna liderləri”nin öncədən həbs edilməsini səbəbi budur.
Mitinq elan etmiş müxalifət partiyası da kütləviliyi təmin etmək üçün çalışmalara başlayır. Buraya partiyanın üzv və tərəfdarlarının səfərbər olunması, eləcə də mitinqin şüar və tələblərini bölüşən, aksiyaya qoşulmağa meylli olan partiyalarla danışıq aparılması daxildir.
İllərdir, belədir. Hər mitinq-yürüş, piket, nümayiş az qala “ölüm-dirim” məsələsi kimi qəbul olunur. İqtidar dairələri hesab edir ki, bir az boş, yumşaq tərpənsələr, preventiv tədbirlər görməsələr, hər şey nəzarətdən çıxacaq və hakimiyyət əldən gedəcək.
Müxalifət düşərgəsi isə hesab edir ki, bir az da yaxşı səfərbər olunsalar, kütləviliyi təmin etsələr, “çamadan əhval-ruhiyyəsinə köklənmiş və ölkədən qaçmağa hazırlaşan iqtidar komandası”nın sonu çatacaq.
Uzun illərin müşahidələri göstərir ki, hər iki tərəf öz düşüncələrində ifrata varır. Çünki mitinq heç vaxt permanent xarakter almır, sadəcə, kəskin tənqidi, bir-birini təkrar edən çıxışlar olur, sonda qətnamə oxunur, hamı dağılışır.
Adətən mitinqdən sonra hər kəs özünə gəlir, qorxuya düşənlər rahatlaşır, eyforiyaya qapılanlar məyus olur. Bir neçə gün də mitinqə gələnlərin sayı ilə bağlı mənasız mübahisə başlayır. Bir tərəf iştirakçıların sayını yeddi dəfə azaldır, o biri tərəf də, aşağı-yuxarı, o qədər artırır. Məsələn, hakimiyyət mitinqə gələnlərin sayını 600-700 civarında göstərirsə, müxalifət mitinqə toplaşanların sayının 10 mini aşdığını bəyan edir. Həqiqət isə ortalarda bir yerdədir.
Əslində mitinqə 700 adam gəlməsi ilə 7 min adam gəlməsinin elə bir fərqi yoxdur. Saya önəm vermək özünütəsəlli aktıdır. Hakimiyyət mitinqə toplaşanların sayını az göstərməklə və ya az hesab etməklə özünü sakitləşdirir ki, ona etiraz edənlər azdır, ciddi qüvvə deyil.
Müxalifət də özünə, ictimaiyyətə göstərmək istəyir ki, “baxın, sıralarımız artmaqdadır, kütləviləşirik, gəlirik”. 
Hər ikisi düşüncə və göstəriş özünüaldatma cəhdidir.
Bir də insanları mitinqə dəvət edənlər və camaatı mitinqə qoşulmaqdan çəkindirənlər kontingenti var. Birincilər mitinqə gəlməyənlərə söyüş qoyur, sosial şəbəkədə təhqiramiz (“mitinqə gəlməyənlər belə-belə olsun” kimi) fikirlər paylaşırlar. İkincilər isə mitinqə gedənlərin siyahıya alındığını, belələrinin cəzadan yaxa qurtara bilməyəcəklərini anons edirlər.
Bu addımların hər ikisi demokratik prinsiplərlə, haqq-ədalətlə bir araya sığan hərəkətlər deyil.
Bu cür aqressiya ilə heç vaxt ölkədə demokratiya bərqərar etmək olmaz. Olsa-olsa, bir zorakı komandanı başqa bir zorakı komanda əvəz edər və bunun xalqa heç bir faydası toxunmaz. 
Təcrübə göstərir ki, bir ölkədə köhnə korrupsionerləri yeni korrupsionerlər, yaşlı saxtakarları cavan saxtakarlar, peşəkarlaşmış cəza ustalarını diletant cəza dəstələri əvəz edəndə ölkənin problemləri həll olunmur, əksinə, yeniləri yaranır. 
“Yaxşı, baxarsınız, hakimiyyət dəyişəndə birinci sizi” deyə yüz cür təhqiramiz hədə yazan, asan-kəsən, repressiya vəd edən adamlar tərəfdar toplamaqdansa, əleyhdar toplayırlar. 
Camaat asıb-kəsənləri çox görüb, görür. Son illərdə başqa ölkələrdə də sağa-sola, hər kəsə təhdid sovura-sovura fəaliyyət göstərən heç bir qüvvəni hakimiyyətə yaxın buraxmırlar. Hamı (hədələnən qruplar) onlara qarşı birləşir və ciddi müqavimət göstərir.
Hakimiyyətə gəlmək istəyən qüvvə özünü maksimum dözümlü, mötədil, qanunpərəst, kinsiz göstərməlidir və həqiqətdə də elə olmalıdır. “Qoy qolum açılsın, sizin hamınızı məhv edəcəm”, deyən qolubağlı aqressorun əl-qol açmasına kim rüsxət verər?
P.S. Gözlənilən mitinqlə bağlı ən unkal məqam 1994-cü ildə baş prokuror olarkən AXC-nin qərargahından silah-sursat tapıldığı və cinayət işi açıldığını bəyan edən Əli Ömərovun bu gün xalqı mitinqə qoşulmağa çağırmasıdır.(YM)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ