SON DƏQİQƏ

Aşıq Hüseyn Bozalqanlı tarixi faktlar fonunda...

Tarix:

15-06-2018, 20:16

/ 12 140 dəfə oxundu.
Aşıq Hüseyn Bozalqanlı tarixi faktlar fonunda...

Aşıq sənəti əsrlərlə ədəbiyyatımızın inkişafında misilsiz rol oynamış, zaman-zaman bu sənətdə görkəmli ədəbiyyat insanları yetişmiş və beləcə ədəbi mühitimizin inkişafında əvəzolunmaz nailiyyətlər əldə edilmişdir. Danılmaz həqiqətdir ki, aşıq sənəti xalq yaradıcılığı kontekstində görkəmli şairlər yetirmiş və həmin insanlar aşıq ədəbiyyatını qoruyaraq əsrlərdən-əsrlərə daşımışlar. Bu baxımdan günümüzdə aşıq yaradıcılığının xalq folkloru olub-olmamağı müzakirə obyektidir.

Professor Məhərrəm Qasımlı “Palitra” qəzetinə verdiyi müsahibəsində buna diqqət yetirərək vurğulayır: “Aşıq sənəti folklor deyil... Daha doğrusu, aşıq sənəti ikisinin (yəni xalq və şəxsi yaradıcılıq) arasında olan bir hadisədir...” (“Palitra” qəzeti, 14 mart 2018, 48 (3104), səh. 7). Bir daha aydın olur ki, aşıq sənətində azman sənətkarlar olmuş, onların yaratdıqları ədəbi nümunələr insanların diqqətini cəlb edərək yaşayır və indən sonra da yaşayacaqdır. Bu baxımdan aşıq sənəti sırf folklor hadisəsi deyildir. Bu gün haqqında danışacağımız ustad aşıqlardan biri, görkəmli sənətkar Aşıq Hüseyn Bozalqanlıdır. Məqaləmizdə aşığın sağlığında ədəbi proseslərdə yaxından iştirakı mənbələr üzrə araşdırılacaq. Qeyd edək ki, araşdırma aşığın ədəbi yaradıcılığı üzrə aparılacaq.

Aşıq Hüseyn Bozalqanlı tanınmış el sənətkarı kimi sağlığında klassikləşən aşıqlardan olmuş, dövrünün qabaqcıl ziyalılarının diqqətini cəlb etmiş, ciddi yaradıcılıqla məşğul olaraq gözəl ədəbi nümunələr yaratmışdır. Onun bir sıra müsbət keyfiyyəti aşığı görənlərin hafizəsində, dövrünün qələm insanlarının xatirələrində günümüzə kimi qorunub saxlanmışdır. Dərin zəkası, biliyi, zəngin mütaliəsi və fitri istedadı ilə dövrünün insanlarından fərqlənmiş, yaratdığı şeirlərlə könüllərdən-könüllərə köçmüş və el sənətkarının şöhrəti Azərbaycanın hər bir yanına yayılmışdır. Bunu sağlığında aşıq özünün “Qırmızı” rədifli qoşmasında vurğulayır:

 

Aşıq Hüseyn, telli sazdır əlində,

Hər suala cavabı var dilində.

Adı bəlli Azərbaycan elində,

Dolanmışam hər obanı qırmızı.

 

Hüseyn Bozalqanlının şeirlərini incələdikcə aşığın ilhamla yaratdığı poeziya nümunələri oxucunu heyrətə gətirir, onun dərin hafizəsinə heyran olur və ədəbiyyat nəzəriyyəsinin incəliklərini dərindən bilməsinin şahidi olur. Bunu sağlığında Səməd Vurğun və digər dövrün qabaqcıl ziyalıları hiss etmişdir. Azərbaycan xalq poeziyasına Aşıq Hüseynin təsirini Səməd Vurğunun dili ilə ifadə etsək daha məqsədəuyğun olardı. “Xalq şairi S.Vurğun həmişə Abbas Tufarqanlıdan, Hüseyn Bozalqanlıdan öyrəndiyini deyir, Qazax aşığı Cambul Cabayevi şeirimizin ağsaqqalı adlandırırdı”. Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folkloruna yeni mövzular, şeir formaları gətirib və böyük bir aşıq məktəbi yaradıb. Şübhəsiz ki, dövrünün qabaqcıl ziyalıları və günümüzün tədqiqatçıları tərəfindən aşığa yüksək qiymət verilməsi təsadüfi deyildir. Aşıq Hüseyn Bozalqanlı mədrəsədə 10 il təhsil almış, zəngin mütaliə ilə məşğul olmuş və əlbəttə ki, İlahinin verdiyi fitri istedad onun sənətdə qısa zamanda yüksəlməsinə səbəb olmuşdur. Aşıq Hüseynin bədahətən şeir deməsi isə dillər əzbəridir. Aşığı görən, onunla ünsiyyətdə olmuş insanların xatirələrində Hüseynin bədahətən şeir deməsi haqqında geniş məlumatlara rast gələ bilirik.

Aşığın zəngin şeir yaradıcılığı və dillərdə gəzən çoxlu şeirinin olması ilə bağlı AYB-in arxivində olan Aşıq Hüseyn Bozalqanlının şəxsi işində yazılıb: “İnqilaba qədər Aşıq Hüseynin şeirləri saysız-hesabsız olub. Onlar vaxtında yığılmayıb, nə yazıya alınmayıb, nə də aşığın yaddaşında qalmayıb”. Səməd Vurğun onun bədahətən şeir deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırıb.

Həmin dövrün qabaqcıl ziyalıları xatirələrində aşıqdan öyrəndiklərini dəfələrlə vurğulayırlar. Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Rahim, Osman Sarıvəlli, Vəli Xuluflu, Cəfər Xəndan və digər tanınmış ziyalılar Hüseyn Bozalqanlı ilə dəfələrlə Tovuzda və digər yerlərdə görüşərək ona bir ustad aşıq kimi böyük hörmət bəsləmişlər. Aşığı bir neçə dəfə ziyalılar Bakıya AYB-ə dəvət etmişlər ki, dövrün ədəbi mühitində yaxından iştirak etsin. Amma Hüseyn Bozalqanlı yaşının çox olması ilə əlaqədar, kənd mühitini çox sevməsiylə bağlı Bakıda qalmamış və el-obadasında keçirilən toy məclislərində fəaliyyətini davam etdirmişdir. Dövrünün nəhəng ədəbiyyat dərgisi olan “Ədəbiyyat və İncəsənət” qəzeti Aşıq Hüseyn Bozalqanlı kimi tanınmış klassik aşığın dəyərini bilmiş və hər zaman öz səhifələrində bu hörməti qorumuşdur. 12 oktyabr 1939-cu ildə “Ədəbiyyat və İncəsənət” (№33 (238)) qəzetində üzü Nizami Gəncəvidən bəri şairlərin şəkilləri verilmişdir. Bu şəkillər içərisində sol tərəfdə Nizaminin, sağ tərəfdə isə Hüseyn Bozalqanlının şəkilləri böyük verilmişdir. Əlbəttə ki, bu şəkil klassik aşıq Hüseyn Bozalqanlıya sağlığında verilən ən böyük qiymətlərdən biri idi. Baxmayaraq ki, qəzetin dərc olunan vaxtdı aşığın oğlu, qardaşı və qardaşıoğlu repressiya qurbanı olmuşdur. Yenə də dövrünün tanınmış ziyalıları aşığa olan böyük hörməti qoruyub saxlayırdılar.

İndi isə “Ədəbiyyat və İncəsənət” qəzetində vaxtilə çap olunan bəzi şeirlərlə oxucunu tanış edək. Həmin şeirlər bir çox tarixi hadisənin öyrənilməsində günümüzdə bizlərə yardımçı olur. 15 yanvar 1938-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində “Deyişmə” adlı şair Osman Sarıvəllinin tərtibi ilə şeir çap olunur.

Aşıq Mirzə:

Sənə qurban olum gül üzlü mələk,

Ceyran tək qarşımdan qaçma ürkərək.

Ver qolunu, qoy dolanaq, qoy gəzək,

Gəl eyləmə naz, başına döndüyüm.

 

Aşıq Əsəd:

Yalvarıram, qoca demə amandır,

Qocalıqda sevmək daha yamandır.

Aşiq könlüm hər fəsildə cavandır,

Qış başına, yaz başına döndüyüm.

 

Aşıq Hüseyn:

Ellərin qüdrəti toplandı məndə,

Dağlar çökər, əgər minsəm səməndə.

Nağıllar, dastanlar çoxdur sinəmdə,

Mən dedikcə yaz, başına döndüyüm.

 

Şair Osman:

Bəzəkli döşündə sədəflərin var,

Simlərin qəlbimə bağlanıb durar.

Sən qırılsan şair könlüm qocalar,

Yaxşı dillən saz, başına döndüyüm.

Aşıq Hüseyn Bozalqanlının isə cavab şeiri “Osmana cavab” adı ilə “Ədəbiyyat və İncəsənət” qəzetində 2 fevral 1938-ci il tarixində çap olunur. Bu şeir olduqca diqqət cəlb edir. Ustad Aşıq Hüseyn Bozalqanlı “Osmana cavab” şeiri ilə şairlərin xarakteristikasını verir. Bu isə Aşıq Hüseynin ustadlığınına bir dəlalətdir.

 

OSMANA CAVAB

Bu qoca aşığı xəstə çağında,

Yad etdiniz siz, başına döndüyüm!

İttifaqa qəbul olduğum gündən,

Saz çalmışam az, başına döndüyüm!

 

Bir cavan şairsən, adındır Osman,

Şirin kəlamını eşitmiş hər yan.

Döşündə el sazı, şeirində sahman,

Qafiyəsi düz, başına döndüyüm!

 

Səməd eşq əlindən minib rəf-rəfi,

Hər şerinə düzər dürr-sədəfi.

Gövhərin mədəni, ləlin sərrafı,

Ərit, safın süz, başına döndüyüm!

 

Gözəl ad qazanıb Cəfəri Xəndan,

Odlar ölkəsindən - Azərbaycandan.

Bir ox çıxan kimi öz kamanından,

Cavab verər tez, başına döndüyüm!

 

Rahimə sənətkar salamımız var,

Şeirində mötəbər, sözündə huşyar.

Sayənizə yığışıbdır aşıqlar,

Bəxtiyarıq biz, başına döndüyüm!

 

Hüseyn qocalıbdır, gözəllər saymaz,

Əsəd tamahını əlindən qoymaz.

Mirzə qəmzə satan gözəldən doymaz,

Hey yetirər göz, başına döndüyüm!

Hüseyn Bozalqanlıya yüksək qiymət verən, ondan ədəbiyyatın incəliklərini öyrənən, aralarında yüksək mehribançılıq olan Səməd Vurğun “Ədəbiyyat və İncəsənət” qəzetinin 1 mart 1938-ci il tarixli nömrəsində “Aşıq Hüseynə” adlı şeiri dərc olunur. Şeir yuxarıda şair Osman Sarıvəllinin “Deyişmə” şeirinin təsiri ilə yazılır.

 

Aşıq Hüseynə

Aşıq Hüseyn, köklə sədəfli sazı

Min cavablı bir sualdan danışaq!

Məclis quraq, söhbət açaq, saz tutaq,

Gül yanaqda, qoşa xaldan danışaq!

 

Qoy söz alım bir günahsız dodaqdan,

Düşmən baxıb həsəd çəksin uzaqdan,

Yar bəzənib, çıxan zaman otaqdan,

Başındakı güllü saldan danışaq.

 

Vurğun deyər bir dərd bilən yar olsun.

Zülfü bulut, ağ sinəsi qar olsun.

Yaxşı gündə, yaman gündə var olsun

Qədir bilən əhli-haldan danışaq.

Şeir Səməd Vurğunun 32 yaşında yazılıb və bu vaxt Hüseyn Bozalqanlının 75 yaşı olur. Səməd Vurğun ustada məhəbbət mövzusunda şeirlə müraciət edərək öz ədəb-ərkanını qorumuşdur. Biz bu şeir və xatirələrdən də görürük ki, Səməd Vurğun Hüseyn Bozalqanlıya yüksək məhəbbəti olub.

“Ədəbiyyat və İncəsənət” qəzetinin arxivini araşdırdıqca Aşıq Hüseyn Bozalqanlı ilə bağlı maraqlı yazılar üzə çıxır. 1938-ci ilin 1 mart tarixində “Ədəbiyyat və İncəsənət” qəzetində Cəfər Xəndanının Aşıq Hüseynə ünvanladığı “Aşıq Hüseyn Bozalqanlıya” adlı şeiri çap olunub. Bu şeirdə yuxarıda şair Osman Sarıvəllinin “Deyişmə” şeirinin təsiri ilə yazılır.

 

Aşıq Hüseyn Bozalqanlıya

Qocalıqdan gileylənmə, ay aşıq,

Kefin olsun saz, başına döndüyüm!

Tökülsün vərəqə sinənin sözü,

Sarı simdə gəz, başına döndüyüm.

 

Sözün inci kimi sapa düzülsün,

Yar sənə can desin, əğyar üzülsün,

Saz çalanda qara gözlər süzülsün,

Qoy eyləsin naz, başına döndüyüm.

 

"Yadındamı aşiq idin Gülxara,

Geyinmişdi zəri-ziba, qülxara"

Zaman keçdi, divan tutdu gül, xara.

Çal sazını, süz, başına döndüyüm.

 

Səməd yardan, Osman güldən danışır,

Rahim dilbər deyir, dildən danışır,

Könül qanadlanıb eldən danışır,

Danış, sən də yaz, başına döndüyüm.

 

Əsəd qocalığı salmayır yada,

Mirzə sevəcəkdir qoca olsa da;

Məhəbbət dəryadır bizim dünyada,

Xəndan deyir, üz, başına döndüyüm.

Yuxarıda “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunan şeirlərlə bağlı Cəfər Xəndanın “Unudulmaz xatirələr” kitabında da məlumat verilib.

Aşıq Hüseyn Bozalqanlı dövrünün tanınmış aşıqlarından biri, aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərlə görüşmüş və onların qabaq-qabağa şeirləşmələri də olmuşdur. Bu haqda tanınmış folklorşünas və Aşıq Ələsgərin ilk kitabının (1934) toplayıcısı H.Əlizadə yazır: "Ələsgər ilə həməsr olan ustad aşıq və şairlər: Göyçəli Aşıq Musa, Aşıq Alı, Aşıq Məmməd, Dərələyəzli Aşıq Qəhrəman, Alçalı Aşıq Məhərrəm, Cilli Şair Aydın, Molla Tağıoğlu şair Məhəmməd və Tovuz (Tavuz) rayonundan Bozalqanlı Aşıq Hüseyn, Yekallarlı şair Nağıdır. Bunlardan Aşıq Qəhrəman, Aşıq Alı, şair Nağı və Aşıq Hüseyn Ələsgərlə deyişmişlər" (Aşıq Ələsgər, 1934, Bakı, Azərnəşr, toplayanı H.Əlizadə, səh.12.). Bu kitabda da deyişmənin bir hissəsi verilib və adını Söyün yazıblar. Həmin kitabın 163-cü səhifəsində deyişmənin altında qeyd kimi yazılıb: “Söyün – Hüseyn deməkdir. Fəqət xalq içində aşıq Söyün kimi tanındığından biz də elə yazdıq. Aşıq Hüseyn Tovuz (Tavuz) və Qazax (Qazaq) mahallarında ən məşhur aşıqlardandır. Geniş tərcümeyi-halı “Koroğlu” kitabında çap olunmuşdur”. 1928-ci ildə Aşıqların I qurultayında bu deyişmənin bir hissəsi oxunub. Aşıq Ələsgərin şəyirdi Aşıq Əsəd Ələsgərin şeirlərini, Aşıq Hüseyn Bozalqanlının şəyirdi Aşıq Mirzə Bayramov isə Aşıq Hüseynin şeirlərini oxuyub. Həmin qurultayın sənədləri indi də qorunurub saxlanılır.

Ustad aşıqların üstün cəhətlərindən biri də zəngin dastan yaradıcılıq qabiliyyətidir. Haqlı olaraq Aşıq Hüseyni dastançı aşıq adlandırırlar. Bu onun dastan yaratmaq qabiliyyətinə görə və dərin dastan bilmə istedadından irəli gəlirdi. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. “Koroğlu” dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu – “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı aparması”, “Koroğlunun vuruşması” və s. qolları Aşıq Hüseynin dilindən yazılıb. Tanınmış alim Vəli Xuluflu ilə Aşıq Hüseyn Bozalqanlının Gəncədə görüşürlər. Vəli Xuluflu Aşıq Hüseyn Bozalqanlıdan “Koroğlu” dastanının iki qolunu yazıya alır. Kitabında yazır: “Mən çalışdım aşığın dialektini saxlayım, təəssüf ki, Gəncə dialektində deyildi”. Bu fakt göstərir ki, Aşıq Hüseyn Bozalqanlı dastançılıqla bağlı folklorçu alimlərin diqqətini cəlb edir.

Biz hələlik Hüseyn Bozalqanlının “Nəriman” dastanından söhbət açacayıq. Dastan həmin dövr üçün olduqca ciddi bir mövzu idi. Çünki Hüseyn Bozalqanlı Nəriman Nərimanovu bu dastan vasitəsilə ilk dəfə olaraq folklora gətirir. Həmçinin bu dastanın yazılması ötən əsrin 20-ci illəri üçün ədəbiyyatda xüsusilə aşıq poeziyasında azadlıq məsələsinin ortaya qoyulması idi. Hətta Şəmşad Rzanın 1987-ci ildə çap elədiyi “Aşıq Hüseyn Bozalqanlı (dastanlar, hekayələr)” kitabının Ön sözündə (səh. 7) yazılır: “Şairi ikinci dəfə həbs edirlər. Tale onu Metex qalasında Nəriman Nərimanovla görüşdürür. Nəriman ona çox hörümətlə yanaşır, hətta şairin həbsdən çıxmasına yaxından kömək edir. Bu təsir sonralar Hüseynin yaradıcılığında öz əksini tapır. Şair ona “Qoca Şərqin Nərimanı gəlirmi?”, şeirni və “Nəriman” dastanını yazır”. Şəmşad Rza bu kitabı çap etdirdikdə Aşıq Hüseyn Bozalqanlının qızı Səhnə (Səkinə) nənə yaşayırdı və şübhəsiz ki, onun atası haqqında olan biliklərindən istifadə olunub.

Aşıq Hüseyn AYB-yə qəbul olunan ilk aşıqdır. O dövr üçün aşıqların fəaliyyətini qiymətləndirən ən yüksək ad Əməkdar incəsənət xadimi idi. Hüseyn Bozalqanlıya Əməkdar incəsənət xadimi adı verilib. Qərar 1939-cu ildə verilir, 1940-cı ildə icra olunur və 1941-ci ildə sənədləşdirilir. Aşığın xəstə olmasına görə adı özü ala bilmir. Sənəd hal-hazırda Nizami adına Ədəbiyyat müzeyində saxlanılır. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub.

Mahmud Əyyublu

AAB-nin üzvü

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ