SON DƏQİQƏ

Dərddən pərvazlanan şair...

Tarix:21-11-2017, 07:59 Oxunub:3 127

 

 

İnsan xəlq olandan əsrlər boyu,

Yaxşını yamana satdı bu dünya.

Həqiqətə inanmadı heç zaman,

Böhtanlar içində batdı bu dünya.

 

            Sücaət Yunus oğlu Əhmədov 4 iyun 1943-cü ildə Kəlbəcərdə dünyaya göz açıb. Atası Yunus Əhmədov Fizika müəllimi olub. 7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır.

 

            Qarabağın sazlı-sözlü məkanlarından biri olan Kəlbəcər rayonu el-oba məhəbbəti qazanan bir çox söz xiridarı yetirib. Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Qəmkeş Allahverdi və başqa şairlər Kəlbəcər yurdunun yetirməsidir. Onların irsi zəngin və şaxəlidir. Bunlarla bərabər şair Sücaətin yaradıcılığıda geniş fəlsəfi-bədii yükü ilə seçilir. Sağlığında şöhrəti pərvazlanan şair olub. Onun şeirləri bədii-poetik məzmuna malikdir. O, şeirləri ilə geniş oxucu kütləsi qazanıb. Şairin yaradıcılığı gələcək nəsil və tədqiqatçıların daim diqqət mərkəzində olacaq.

            El şairi haqqında yazmaq insandan böyük məharət tələb edir. Çünki onların yaradıcılığı vərəqlərdə yox, daha çox elin, obanın ürəyində cəmlənib. Xalq sevdiyi şairi tarixdə həmişə yaşadır. Belə şairlər xalqın dərdinə, qubarına, kədərinə şərik olur. Bir sözlə xalqın görən gözü, danışan dili və vuran qolu olur. Sücaətdə belə əsrarəngiz şair idi. 2008-ci ildə şairin şeirlərinin cəmləndiyi və Millət vəkili Cavid Qurbanovun “Ön söz”ü ilə çap olunan “Sücaəti unutma sən...” kitabı Sücaətsevərlərin ixtiyarına verilərək şairin yaradıcılığını əbədiləşdirdilər.

            Vətən mövzusu yaradıcı insanın ən həssas nöqtəsidir. Dərdin, qubarın, qüssənin meydana gətirdiyi Vətən həsrəti bütün şairləri narahat edib. Vətənsiz şair olmaz. Şairi yaşadan Vətən və xalqdır. Bunlar olmasa şair bütöv ola bilməz. Əgər Vətən yağı tapdağındadırsa, şairlər gecəli-gündüzlü intizarda olar. Onlara bu əzab, zülm aman vermir. Sücaətdə Vətən həsrəti ilə yaşayan, çırpınan şair olub. Bəlkəm onu daha çox tanıtdıran və oxucuya sevdirən bu həsrət idi. Kəlbəcər nisgili Sücaəti hər zaman narahad edib. Bunu şairin yaradıcılığında müfəssəl şəkildə görürük. Şairin “Qalıbdı”, “Yadıma düşübdü”, “Kəlbəcəri hardan alım”, “Çağırır” və s. Vətən mövzulu şeirləri oxucuların dillərində nəsildən-nəslə ötürülərək yaşadılır.

Mən fəxr edirəm ki, kəlbəcərliyəm,

Şairlər yetirən elim var mənim.

Xalqımın incilər xəzinəsində,

Aşıq Şəmşir kimi ləlim var mənim.

            Sücaətin şeirləri içərisində Vətən həsrətini daha müfəssəl ifadə edən, ürək ağrısı və naləsi ilə dilindən ağ kağıza köçürdüyü “Viran olmuş gülşənim ooy...” şeiri daha çox diqqət cəlb edir. Şeirdə Vətənin özünündə yağıların tapdağında ağır günlər keçirdiyini vurğulayır və bu ayrılıq qarşısında dözümsüzlüyünü ifadə edir.

Yağıların ayağının altında,

İnildəyən torpağım ooy... dağım ooy...

Sızım-sızım sızıldayan bulağım,

Viran olmuş gülşənim ooy... bağım ooy...

 

Danışmağa sözü hardan alım mən,

Ağlamağa gözü hardan alım mən?

Qürbət eldə sizi hardan alım mən,

O dağlarda sevinc dolu çağım ooy...

 

Sücaətəm, təpiyifdi dodağım,

Sinəm üstən silinərmi bu dağım?

Yad əllərlə silkələnən budağım,

Tapdalanmış bostanım ooy... tağım ooy...

            Vətən mövzusu ilə paralel olaraq məhəbbət mövzusuda şairlərin yaradıcılığında xüsusi bir çəkiyə malikdir. Məhəbbət, sevgi şairin ilham qaynağıdır. Onlar sevgidən güc alıb bəhrələnirlər. Sevgisiz şairi təsəvvür etmək çox çətindir. Şairlər sevgi ilə yaradır. Sücaət Vətən şairi ilə yanaşı həm də məhəbbət şairidir. Onun şeirlərində məhəbbətin ülviliyi, aliliyi hər zaman hiss olunur. Həmçinin məhəbbətin alovlu közüdə görünür. Sücaət elə bir şairdir ki, o məhəbbətin ülviliyi və alovunu bir bənddə cəmləyə bilirdi.

O yar ürəyimi dağlayan kimi,

Fələk də çalışsa, dağlaya bilməz.

Həsrət ürəyimdə çağlayan kimi,

Sellər də, sular da çağlaya bilməz.

            Şair deyərkən haqqın, ədalətin carçısı göz önünə gəlir. Şair xalqın susmaz dilidir. Sücaət yaradıcılığında haqqın ucalığı, ədalətin tarazlılığı hər zaman qorunub. Şair oxucularıda bu ənənəyə sadiq olmağa səsləyib. “Yaşa ha...” şeirində ehtiyatlı ömür sürməyim vacibliyini öz könülünə xatırladaraq yazır:

Beş-on günlük imkan düşüb əlinə,

Aman könül, ehtiyatlı yaşa, ha!

Pul-hörməti, əqidəni, məsləki,

Bu dünyada çox vurubdu daşa, ha!

            “Olub” şeirində şair öz həyatının haqq-ədalət yolunda keçdiyi ömrü təsvir edib. Vaxtı ilə Sücaət sağlığında bu şeiri hər zaman öz dili ilə səsləndirərdi.

Yaxşı-yaman bilən gündən,

Elin səsi, səsim olub.

Biri haqsız döyüləndə,

Qəlbim əsim-əsim olub.

            Dərd, kədər, qubar şair ürəyinin ömürlük yoldaşıdır. Bu yoldaşlıq şairlərdən əl çəkmir. Bəlkəm də şairləri şair edən bu dərdlərdir. Dərd olmasa şairin yaradıcılığı oxucu auditoriyası cəlb etməzdi. Ürəkləri sirkələdən bu qüssə, qubar şairləri hər zaman yazmağa səsləyib. Sücaətdə isə bu dərdlər sanki üst-üstə toplanmışdı. Ən böyüyü isə Vətən dərdi idi. Buna dözmək olmazdı. Elə dözə də bilmədi. Şairin yaradıcılıq dünyasına səyyahət etdikdə görürük ki, ədalətsizlik, haqsızlıq şairi hər zaman narahat edib. “İndi” şeirində yazır:

Həqiqəti lağa qoyub gülürlər,

Böhtan ayaq açıb yeriyir indi.

Nadanlar dünyada bəzək olubdu,

Ariflər zindanda çürüyür indi.

 

Utanmır, çəkinmir, qorxmur, tələsmir,

Nahaq qan tökənin əlləri əsmir...

Çöpü ağzı polad balta da kəsmir,

Dəmir öz-özünə çürüyür indi.

 

Külü qalıb Sücaətin bağrının,

Səbəbi var qəlbindəki ağrının.

Əyri düzün, oğrudaca doğrunun,

Tutub yaxasından sürüyür indi.

            Birdə şair Sücaətin həyatı öz gözü ilə araşdırıldıqda maraqlı görünür. Bu maraq çox zaman şairin dili ilə xoş təəssüratlarla söylənməyib. Axı şair xoş gün keçirmir. Vətəni işğalda olan şairin xoş günü olmaz.

Taleyim əvvəldən düz gətirmədi,

Bir qəmli nağıldı mənim həyatım.

Fələyin əlindən çıxa bilmədim,

Talandı, dağıldı mənim həyatım.

            O ölümdən qorxmurdu. Ölümə qələbə çalmağı sevirdi. Ölməklə ölümə qələbə çalırdı. Necəki aşağıda bir beytdə qeyd etdiyi kimi:

Arxamca döşünə döyməsin ölüm,

Dünyadan könüllü köçürəm daha.

            Sağlığında el məhəbbəti qazanan, şöhrəti bütöv Azərbaycana yayılan, şeirləri dillərdə əzbər olan, Vətən-məhəbbət şairi, sazlı-sözlü Kəlbəcərin unudulmaz söz sərrafı Sücaət yaradıcılığı ilə əsrlər keçdikcə yaşayacaq. Vətənində vətən həsrəti ilə yaşadı. Bu həsrət ona illərlə əzab verdi. Ürək kədərləndi, göz doldu və dil ağı dedi. Bu gün el toylarında masabəyləri onun adını tez-tez çəkirlər. Xalq Sücaət yaradıcılığını çox sevir. Biz bunu hər zaman görürük. Aramızdan cismi şəkildə ayrı olan Sücaət yaradıcılığı ilə hər zamanla bizlədi. Uca Allahdan şairin yatdığı torpağın nurla dolmasını arzulayırıq. Allah rəhmət eləsin!

 

Mahmud Əyyub

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<