
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Z.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə Əliyeva tibb elmləri doktoru, professor və SSRİ Tibb Elmləri Akademiyasının akademiki kimi titullar qazanaraq həm Azərbaycanda, həm də xaricdə elmi çevrələrdə tanınmışdır. Zərifə xanım uzun illər Azərbaycan Tibb Universitetində pedaqoji fəaliyyət göstərmiş, gələcək həkimlərin yetişdirilməsində mühüm rol oynamışdır. Onun müəllifi olduğu dərsliklər və metodik vəsaitlər bu gün də tibb tələbələri üçün dəyərli qaynaq kimi istifadə olunur.
Zərifə Əliyeva 150-dən artıq elmi məqalənin, bir neçə monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Onun əsərləri təkcə Azərbaycanda deyil, həm də keçmiş Sovet İttifaqı və digər ölkələrdə geniş yayılmışdır. “Diabetik retinopatiya və onun müalicəsi”, “Peşə oftalmologiyası və onun aktual problemləri”, “İş şəraitinin görmə orqanlarına təsiri” əsərləri tibb sahəsi üzrə mühüm əhəmiyyət kəsb edir. Onun elmi irsi oftalmologiya sahəsində aparılan müasir tədqiqatlara möhkəm təməl yaratmışdır. Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Zərifə Əliyeva 1985-ci ildə vəfat etsə də, onun xatirəsi bu gün də yaşayır. Azərbaycanda onun adını daşıyan tibb müəssisələri, məktəblər, küçə və parklar vardır. Zərifə Əliyeva Fondu onun humanist dəyərlərini yaşatmaq və ehtiyaclı insanlara yardım etmək istiqamətində fəaliyyət göstərir. Onun haqqında çəkilmiş sənədli filmlər, yazılmış xatirə kitabları, keçirilən elmi konfranslar bu dahi qadının xatirəsini əbədiləşdirir.
Türkanə Mübariz