SON DƏQİQƏ
» » Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi.

Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi.

Tarix:

26-10-2020, 12:07

/ 3 183 dəfə oxundu.
Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi.

 Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı faydalı əlaqələrin və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi.

         Bu mənada Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və başqa beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı. 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına bərabərhüquqlu üzv olaraq qəbul edilmişdir.

         Bildiyimiz kimi, Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏT-in əsas sənədi olan Helsinki Yekun Aktı (1975-ci ildə imzalanmışdır) ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələrin dinc yolla nizama salınması, daxili işlərə qarışmama, insan hüquqları və fundamental azadlıqlara hörmət və bir neçə digər iştirakçı dövlətlər arasında münasibətlərin rəhbəredici Prinsiplərini əhatə edir. 1992-ci ilin fevral ayından başlayaraq isə Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Artıq 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının birinci əlavə görüşündə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində vəziyyət müzakirə olunmuş və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul olunmuşdur. Lakin son iki ay müddətində Qafqazda baş verən hadisələrə baxdıqda bütün bu sadalanan prinsiplərin, aparılan görüşlərin və imzalanan bəyannamələrin sadəcə formal xarakter daşıdığını və yalnızca kağız üzərində qaldığının şahidi oluruq. Artıq otuz ilə yaxındır ki, bu qurumun heç bir fəaliyyətinin əməli nəticəsini görmürük. İllərdir danışıqlar prosesi uzadıldı, onların göstərdiyi fəaliyyət nə birbaşa, nə də dolayı formada xüsusi cəhdlərlə, addımlarla yadda qaldı.

       Biz humanist bir xalq və dövlət olaraq 30 il səbr etdik və bu 30 il boyunca Minsk Qrupunun fəaliyyətinə ümid etdik. Lakin son illər düşmənin apardığı təxribatlar və bütün dünya dövlətlərinin və birliklərinin buna göz yumması bizə bir daha sübut etdi ki, bu işi biz özümüz tək görməliyik. Və belə də oldu... Artıq Minsk Qrupunun əvəzinə hər şeyi özümüz həll edir, BMT-nin Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini də özümüz icra edirik. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və şanlı ordumuzun ard-arda qələbələri ilə biz öz ərazi bütövlüyümüzü bərpa edəcək və Dağlıq Qarabağ münaqişəsinə bir dəfəlik son qoyacağıq.

         ATƏT-in Minsk Qrupu zamanında səmərəli və operativ işləsəydi, yəqin ki, vəziyyət bu yerə gəlib çıxmazdı. Qəhrəman ordumuz və bu ordunun Ali Baş Komandanı, cənab İlham Əliyev Ermənistana və onun himayədarlarına bir daha anlatdı ki, "kimsə bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilməz, bu torpaqlar bizimdir və bizə qayıtmalıdır".

   Səbinə Əliyeva,

213 №-li məktəb-liseyin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ