SON DƏQİQƏ
» » Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır

Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır

Tarix:

3-10-2020, 10:45

/ 3 306 dəfə oxundu.
Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır

Regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan nüfuzlu təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında əsla maraqlı deyil. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdidə çevrilib.

Belə bir ağır və məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkə prezidentinin Ermənistana və ermənilərə xitabən "Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Sülh danışıqlarını irəli aparmalı və sülh prosesinə təkan verməli olan bir dövlətin münaqişə tərəflərindən birinə - Ermənistana verdiyi dəstək göz qabağındadır və ikili standartlardan xəbər verir. Bu işğalçı Ermənistanı mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdir. Vasitəçilik missiyasını öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalıdır, münaqişənin həllində beynəlxalq hüquqa söykənərək balanslaşdırılmış mövqe göstərməlidir. Münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından asılıdır və hazırkı vəziyyətdə bu, yeganə şərtdir. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin qətiyyətli həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mümkündür.

Abduləzizov Mehman, Neft-Energetika kollecinin direktoru


скачать dle 12.1

Şərhlər