SON DƏQİQƏ
» » “Mənim nəslim dəfələrlə deportasiyaya məruz qalıb” - Qərbi Azərbaycan Xronikası - VİDEO

“Mənim nəslim dəfələrlə deportasiyaya məruz qalıb” - Qərbi Azərbaycan Xronikası - VİDEO

Tarix:

14-08-2023, 21:06

/ 3 366 dəfə oxundu.
“Mənim nəslim dəfələrlə deportasiyaya məruz qalıb” - Qərbi Azərbaycan Xronikası - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı Sahib Alıyev olub.
O, Qərbi Azərbaycanda doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndindən söhbət açıb. Millət vəkili bildirib ki, dünyaya göz açdığı yaşayış məntəqəsi onun üçün bir dünyadır: “Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Aşağı Şorca kəndi mənim üçün gözəl təbiəti olan mistik bir məkan, əvəzedilməz dünyadır. Göyçə mahalı eynən Altay kimi energetikası yüksək olan tarixi yurd yerimizdir”.
Deputat S.Alıyev el-obasının, qohum-əqrəbasının sadəcə Azərbaycana deyil, xarici ölkələrə pərən-pərən düşdüyünü deyib: “Mənim nəslim dəfələrlə deportasiyalarla üzləşib. Sonuncu deportasiyada da ailə üzvlərim böyük çətinliklərlə üzləşib, sarsıntılar yaşayıblar. Mən o zaman Moskvada universitetdə jurnalistika ixtisası üzrə ali təhsil alırdım. Bəzən o günləri düşünəndə özüm-özümü günahkar bilirəm ki, nəyə görə ailəmin çətin vaxtlarında onların yanında ola bilməmişəm, onlara mənəvi dəstək göstərə bilməmişəm. Buna görə özümü günahkar bilirəm. Amma reallıqda bütün bu olanların baiskarı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovda idi. Ona görə də daim onu lənətlə xatırlayıram”.
Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasına, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan deputat vurğulayıb ki, hətta Qərbi Azərbaycanda doğulmayan, oranı bir dəfə olsa da görməyən gənclərimiz də tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar: “Hətta Qərbi Azərbaycanda doğulmayan gənclər də o yerlərin həsrəti ilə yaşayırlar. Qərbi Azərbaycana bağlılığı olan elə bir adam tanımıram ki, oraya qayıtmaq istəməsin. Soydaşlarımız, həmvətənlərimiz mütləq öz yurd yerlərinə qayıtmalıdırlar”.
S.Alıyev bildirib ki, Qarabağdakı haylar bizim ərazimizdə qalıb yaşasalar da, yaşamasalar da, Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar: “Vətəndaşlarımızın geri dönüşü, onların hüquq və təhlükəsizliyinin təmin olunması başlıca şərtdir. Hazırda Ermənistanda xəstə təfəkkürlü bir cəmiyyət var. Sağlam düşünənlər onlar arasında çox azlıq təşkil edirlər və reallığa uyğun danışmağa, hansısa addımlar atmağa ehtiyat edirlər. Amma bilməlidirlər ki, Qərbi azərbaycanlıların geri dönüşü erməniləri üzləşdikləri rəzil durumdan xilas edəcək”.
Beynəlxalq aləmin Qərbi Azərbaycan İcmasının qəbul etdiyi bəyanatlara, atdığı addımlara reaksiyasına münasibət bildirən parlament üzvünün sözlərinə görə, dünya birliyi gücün diktəsini dərk edir: “Bizim güclü dövlətimiz, tarixi torpaqlarımıza xüsusi sevgi bəsləyən müdrik liderimiz var. Dünya birliyi buna hazır olsa da, olmasa da biz o torpaqlara dönəcəyik. Bu, bizim haqqımızdır. Bunu beynəlxalq humanitar hüquq tələb edir. Biz də bu hüququmuzdan istifadə edəcəyik”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ